Yeniyetmələrin görmə qabiliyyətinin diaqnostikası və idarə olunması üçün proqram təqdim olunub

11 İyun 2015 - 16:17 | Maraqlı məlumatlar
Yeniyetmələrin görmə qabiliyyətinin diaqnostikası və idarə olunması üçün proqram təqdim olunub

Müasir dövrdə uşaqlar saatlarla telefon və ya planşetlərdən istifadə edirlər. Bu isə, öz növbəsində, görmə problemlərinə yol aça bilər. Rusiyanın “KeepVision” startapı bu problemi həll etmək üçün yeniyetmələrdə görmənin zəifləməsi haqqında vaxtında diaqnoz qoymağa imkan verən və valideynlərin qadjetlərə nəzarətinə kömək edən smartfonlar üçün proqram təqdim edib.

computerra.ru saytının məlumatına görə, bu zaman valideynlər uşağının və özünün smartfonuna proqram yükləməlidirlər. Nəticədə proqram uşaqların qadjetdən istifadəsi haqqında informasiyanı toplayacaq və uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq onu emal etməklə valideynləri məlumatlandıracaq.

Beləliklə, ən məşğul valideynlər də real vaxt rejimində uşaqlarının görmə qabiliyyətinə təsir edən zərərli amilləri izləyə və görmə dəqiqliyini yoxlaya biləcəklər. Zəruri olduqda, “KeepVision for Kids” uşaqların görmə qabiliyyətinin pozulmasının qarşısını almaq üçün xüsusi məşqlər təklif edir.

Layihənin sınaqları zamanı Ufa məktəbləri arasında tədqiqatlar aparılmış və şagirdlərin 75 faizində görmə zəifliyinin olduğu aşkar olunmuşdur. Maraqlıdır ki, öz problemlərindən xəbərdar olan şagirdlərin 50 faizi eynək taxmır və ya görmə qabiliyyətinin zəifləməsi haqqında valideynlərini məlumatlandırmırlar.

Hazırda layihə müəllifləri investorlarla danışıqlar aparır.