AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak edib

18 Noyabr 2015 - 11:00 | Konfranslar, İclaslar

Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetinin (ATU) 45 illik yubileyinə həsr olunmuş “Elm, təhsil və istehsalatın inteqrasiyası: müasir tendensiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Heydər Əliyev Mərkəzində keçirilən konfransın iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Konfransı giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açıb. N.Həmzəyev universitetin kollektivini 45 illik yubiley münasibətilə təbrik edərək bu gün Gəncədə bütün qurumlar kimi ali təhsil ocaqlarının da yeni inkişaf dövrünə qədəm qoyduğunu bildirib. O, Azərbaycan Texnologiya Universitetinin maddi-texniki bazası və kadr potensialının daha da gücləndirildiyini, tədrisin keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlərin görüldüyünü qeyd edib.

Beynəlxalq konfransda universitetin rektoru, professor Akif Süleymanov çıxış edərək 45 il ərzində bu ali təhsil ocağının keçdiyi şərəfli yoldan, onun maddi-texniki bazasının möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin göstərdiyi diqqət və qayğıdan danışıb. O, qeyd edib ki, ATU-nun həm yaranması, həm də keçdiyi inkişaf mərhələləri məhz ulu öndərin adı ilə bağlıdır. A.Süleymanov hazırda 4 fakültədə 21 ixtisas üzrə 2500-ə qədər tələbə və magistrantın təhsil aldığı ATU-nun bu gün həm Azərbaycanda, həm də bütün Qafqazda yeyinti və yüngül sənaye üzrə yüksəkixtisaslı kadrlar hazırlayan əsas ali təhsil ocaqlarından olduğunu bildirib. Rektor universitetdə İKT üzrə kadr hazırlığının da əsas hədəflərdən biri olduğunu söyləyib.

Tədbirdə həmçinin AR Təhsil Nazirliyinin aparat rəhbəri Yaqub Piriyev Təhsil naziri Mikayıl Cabbarovun müraciətini konfrans iştirakçılarının nəzərinə çatdırıb. AMEA-nın həqiqi üzvü Ziyad Səmədzadə, AMEA Gəncə bölməsinin akademik-katibi Fuad Əliyev, AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmləri üzrə fəlsəfə doktoru Vüqar Babayev, Gürcüstanın Beynəlxalq Qara Dəniz Universitetinin rektoru İlyas Ciloğlu, Türkiyənin Yıldız Texniki Universitetinin professoru Hanifi Saraç, Qafqaz Universitetinin rektoru Ahmet Sanıç, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov və digərləri çıxış edərək bu ali təhsil ocağına gələcək fəaliyyətində uğurlar arzu ediblər.

Sonra elm, təhsil və istehsalatın inteqrasiyası sahəsində mövcud olan müasir tendensiyalar müzakirə edilib.

Qeyd edək ki, beynəlxalq tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları – şöbə müdirləri, dosent  Əlövsət ƏliyevFirudin Agayev də iştirak ediblər. Ə.Əliyev “İnformasiya cəmiyyəti şəraitində elm, təhsil və iqtisadiyyatın  inteqrasiya  problemləri  və  istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib. ATU-nun kollektivini 45 illik yubiley münasibətilə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevin və institutun kollektivi adından təbrik edərək onlara gələcək fəaliyyətində müvəffəqiyyətlər diləyib. Əlövsət Əliyev məruzədə hər iki qurum arasındakı birgə fəaliyyətin perspektiv istiqamətlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Konfransda universitetin tarixindən bəhs edən film nümayiş olunub. ATU ilə Gürcüstanın Beynəlxalq Qara Dəniz Universiteti və Türkiyənin Yıldız Texniki Universitetləri arasında əməkdaşlıq memorandumları imzalanıb.

Konfrans öz  işini ölkə rəhbərliyinə müraciətin qəbul edilməsi ilə yekunlaşdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.