Xərçəng şişini məhv edən nanorobotlar yaradılıb

18 Avqust 2016 - 09:00 | Maraqlı məlumatlar
Xərçəng şişini məhv edən nanorobotlar yaradılıb

Monreal Politexnik Universiteti, Monreal Universiteti və Makqill Universitetinin alimləri xərçəng xəstəliyinin tədqiqi sahəsində mühüm irəliləyiş əldə ediblər. Onlar qan vasitəsilə hərəkət edən və dərman preparatlarını şişdəki aktiv xərçəng hüceyrələrinə dəqiq çatdırmaq qabiliyyətinə malik yeni nanorobotlar hazırlayıblar. Bu üsul şişin optimal məhvini təmin edir, yaxınlıqda yerləşən orqan və sağlam toxumaları təhlükədən xilas edir.

hi-news.ru saytının məlumatına görə, alimlərin tədqiqat işindən bəhs edən məqalə “Nature Nanotechnology” jurnalında dərc edilib. Məqalədə siçan üzərində aparılmış tədqiqat işinin nəticəsi təsvir edilib: nanorobotlar dərman preparatlarını kolorektal şişə uğurla çatdırıblar.

Şişin içərisinə daxil olmuş nanorobotlar oksigenlə az təchiz edilmiş şiş bölgələrini aşkar edərək onları dərman preparatları ilə təmin edir.

Qeyd edək ki, oksigenlə az təchiz olmuş bölgələr müalicə metodlarının əksəriyyətinə qarşı dayanıqlıdır.