XƏBƏRLƏR

11218

Elmi-texniki və innovasiya layihələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olundu

14 Sentyabr 2015 - 15:00 | Görüşlər

Sentyabrın 10-da İnformasiya Texnologiyaları İnstitutunda İslam Əməkdaşlıq Ölkələrinin Yüksək Texnologiyaların İnkişafına Dəstək Assosiasiyasının sədri Məcid Zənquyi və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, İnformasiya Texnologiyalarının İstifadəçi və İstehlakçıları İctimai Birliyinin sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Azad Qurbanov ilə görüş keçirildi.

Əsas məqsəd islam ölkələrinin elm və təhsil müəssisələri, o cümlədən informasiya texnologiyaları (İT) sahəsi üzrə ixtisaslaşmış şirkətləri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi, elmi-texniki və innovasiya layihələrinin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin təşkilidir.

M.Zənquyi rəhbərlik etdiyi assosiasiyanın fəaliyyətindən söz açaraq qurumla Türkiyənin Ankara, İstanbul və İzmir şəhərlərinin texnoparkları, sənaye və rabitə nazirlikləri, Qazaxıstanın Almatı şəhərinin texnoparkı, həmçinin Malayziyanın Putra Universiteti ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirdi. Həmçinin Azərbaycanın müvafiq qurumları ilə birgə layihələrin həyata keçirilməsinin zəruriliyini vurğulayaraq yaxın gələcəkdə İran, Türkiyə və Azərbaycanın iştirakı ilə konfransların təşkilinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı.

Sonra AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev elm və təhsilin inteqrasiyasına xidmət edən hər bir elmi-tədqiqat müəssisəsi üçün beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsinin prioritet məsələlərdən olduğunu qeyd etdi. İnstitutun fəaliyyət istiqamətləri haqqında məlumat verən alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi-tədqiqatlar, əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində institutda görülən işlərdən söz açdı. Birgə layihələrdə iştirak və təcrübə mübadiləsinin aparılmasının hər iki qurumun gələcək fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacağını bildirdi.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, bu kimi görüşlərin müntəzəm olaraq keçirilməsinin vacibliyi qeyd olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.