“İnnovasiya fəaliyyətinin təşkili problemləri və həlli mexanizmləri” adlı monoqrafiya nəşr olunub Avqust 08, 2023 | 01:02 / Yeni nəşrlər

İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının 26 may 2023-cü il tarixli qərarına müvafiq olaraq “İnformasiya Texnologiyaları” nəşriyyatında “İnnovasiya  fəaliyyətinin təşkili problemləri və həlli mexanizmləri” adlı monoqrafiya nəşr olunub. Monoqrafiyanın müəllifləri institutun əməkdaşları iqtisad elmləri doktoru Əlövsət Əliyev və texnika elmləri üzrə fəlsəfə doktoru Roza Şahverdiyevadır.

Yeni nəşr giriş, səkkiz fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Girişdə tədqiqatın aktuallığı əsaslandırılmış, məqsəd və həll olunacaq məsələlər konseptual formada müəyyən edilmişdir. 

Monoqrafiyanın girişində göstərilir ki, yüksək elmi-texnoloji inkişaf dövrü kimi xarakterizə olunan müasir dövrdə rəqəmsal innovasiya və texnologiyaların bütün idarəetmə, istehsal və xidmət sahələrində tətbiq olunması istiqamətində qabaqcıl dünya ölkələri yeni inkişaf mərhələsinə və mühitinə daxil olmuşdurlar. Sürətlə inkişaf edən süni intellekt, Əşyaların İnterneti (IoT), 5G, robotlaşma, Big Data  və s. texnologiyaların hərtərəfli tətbiqi paralel olaraq müvafiq yüksək texnologiya sektorlarının özlərinin də daha çox inkişaf etdirilməsini zəruri edir. İKT sferasında yüksək texnologiya məhsullarının istehsalı sahələri də artıq dünya iqtisadiyyatının əsas inkişaf trendlərindən biri hesab olunur. Bu isə yüksək texnologiyaların formalaşdığı və istehsal olunduğu innovasiya müəssisələrinin və strukturlarının fəaliyyətinin daha da effektiv təşkili və idarə olunması məsələlərinin həll edilməsini tələb edir. 

Hazırda müxtəlif xarakterli innovasiya strukturlarına qoyulmuş tələblərin, perspektiv beynəlxalq tövsiyələrin, göstərişlərin, razılaşmaların analitik təhlili əsasında onların yaradılmasının, fəaliyyətinin effektiv təşkili, stimullaşdırılması, tənzimlənməsi  və keyfiyyətli idarə olunması əsas vəzifələrdəndir. Bu məqsədlə formalaşdırılan idarəetmə model, metod, mexanizmlərinin sistemləşdirilməsi, ümumiləşdirilməsi və elmi-nəzəri cəhətdən əsaslandırılaraq, iqtisadi-riyazi metodlardan  və ən müasir İKT vasitələrindən istifadə etməklə onların inteqrativ formada təkmilləşdirilməsi informasiya cəmiyyətinin və onun rəqəmsal iqtisadiyyatının qarşısında duran ən ümdə məsələlərdəndir. Bu səbəbdən təqdim olunan monoqrafiya qoyulan məsələlərin həllinə istiqamətlənmiş, rəqəmsal transformasiya  şəraitində aktual elmi istiqamətdə hazırlanmış tədqiqatlardan biri hesab oluna bilər.

Tədqiqatın məqsəd və vəzifələri innovasiya fəaliyyətinin təşkili problemlərinin səmərəli həlli mexanizmlərinin işlənilməsi, tətbiqi və idarə olunması üçün müvafiq təhlillərin aparılması, modellərin, metodların, alqoritmlərin və tövsiyələrin işlənilməsidir. Tədqiqatın predmetini isə innovasiyaların, innovativ müəssisələrin formalaşma xüsusiyyətləri və idarəetmə problemləri təşkil edir. Buraya innovasiya fəaliyyətinin təşkili problemləri və həlli mexanizmlərindən effektiv istifadənin təmin olunması texnologiyaları aiddir. İnnovativ fəaliyyətin əsas xüsusiyyətləri və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə, innovasiya fəaliyyətinin təşkili mexanizmlərinin texniki-texnoloji xüsusiyyətlərinin araşdırılmasına cəhdlər edilmişdir. İnnovasiya fəaliyyətinin təşkilinin effektiv mexanizmlərinin işlənilməsində Sənaye 4.0 platformasının əsas texnologiyalarının rəqəmsal iqtisadiyyatın inkişafında tətbiqləri nəzərə alınmışdır.

Monoqrafiyada qarşıya qoyulmuş məsələləri həll etmək üçün sistemli analiz, çoxkriteriyalı optimallaşma üsulları, kompüter modelləşməsi, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və s. istifadə edilmişdir. Tədqiqatın metodologiyası sistemli yanaşmaya, riyazi statistika nəzəriyyəsinə, ekspert qiymətləndirmələrinə, informasiyalaşma və alqoritmləşdirmə nəzəriyyəsinə, qərar qəbuletmə proseslərinə, eləcə də müasir İKT sistemlərinə və vasitələrinə əsaslanır. Qeyd olunan məqsədlərə çatmaq üçün yerinə yetirilmiş elmi-nəzəri və praktiki məsələlərin həlli prosesində bir çox əsas elmi-metodoloji və metodiki nəticələr alınmışdır.

Kitabda elmi-tədqiqat üzrə hesablamaların, həmçinin modellərin eksperimental realizasiyası nəticələrinin sistemli analizi əsasında müəssisələrdə və texnoparklarda innovativ fəaliyyətin səmərəliliyinin yüksəldilməsi üzrə bir çox tövsiyələr verilmişdir. İnnovativ strukturlara yönələn tələblərin, eləcə də onların fəaliyyətinin tənzimlənməsi məqsədi ilə formalaşdırılan mexanizmlərin sistemləşdirilməsi və elmi-nəzəri cəhətdən inteqrativ formada təkmilləşdirilməsi həyata keçirilmişdir. Bu isə gələcək innovasiya strukturlarının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə, müasir innovativ elmi-texnoloji müəssisələrin fəaliyyət modelinin Sənaye 4.0 platforması trendləri əsasında formalaşmasına, idarə olunmasına, inkişafına və innovativ fəaliyyətinin səmərəliliyinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq.    

Monoqrafiyanın rəyçiləri AMEA-nın müxbir üzvü, İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, i.e.d., professor Qorxmaz İmanov, AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, t.e.d., professor Məsumə Məmmədova, İqtisadi Elmi Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin birinci müavini, UNEC-in və AzTU-nun professoru, i.e.d. Arzu Hüseynova, Sumqayıt Dövlət Universitetinin kafedra müdiri, İnnovasiya Yaradıcılıq Mərkəzinin direktoru, t.e.d., professor Cavanşir  Məmmədovdur.

Bu nəşr innovasiya, innovasiya prosesləri, innovativ fəaliyyət, müəssisələrdə və təşkilatlarda innovasiya fəaliyyətinin təşkili problemlərinin və həlli mexanizmlərinin tədqiqinə həsr olunmuşdur. Mövzusu həm iqtisadi, həm də texniki-texnoloji aspektdə aktualdır. Onun elmi-tədqiqat işi kimi yerinə yetirilməsi İnformasiya Texnologiyaları İnstitutunun tematik planına daxildir.

Monoqrafiya  “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”, “İnformasiya-ölçmə və idarəetmə sistemləri”, “Kompüter elmləri”, “İnformasiya sistemləri və şəbəkələri”, “Texnoloji innovasiya iqtisadiyyatı, “Müəssisələrin təşkili və idarə olunması”, “Ekonometriya, iqtisadi statistika”, “Ümumi iqtisadiyyat”, “Sahə iqtisadiyyatı”, “Sənayenin təşkili və dövlət siyasəti” ixtisasları, başqa sözlə texnika və iqtisad elmlərinin müvafiq alt sahələrində elmi-tədqiqat işləri aparan alimlər, mütəxəssislər, doktorantlar və dissertantlar üçün nəzərdə tutulmuşdur. Yeni vəsaitdən universitetlərin professor-müəllimləri, magistrləri, bakalavrları və digər müvafiq təşkilatların yüksək ixtisaslı mütəxəssisləri də faydalana bilərlər.

Tədqiqat işinin metodoloji, elmi-nəzəri praktiki nəticələri və təklif olunmuş tövsiyələrin həm elmi-tədqiqat dairələrində, həm təhsil-təlim proseslərində, həm də müxtəlif idarəetmə səviyyələrində nəzərə alınması ölkənin texnoloji iqtisadi inkişafında daha mühüm nəticələrin əldə olunmasına yeni potensial imkanlar və elmi-texniki impulslar yarada bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı