Akademik Rasim Əliquliyev: “İnformasiya Texnologiyaları İnstitutu mahiyyəti etibarilə yeni mediaya çox yaxındır” Fevral 28, 2023 | 02:58 / Müsahibələr, çıxışlar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AR Elm və Təhsil Nazirliyinin Medianın İnkişafı Agentliyi ilə birgə təşkil etdiyi “Effektiv kommunikasiya” mövzusunda təlim-seminarda çıxış edərək institutun media siyasəti, bu elmi müəssisədə elmin təbliği və populyarlaşdırılması istiqamətində görülən işlər haqqında məlumat verib.

Akademik Rasim Əliquliyev çıxışı zamanı dövlət başçısı İlham Əliyevin kütləvi informasiya vasitələrinin şəffaf fəaliyyəti, İnternetdə fikir və söz azadlığının təmin olunması, bu sahədə müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, eləcə də sosial şəbəkələrin fəaliyyətinin genişlənməsi və inkişafına xüsusi diqqət göstərdiyini deyib. Eyni zamanda  Elm və Təhsil Nazirliyinin ölkəmizdə müvafiq sahədə aparılan islahatları, həyata keçirilən tədbirləri operativ işıqlandırdığını, bu qurumun  media ilə münasibətlərinin cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

“İnformasiya Texnologiyaları İnstitutu elmi fəaliyyətlə məşğul olmasına baxmayaraq, mahiyyəti etibarilə mediaya çox yaxındır”, – deyən akademik Azərbaycanda ilk dəfə internetə çıxışın məhz bu institutda həyata keçirildiyini, bununla da ölkə mediasının inkişafında yeni səhifənin açıldığını bildirib.

Ölkədə ilk veb-sayt olan science.gov.az-ın 1995-ci ildə İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən yaradıldığını xatırladan akademik R.Əliquliyev əlavə edib ki, bu saytın fəaliyyətə başlaması “Əkinçi” qəzeti, televiziya və radiodan sonra daha bir tarixi mərhələnin əsasını qoydu. Azərbaycanın elektron “Əkinçi”si hesab olunan bu portal ölkəmizdə ilk internet-jurnalistika məktəbidir.  

AMEA-nın vitse-prezidenti informasiya cəmiyyəti ideyalarının ölkəmizdə 2000-ci illərin əvvəllərindən yayılmağa başladığını, bundan sonra institutda ilk dəfə olaraq informasiya cəmiyyəti ilə bağlı şöbənin yaradıldığını deyib. Eyni zamanda İctimai Televiziyada 2008-2010-cu illərdə efirə gedən, aparıcısı olduğu “İnformasiya cəmiyyəti” verilişi və 2016-2019-cu illərdə Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Elm və innovasiya” verilişi haqqında məlumat verib. Hər iki verilişin ölkəmizdə infromasiya cəmiyyəti ideologiyasının, elm və innovativ texnologiyaların təbliği və yeni biliklərin yayılmasına xidmət etdiyini qeyd edib.

Alim ölkənin təhsil sistemində ilk dəfə olaraq İnformasiya Texnologiyaları İnstitutunun Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi ilə birgə həyata keçirdiyi “İnformasiya cəmiyyətinin əsasları” fənninin tədrisinə dair innovativ layihə haqqında da danışıb. Bildirib ki, 2008-ci ildən 2012-ci ilədək davam edən və ümumilikdə 300 tələbənin iştirak etdiyi bu layihə İnternet-jurnalistika sahəsi üzrə kadr hazırlığında mühüm rol oynayıb. Akademik əlavə edib ki, bu gün Azərbaycanda informasiya cəmiyyəti və texnologiyaları sahəsində yetişən jurnalist nəslinin nümayəndələri arasında həmin tələbələrin də olması sevindiricidir.

AMEA-nın vitse-prezidenti institutda yeni medianın problemlərinə həsr olunan dissertasiya işləri, dərc olunan kitablar və elmi əsərlər haqqında məlumatları da təlim iştirakçılarının diqqətinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı