Müasir dövrdə elmi-texniki tərəqqi biometrik texnologiyaların sürətli inkişafına təkan verib. Biometrik texnologiyaların tətbiqi beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq, habelə silah və narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiyalar kimi təhlükəli fəaliyyətlərin qarşısının alınmasında mühüm rol oynayır.
Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudova institutun 9 saylı şöbəsinin elmi seminarında çıxışı zamanı bildirib. “Elektron kitabxanalarda biometrik texnologiyaların tətbiqi imkanları” mövzusunda məruzəni təqdim edən Ş.Mahmudova qeyd edib ki, biometrik xarakteristikalara barmaq izləri, əlin forması, gözün qüzehli qişası, səsin parametrləri, sifətin elementləri və s. aid edilir. Biometrik texnologiyalardan hökumət səviyyəsində, iqtisadiyyat və elmi-texniki sahələrdə, eləcə də kriminalistikada geniş istifadə olunur.
Onun sözlərinə görə, dünyada eyni biometrik əlamətlərə malik iki insan tapmaq mümkün deyil. Bu baxımdan biometrik texnologiyalardan istifadə olduqca etibarlıdır. Biometrik identifikasiya zamanı məlumatlar xüsusi qurğu və ya skaner vasitəsilə rəqəmsal formaya çevrilir, təhlükəsizliyi təmin edilmiş verilənlər bazasında saxlanılır. İstifadəçi sistemə daxil olmaq istədikdə mikrofon, skaner və ya digər qurğuların köməyilə sistemə şəxsi biometrik parametrlərini daxil edir. Sistem həmin şəxsin biometrik göstəricilərini müəyyən edərək verilənlər bazasındakı məlumatlarla müqayisə edir və bunun əsasında insanın identifikasiyası baş verir.
“Müasir texnologiyaların sürətli inkişafı ilə yanaşı, təhlükəsizlik qaydalarının pozulması halları da artmaqdadır. Bütün müəssisələrdə olduğu kimi, elektron kitabxanalarda da biometrik texnologiyaların tətbiqinə böyük ehtiyac vardır”, – deyə bildirən məruzəçi elektron kitabxanalarda barmaq izləri üzrə identifikasiyanın digərləri ilə müqayisədə bir sıra üstünlüklərə (icazəsiz və ya qanunsuz istifadənin, oğurluq hallarının qarşısının alınması, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması və s.) malik olduğunu söyləyib.
O, dünyanın aparıcı ölkələrinin bu sahədəki təcrübəsindən bəhs edərək Avstraliyanın ən böyük kitabxanası hesab olunan “Oklənd” (Auckland) haqqında məlumat verib. Qeyd edib ki, kitabxanada mərkəzi serverdə xüsusi proqram təminatı, kitabxana əməkdaşları və üzvlərinin verilənləri əsasında təşkil olunmuş verilənlər bazası yerləşdirilib. Bu proqram təminatı vasitəsilə kitabxana əməkdaşları və üzvlərinin identifikasiyası həyata keçirilir. Kitabxanada olan kompüterlər, veb-saytlar, proqram təminatları və korporativ şəbəkələrin idarə edilməsi üçün parollar təyin olunub. Serverdə yerləşən proqram təminatına aid olan “Teller” faylından girişdən keçmək üçün istifadə olunur. Əməkdaşların davamiyyətinə mərkəzi serverdə qurulmuş proqram vasitəsilə nəzarət olunur.
Ş.Mahmudova elektron kitabxanalarda biometrik texnologiyaların tətbiqinin üstünlükləri və çatışmazlıqlarından söz açıb. Bildirib ki, ənənəvi mühafizə metodlarından istifadə zamanı informasiya itkisi baş verə və ya məlumatlar oğurlana bilər. Biometrik identifikasiya isə bu kimi problemlərin qarşısını alır. Şifrədən fərqli olaraq, biometrik əlamətləri itirmək və ya unutmaq mümkün deyil. Biometrik əlamətləri köçürmək, göndərmək və yaymaq mürəkkəb məsələdir. Biometrik sistem iqtisadi baxımdan da olduqca effektivdir.
Bununla yanaşı, biometrik texnologiyalardan istifadə zamanı bir sıra problemlər meydana çıxır. Belə ki, bəzi biometrik texnologiyalar diskriminativ xarakter daşıyır. Biometrik sistemlərdən istifadə etdikdə dəqiqliyi tam qiymətləndirmək mümkün olmur. Bu kimi problemlərin aradan qaldırılması istiqamətində bütün dünyada əsaslı tədqiqatlar aparılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.