AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov və institutun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın həmmüəlif olduqları “Elektron tibbdə biometrik texnologiyaların tətbiqi məsələləri” (Application Issues of Biometric Technologies in Electronic Medicine) adlı məqalə “Science Publishing Group” elmi bazasında olan Advances in Bioscience and Bioengineering jurnalında nəşr olunub.
Məqalədə biometrik texnologiyaların elektron tibbdə tətbiqi, istifadə imkanları və perspektivləri təhlil edilmiş, onların üstün cəhətləri qeyd olunmuşdur. Biometrik texnologiyalardan istifadə etməklə səhiyyədə tibbi xidmətin etibarlılığının yüksəldilməsi yolları göstərilmişdir. Həmçinin insan cəsədinin kəlləsi və başının sağ ikən çəkilmiş fotoşəklinə əsasən identifikasiya olunması məsələlərinə toxunulmuşdur.
Qeyd edək ki, Advances in Bioscience and Bioengineering jurnalı “WorldCat”, “Cross ref”, “Universal İmpact Factor”, “AcademicKeys”, “JournalSeek” və s. kimi beynəlxalq elmi bazalarda indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.