“Şuşa İli” çərçivəsində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrində mühüm tədbirlər həyata keçirilib Yanvar 25, 2023 | 03:32 / Konfranslar, iclaslar

“Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” AR Prezidentinin 5 yanvar 2022-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin, “Şuşa İli” çərçivəsində dövlətin elm qarşısında müəyyənləşdirdiyi tapşırıqların icrasında AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) elmi müəssisələri fəal iştirak etmişlər.

Bu fikirləri AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev FRTEB-in 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclasında bölmənin elmi-praktiki və innovativ fəaliyyəti barədə məlumat verərkən deyib.

Elmi şuranın sədri hesabat ilində bölmə üzrə institut və təşkilatların “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın, habelə digər dövlət proqramları və tapşırıqlarının icrasında, eyni zamanda, dövlət sənədlərinin ekspertizasının aparılmasında yaxından iştirak etdiklərini, dövlətin elm siyasətinin reallaşması üzrə bir sıra tədqiqat işləri və layihələr həyata keçirdiklərini qeyd edib.

Akademik R.Əliquliyev “Şuşa İli” çərçivəsində Fizika İnstitutunun təşkilatçılığı ilə 7 oktyabr 2022-ci il tarixində Bakı və Şuşa şəhərlərində akademik Lətif İmanovun 100 illik yubileyinə həsr olunmuş “Molekulyar spektroskopiya” mövzusunda beynəlxalq konfransın, eləcə də Radiasiya Problemləri İnstitutunun təşkilatçılığı ilə 28-29 noyabr 2022-ci il tarixlərində Bakı və Şuşa şəhərlərində “İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” mövzusunda respublika elmi-texniki konfransının keçirildiyini bildirib. Şamaxı Astrofizika Rəsədxanası tərəfindən Ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Şuşa İli”nə həsr olunmuş Astronomiya üzrə II Məktəblilərarası Respublika Olimpiadasının təşkil olunduğunu söyləyib.

İşğaldan azad olunmuş ərazilərdə görülən işləri diqqətə çatdıran alim qeyd edib ki, hesabat ili ərzində alternativ və bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi istiqamətində statistik analiz aparılmış, Azərbaycanın müxtəlif rayonlarının, o cümlədən, işğaldan azad olunmuş ərazilərin enerji təchizatında, bəzi şəraitlərdə ənənəvi enerji təminatının bərpa olunan enerji mənbələri ilə əvəz edilməsinin mümkünlüyü müəyyənləşdirilmiş və müvafiq tövsiyələr hazırlanmışdır. Həmçinin bu ərazilərdə davamlı inkişafı və təhlükəsizlik mühitini təmin etmək üçün pilotsuz uçuş aparatlarının monitorinqi metodlarının təkmilləşdirilməsi tədqiq olunmuş, kənd təsərrüfatının inkişafı üçün Əşyaların İnterneti (IoT) intellektual sisteminin qurulması və tətbiqi araşdırılmış, “ağıllı kənd” platforması əsasında İKT komponentlərinin qurulması sistemi yaradılmış və Zəngilanın Ağalı kəndində tətbiq edilmişdir.

Akademikin sözlərinə görə, müvafiq dövlət qurumları (AR Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, “İzotop” Xüsusi Kombinatı, Milli Nüvə Tədqiqatları Mərkəzi və s.) ilə əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş ərazilərin biomüxtəlifliyi, su və torpaq ehtiyatlarının monitorinqi üçün birgə tədqiqatlar, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafına dair Dövlət Proqramına və AMEA-nın müvafiq sənədlərinə uyğun olaraq, çirklənmiş ərazilərin radiasiya fonunun təyini, ərazidə yerləşən su hövzələrinin, bitkilərin radioloji və kimyəvi analizi istiqamətində tədqiqatlar aparılmışdır. Kəlbəcər rayonunun Aşağı İstisu ərazisində termal və mineral suların kimyəvi, mikrobioloji və qaz tərkibi tədqiq edilmiş, suda radioaktiv radonun konsentrasiyası müəyyənləşdirilmiş, ətraf mühitin mühafizəsi və təbii ehtiyatların, o cümlədən bioloji müxtəlifliyin tədqiqi, bərpası və səmərəli istifadəsində müasir yanaşmalar üzrə işğaldan azad olunmuş ərazilərdə bioloji monitorinqin aparılması və stress amillərin bioloji sistemlərdə paramaqnit sistemlərə təsiri tədqiq olunmuşdur.

AMEA-nın vitse-prezidenti, həmçinin bölməyə daxil olan elmi müəssisələr tərəfindən yerinə yetirilmiş tətbiqi işlər, onların patent alınması ilə bağlı fəaliyyəti haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı