İnstitutun şöbə müdiri Əlövsət Əliyev beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib Mart 09, 2023 | 11:24 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev və onun rəhbərlik etdiyi şöbənin əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə “Postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa” mövzusunda keçirilən  III beynəlxalq elmi konfransda iştirak ediblər.

Konfransın keçirilməsində əsas məqsəd böhran və bərpası tələb olunan ərazilərin əsas inkişaf sahələri üçün bilik və təcrübənin paylanmasını həyata keçirməkdən ibarət idi. Hibrid formatda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində müvafiq sahə üzrə alim və mütəxəssislər, elmi müəssisə və ali məktəb rəhbərləri, prorektorlar, həmçinin ADNSU-nun professor-müəllim heyəti iştirak ediblər.

Tədbirdə münaqişələrdən qaynaqlanan bərpa, yenidənqurma və məcburi köçürmə problemləri, təbii ehtiyatlar və onların ekoloji problemləri, təsərrüfatlar və birliklər üçün iqtisadi təhlükəsizlik də daxil olmaqla, Qarabağın azad olunmuş bölgələrində yeraltı və yerüstü su hövzələrinin müasir vəziyyəti və kompleks istifadəsinin təşkili, postkonflikt siyasətinin və planlaşdırmanın nəzəri məsələləri və modelləri, mühit problemlərin həllində yeni texnoloji yanaşmalar və materialların tətbiqi, neft-kimya sənayesi və ekoloji təhlükəsilik, biznes risklərinin azaldılması, Qarabağın dini-tarixi abidələri və erməni vandalizmi, Qarabağın azad olunmuş bölgələrində faydalı qazıntı yataqlarının istismarının müasir vəziyyəti, verilənlərin intellektual analizinin (böyük verilənlər üzrə) modelləşdirilməsinin   monitorinqi və simulyasiya, enerji təhlükəsizliyi və bərpaolunan enerji mənbələrinin inkişaf perspektivləri və s. kimi  müxtəlif nəzəri məsələlər müzakirə edilib. 

Beynəlxalq elmi konfrans postkonflikt siyasətinin və planlaşdırmanın nəzəri məsələləri və modelləri,  regionların iqtisadi inkişafına dair bölmələr üzrə fəaliyyətini davam etdirib. Tədbirə təqdim olunan 100-ə yaxın məqalədən yalnız 48-i qəbul olunmuşdur. 

İqtisad elmləri doktoru Əlövsət Əliyev beynəlxalq elmi konfransda “Süni intellekt texnologiyaları əsasında yeni iqtisadi sektorların formalaşması məsələləri” mövzusunda çıxış edib. O, süni intellekt texnologiyaları əsasında rəqəmsal innovasiya iqtisadiyyatının formalaşmasının beynəlxalq və milli səviyyələrdə aktual xarakterə malik olduğunu diqqətə çatdırıb. Yeni iqtisadiyyatın müvafiq alt sektorlarının innovativ formalaşma perspektivlərinin öyrənilməsi və uyğun yanaşmanın işlənilməsinin, eləcə də müasir dövrdə iqtisadiyyatın rəqəmsal texnoloji innovasiyalar əsasında inkişafının zəruriliyini önə çəkib.

İ.e.d. Ə.Əliyev Sənaye 4.0 komponentlərinin tətbiqi ilə rəqəmsal iqtisadi sektorlarda elm-texnologiya tutumlu, yüksək rəqabət qabiliyyətli məhsul/xidmət istehsalının artırılmasının hazırkı dövrün zəruri məsələlərindən olduğunu qeyd edib. Məruzəçi sosial-iqtisadi inkişaf strategiyaları əsasında rəqəmsal tranformasiyaların əhəmiyyətini vurğulayıb.

Ə.Əliyev informasiya iqtisadiyyatının elmi-texniki transformasiyasının nəticəsi kimi formalaşan rəqəmsal və intellektual iqtisadiyyatın vacibliyinə diqqəti yönəldib. Söyləyib ki, Cəmiyyət 4.0-dan 5.0-a keçid proqramlarında süni intellekt texnologiyalarının təsiri tədqiq olunmuşdur.

Alim dünyada süni intellekt texnologiyaları iqtisadiyyatı üzrə vəziyyətin təhlilinin aparıldığını qeyd edib. O, süni intellektlə bağlı genişmiqyaslı problemlərin müəyyənləşdirildiyini, süni intellekt texnologiyaları üzrə iqtisadi sektorun formalaşması xüsusiyyətləri və inkişaf perspektivlərinin tədqiq olunduğunu bildirib.

İ.e.d. Ə.Əliyev süni intellekt texnologiyaları ilə əlaqədar rəqəmsal iqtisadiyyat sektorlarının formalaşması məsələlərinin tədqiq olunduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Gələcəkdə süni intellekt texnologiyaları əsasında rəqəmsal innovasiya iqtisadiyyatının formalaşması üzrə tövsiyələrin işlənildiyini xüsusi qeyd edib.

Daha sonra institutun böyük elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Roza Şahverdiyeva “İnnovasiyalı müəssisələrin informasiya təminatı sisteminin TOGAF yanaşması əsasında konseptual modelinin işlənilməsi”  mövzusunda məruzəsini təqdim edib. O, innovativ müəssisələrin informasiya təminatı sisteminin TOGAF yanaşması  əsasında işlənilməsinin həm texnoloji, həm də iqtisadi aspektdən aktual xarakterə malik olduğunu diqqətə çatdırıb.

Məruzəçi rəqəmsal iqtisadiyyatın, onun müxtəlif sahələrinin rəqəmsal innovasiyaların və yüksək texnologiyaların tətbiqi ilə effektiv inkişafının zəruriliyindən bəhs edib. İnnovasiya müəssisələrinin informasiya təminatı sisteminin, onun arxitektur-texnoloji struktur modelinin Sənaye 4.0 texnologiyaları və digər müasir platformalar əsasında təkmilləşdirilməsinin əsas istiqamətlərinin müəyyənləşdirildiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Məruzəçi müəssisələrin idarəetmə fəaliyyətinin informasiya təminatının TOGAF yanaşması əsasında formalaşdırılması istiqamətləri, onun əsas tərkib blokları və elementləri haqqında da məlumat verib. Həmçinin müəssisə arxitekturasının əsas məzmunu və elementlərin təyinatını şərh edib.

R.Şahverdiyeva çıxışı zamanı rəqəmsal transformasiya məqsədləri, müəssisələrinin innovativ fəaliyyəti üzrə monitorinq sisteminin əsas xüsusiyyətləri, monitorinq sisteminin təkmilləşdirilməsi istiqamətləri haqqında da məlumat verib.

O, innovasiyalı müəssisələrin informasiya təminatı sisteminin TOGAF yanaşması əsasında konseptual struktur modelinin əsas elementlərini və TOGAF strukturunun bir-biri ilə əlaqəli səviyyələrini konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, nəzərə çatdırıb ki, İnformasiya İdarəetməsi Texniki Arxitektura Platforması əsasında İnformasiya Sistemlərinin Arxitektura konsepsiyası işlənilmiş, onun xüsusiyyətləri və üstünlükləri müəyyənləşdirilmişdir.

Tədqiqatçı Sənaye 4.0 platforması komponentləri nəzərə alınmaqla innovativ müəssisələrin informasiya təminatı sisteminin modernləşdirilməsi üzrə müvafiq təklif  və tövsiyələrin işlənildiyini də diqqətə çatdırıb.

Beynəlxalq konfrans çərçivəsində təşkilatlararası əlaqələrin möhkəmləndirilməsi istiqamətində işlərin yerinə yetirilməsi, müvafiq elmi müəssisələrin innovativ elmi potensialından istifadə etməklə regionlarda postkonflikt vəziyyətlərdə yenidənqurma və bərpa işlərində iştirak, informasiya və rəqəmsal iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsi problemlərinin tədqiqi, müasir iqtisadiyyatda beynəlxalq çağırışların tələblərinin nəzərə alınması, iqtisadiyyatın rəqəmsal transformasiyası, elmtutumlu, innovativ məhsul istehsalı mühiti, iqtisadiyyatın yaşıllaşdırılması, davamlı inkişafı problemlərinin tədqiqi və bu istiqamətdə araşdırmaların aparılmasına elmi dəstəyin verilməsi imkanları haqqında müzakirələr aparılıb. Həmçinin konfransda təmsil olunan qurumlarla İnformasiya Texnologiyaları İnstitutu arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin mümkünlüyü diqqətə çatdırılıb.

Qeyd edək ki, elmi konfransa təqdim olunan materiallar arasından seçilmiş məqalələrin “Scopus”, “Web of Science” və “Elsevier” kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşmiş jurnallarda kitab şəklində çap olunması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı