AMEA prezidenti: “Milli Elmlər Akademiyası 70 illik yubileyə yüksək səviyyədə hazırlaşır”

06 Noyabr 2015 - 13:00 | Konfranslar, İclaslar

AMEA prezidenti yubileylə əlaqədar mətbuat konfransı keçirib 

Bu gün AMEA Rəyasət Heyətində Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş mətbuat konfransı keçirilib. AMEA prezidenti, akademik Akif Əlizadə KİV nümayəndələrinə yubileyə hazırlıqla bağlı görülən işlər haqda məlumat verib. Öncə AMEA prezidenti dövlət başçısının sərəncamları ilə akademiyanın 70 illik yubileyi ərəfəsində 100-ə qədər alimin dövlət mükafatları ilə təltif olunduğunu söyləyib. Akademiya rəhbəri Azərbaycanın elmi ictimaiyyəti adından prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Bu diqqət və qayğı bizə imkan verir ki, gələcəkdə də islahatlarımızı ardıcıl şəkildə uğurla davam edək”.

Akademiyanın yubileyinə hazırlıq işləri haqqında məlumat verən A.Əlizadə AMEA-nın bütün elmi müəssisə və təşkilatlarında 70 illik yubileyə hazırlıqların getdiyini deyib. “Bununla əlaqədar təşkilat komitələri yaradılıb, AMEA-nın hər bir institutu ilə bağlı videoçarxlar hazırlanıb. 70 illiyə hədiyyə olaraq yeni nəşrlər, yeni sənədli film hazırlanıb, AMEA-nın 15 təsisçi haqqında xüsusi kitab çap olunub. “Akademiya simalarda” kitabında ilk dəfə olaraq AMEA-nın üzvü seçilmiş 450-dən çox alim haqda məlumat əldə edə bilərsiniz”.

Akademik onu da qeyd edib ki, 70 illik yubileylə əlaqədar olaraq çəkilən sənədli film üçün Azərbaycan, Rusiya arxivlərində bir sıra işlər aparılıb: “Nəticədə isə nadir sənədlər və kadrlar aşkar edilib. Həmin sənəd və kadrların hamısı həm kitaba, həm də filmə daxil edilib. Bir sözlə, AMEA yubileyə yüksək səviyyədə hazırlaşır”.

AMEA prezidenti yubiley tədbirinin yaxın günlərdə keçiriləcəyini deyib.

Mətbuat konfransının sonunda akademik A.Əlizadə jurnalistlərin suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.