Akademik Rasim Əliquliyev: “Elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması müasir dövrün tələbidir” Fevral 27, 2023 | 04:18 / Müsahibələr, çıxışlar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransında çıxışı zamanı elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması məsələsinə də toxunub. Müxtəlif təşkilatlar, mütəxəssislər tərəfindən  dillə  bağlı  ayrı-ayrı proqram məhsullarının hazırlandığını, lakin bu kimi məhsulların müxtəlif səbəblərdən geniş istifadə oluna bilmədiyini söyləyən alim əlavə edib ki, bu sistemləri e-dövlət sistemlərinə inteqrasiya etmək və ümumiyyətlə, Azərbaycan dilinin ekosistemini  formalaşdırmaq   lazımdır. Bunun  da  nəticəsində, virtual  məkanda  cəmiyyətə, vətəndaşlara,  hər  kəsə ödənişsiz, qeyri-məhdud olaraq Azərbaycan dili xidmətləri göstərilməlidir.

“Bu texnoloji innovasiyalar dövlətin dillə bağlı siyasətini, yəni rəsmi dövlət dili kimi istifadə edilməsini, qorunmasını və inkişaf etdirilməsini, həmçinin başqa dillərə tərcümə, transliterasiya münasibətlərinin qurulmasını təmin etməlidir”, – deyən akademik dövlət  tərəfindən  bu  layihələrə  maliyyə və qrant dəstəyinin verilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. 

Sonra akademik Rasim Əliquliyev onlayn platformada Azərbaycan dilinin ekosistemi və milli elektron dövlətin formalaşması konsepsiyasına dair arxitekturu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Alim e-dövlət və onun funksional komponentlərinin Azərbaycan dilinin tələblərinə uyğun qurulmasının vacibliyini önə çəkərək qeyd edib ki, dilimizin funksional komponentləri və servisləri rəqəmsal platformada elə yaradılmalıdır ki, e-dövlət mühitində həm bir-biri ilə qarşılıqlı əlaqədə olsun, həm də vətəndaşlara fasiləsiz, onlayn dil xidmətləri göstərə bilsin.

Akademikin fikrincə, ölkəmizdə Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi üçün beynəlxalq standartlardan istifadə edilməli, vətəndaşların dil bilikləri beynəlxalq standartlar əsasında “yazma,  oxuma, eşitmə və danışma” üzrə qiymətləndirilməli və fərdlərin şəxsi uçot-işlərində əks olunmalıdır.

AMEA-nın vitse-prezidenti bildirib ki, dövlətin dil siyasətinə dəstək məqsədilə e-dövlət  mühitinin  tərkib hissəsi kimi linqvistik demoqrafiya sistemi qurulmalı, müxtəlif aspektlər üzrə sosiolinqvistik təhlillər aparılmalı və zəruri təkliflər işlənilməlidir. Alim bu  işləri  apararkən etnik  azlıqların da dillərinin tələblərinin nəzərə alınmasının, dövlətin multikultural siyasəti çərçivəsində onlar üçün müvafiq onlayn dil ekosistemlərinin yaradılmasının vacib olduğunu söyləyib. Həmçinin əlavə edib ki, dilin ekosistemləri açıq arxitektura malik olmalı, texnoloji çağırışlara adekvat olaraq daim təkmilləşdirilməli və inkişaf etdirilməlidir.

Çıxışının sonunda akademik Rasim Əliquliyev irəli sürülən mülahizələrin hər biri ilə bağlı İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri tərəfindən tədqiqatların aparıldığını, müəyyən elmi-praktiki nəticələrin əldə edildiyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı