İnsan dilinin köməyilə kompüterin idarəsi üsulu kəşf edilib

31 May 2016 - 12:00 | Texnoloji yeniliklər
İnsan dilinin köməyilə kompüterin idarəsi üsulu kəşf edilib

İnsan dilinin köməyilə mausun idarə edilməsi fiziki imkanları məhdud insanların kompüterdən istifadəsinə imkan verəcək.

Alabama Universitetinin məlumatına görə, hazırda 250 mindən çox amerikalının onurğa beynində ciddi xəsarət var. Təxminən 118 min nəfərdə əl və ayaqlar iflic olub və kompüterdən istifadə onlar üçün çox çətindir.

hi-news.ru saytının məlumatına görə, bundan əvvəl ixtiraçılar beyin dalğaları və ya göz hərəkətləri vasitəsilə kompüterin idarə edilməsi üçün üsullar təklif edərək fiziki imkanları məhdud insanlara kömək etməyə cəhd göstəriblər. Lakin kanadalı məktəbli qız mausu əvəz etmək üçün daha sadə üsul hazırlayıb.

Okvill şəhərində yerləşən orta məktəbin 12-ci sinfində təhsil alan Emma Moqus ixtirasını “Intel” korporasiyasının beynəlxalq elmi-texniki sərgisində nümayiş etdirib.

Məktəbli qız ixtirasının prototipini sadə elementlərdən hazırlayıb. Qurğunun əsas hissəsi kapadan (idman zədələrindən qorunmaq məqsədilə dişlərə taxılan qurğu) ibarətdir. Kapada ikisi solda, ikisi sağda və biri ön hissədə olmaqla 5 dəlik açılıb və onların hər birinə dillə toxunmaq mümkündür. Hər bir dəliyə təzyiqə həssas çevirici bərkidilib. 4 çevirici kompüterin klaviaturasındakı “yuxarı”, “aşağı”, “sol” və “sağ” düymələrinə uyğundur. 5-ci çevirici mausun klikləmək funksiyasını yerinə yetirir.

Qurğu siqnalları kompüterə kabel vasitəsilə ötürür. Onun təkmilləşdirilmiş versiyalarında siqnalların simsiz şəbəkə ilə ötürülməsi planlaşdırılır.

Sözügedən qurğunun sınaqlarında iştirak edən fiziki imkanları məhdud şəxslər iki dərsdən sonra mətnin yığım sürətini iki dəfə artırıblar.