Alternativ autentifikasiya üsulları populyarlaşır

22 İyul 2015 - 09:30 | Maraqlı məlumatlar
Alternativ autentifikasiya üsulları populyarlaşır

“Accenture” şirkətinin tədqiqatına görə, əksər istifadəçilər ad və parollardan istifadədən şikayətlənir və alternativ autentifikasiya üsullarının tətbiq olunmasında maraqlıdırlar.

Ekspertlərin fikrincə, hazırda biometrik autentifikasiya texnologiyalarına potensial tələbat duyulur. İstifadəçilər ənənəvi parolların və PİN-kodların digər autentifikasiya metodları ilə əvəz olunmasını istəyir. Respondentlərin 60 faizi istifadəçi adlarının və parolların narahatlıq yaratdığını bildirib, onların 77 faizi isə internetdə informasiya mühafizəsinin alternativ üsullarından istifadədə maraqlıdır.

Tədqiqatdan məlum olub ki, istifadəçilərin alternativ autentifikasiya üsullarına hazırlıq səviyyəsi ölkələrdən asılıdır. Belə ki, Çin istifadəçilərinin 92 faizi və Hindistan istifadəçilərinin 84 faizi standart parollar əvəzinə digər autentifikasiya üsullarını sınaqdan keçirməyə hazırdır. Braziliya, Meksika və İsveçdə bu göstərici 78 faiz, ABŞ-da isə 74 faiz təşkil edir.

Dünya istehlakçılarının 46 faizi öz fərdi məlumatlarının təhlükəsizliyinə əmindir. Bununla yanaşı, bu məsələdə inkişaf etməkdə olan ölkələrin sakinlərinin əminliyi inkişaf etmiş ölkələrin sakinləri ilə müqayisədə müvafiq olaraq 50 və 42 faiz təşkil edir.

Qeyd edək ki, 2014-cü ilin oktyabr-noyabr aylarında keçirilən sorğu zamanı 24 ölkədən olan 24 min istifadəçinin rəyi öyrənilib.

ictnews.az