Səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri problemləri institutun diqqət mərkəzindədir İyul 27, 2023 | 09:12 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 11 saylı şöbənin 2023-cü il üzrə yarımillik hesabatı müzakirə olunub.

Hesabatı təqdim edən şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova cari ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verib. O, rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində Səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşması problemləri üzrə tədqiqatların davam etdirildiyini diqqətə çatdırıb.

Məruzəçi “Məkan üzrə əhalinin sağlamlığı və demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi” mövzusu üzrə IoT əsaslı paylanmış tibbi monitorinq sistemində sağlamlığın idarə olunması qərarlarının qəbulu, süni intellekt texnologiyaları əsasında məkan üzrə əhalinin tibbi-demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi metodunun işlənməsi, Azərbaycanın tibbi-demoqrafik profilinin müəyyənləşdirilməsi üçün “ağıllı” statistik məlumat bazasının formalaşdırılması və maşın təlimi metodları əsasında emalı ilə bağlı tədqiqatların aparıldığını bildirib.

M.Məmmədova Səhiyyə 4.0 və e-dövlət platformasında vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması mexanizmlərinin işlənməsi ilə bağlı elmi-tədqiqat işi çərçivəsində vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının konseptual modelinin işləndiyini, tibdə rəqəmsal əkizlər texnologiyalarının təhlili və tətbiqi istiqamətində araşdırmaların davam etdirildiyini söyləyib.

Onun sözlərinə görə, Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının həkimləri ilə birgə qaraciyər xəstəlikləri üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi çərçivəsində hepatosellular karsinoma (HSK) xəstəliyinin diaqnostikası üçün maşın təlimi metodlarının tətbiqi ilə gen cütü oxşarlığına əsaslanan HSK-nın erkən diaqnostikası alqoritmi işlənilib və daha informativ göstəricilərin təyini ilə HSK-nın effektiv proqnozlaşdırılması metodu seçilib. Hazırda intellektual diaqnostika sisteminin verilənlər bazasının formalaşdırılması, məntiqi nəticə çıxarış blokunun proqram təminatının işlənməsi və sınaqdan keçirilməsi ilə bağlı işlər davam etdirilir.

Həmçinin, tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu məsələləri çərçivəsində maşın təlimi metodlarının tətbiqi ilə tibbi sosial mediada aktorlar arasında münasibətlərin sentiment analizi aparılır, tibbi sosial media resurslarında kraudsorsinq vasitəsilə toplanan informasiya əsasında tibb müəssisələrinin və həkimlərin reytinqinin təyini istiqamətində tədqiqatlar aparılır.

“Cari ildə 12 saylı şöbə ilə “İntellektual transliterasiya interfeyslərinin işlənilməsi” mövzusu üzrə transliterasiya qaydalarının formalaşmasında ekspert sistemlərinin tətbiqi imkanları, süni intellekt texnologiyalarının tətbiqi ilə Azərbaycan dilində sözlərarası münasibətlərin formalaşması məsələlərinə dair birgə tədqiqatlar aparılıb”, – deyə məruzəçi qeyd edib.

M.Məmmədova rəhbərlik etdiyi şöbənin beynəlxalq əməkdaşlıq münasibətləri, xüsusilə rəqəmsal tibbin inkişafı və Səhiyyə 4.0-ın formalaşması istiqamətində GEANT Assosiasiyası ilə əməkdaşlıq barədə məlumatı nəzərə çatdırıb. Avropa Komissiyası və Avropa Təhsil Fondunun təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçirilən seminarlarda iştirak edildiyini, Meksika Milli Avtonom Universiteti və Türkiyənin Çanakkale Onsekiz Mart Universiteti ilə əməkdaşlıq münasibətlərinin davam etdirildiyini söyləyib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin Almaniyanın Deggendorf Texniki Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsinin əhəmiyyətindən söz açıb. Alim tibbi informatika sahəsində Almaniyanın təcrübəsinin öyrənilməsi, xüsusən yüksəkixtisaslı kadrların hazırlanması, hər iki qurumun alim və mütəxəssislərinin iştirakı ilə tədqiqatların aparılması, əldə edilmiş elmi-nəzəri nəticələrin nüfuzlu elmi jurnallarda nəşr olunması, eləcə də qrant layihələrində birgə iştirak və elmi seminarların təşkilinin önəmini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı