Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə institutların illik hesabatı elmmetrik göstəricilər əsasında təqdim edilib Yanvar 31, 2023 | 10:08 / Konfranslar, iclaslar

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) elmi müəssisələri dünya elminin çağırışları və dövlət başçısının Azərbaycan elminin qarşısına qoyduğu vəzifələri rəhbər tutaraq öz fəaliyyətlərində aktual problemlərə diqqət ayırmış, prioritet istiqamətlərdə tədqiqatlar aparmışlar.

Bu fikirləri AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AMEA Rəyasət Heyətinin FRTEB-in 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclasında bildirib.

Akademik R.Əliquliyev bölməyə daxil olan elmi müəssisə və təşkilatların elmi-nəzəri fəaliyyəti haqqında məlumat verərək 2022-ci il ərzində müvafiq elmi problemlər üzrə əldə olunmuş mühüm elmi nəticələrdən bəhs edib. Qeyd edib ki, bölmə üzrə 7 elmi istiqamət üzrə 37 problemə aid 108 mövzu üzrə 272 tədqiqat işi aparılıb və bu tədqiqatlardan 46-sı bölmə tərəfindən müzakirə edilərək mühüm elmi nəticə kimi dəyərləndirilib.

AMEA-nın vitse-prezidenti bölməyə daxil olan müəssisələrin əməkdaşları tərəfindən 69 kitab (9-u xaricdə), 1778 məqalənin (957-si nüfuzlu xarici elmi jurnallarda) dərc olunduğunu, bu məqalələrin 529-nun “Web of Science” (WoS) və “Scopus”, 533-nün isə digər bazalara daxil olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü bildirib. Akademik R.Əliquliyev bu göstəricilərin əvvəlki illərlə müqayisədə yüksək olduğunu bildirib.

FRTEB-in Elmi şurasının sədri bölmənin elmi müəssisələrində fəaliyyət göstərən elmi kadr potensialı ilə çap olunmuş məqalələrin say nisbətini düzgün müəyyən etmək üçün indikatorların tətbiq olunduğunu bildirib. Akademik R.Əliquliyev bölməyə daxil olan elmi müəssisələrin aktivliyini və məhsuldarlığını qiymətləndirmək üçün təklif etdiyi yeni elmmetrik göstəricilər əsasında elmi müəssisələrdə əldə olunmuş nəticələrin reytinqini təqdim edib. Alim 2022-ci ildə FRTEB üzrə elmi müəssisələrin elmi kadr potensialının “Scopus” və “WoS” bazalarında dərc olunmuş məqalələrinin sayı və orta məhsuldarlıq göstəricilərini diqqətə çatdırıb. 

Alimin sözlərinə görə, hesabat ilində “Scopus” bazasında Riyaziyyat və Mexanika İnstitutu 73, İdarəetmə Sistemləri İnstitutu 56, Radiasiya Problemləri İnstitutu 50, İnformasiya Texnologiyaları İnstitutu 27, Fizika İnstitutu 18, Şamaxı Astrofizika Rəsədxanası 3, Biofizika İnstitutu isə 2 məqalə ilə təmsil olunub. O, qeyd edib ki, “Scopus” bazasında FRTEB-in elmi müəssisələrinin payı hesabat ilində Azərbaycan üzrə 13 faiz, AMEA üzrə isə 37 faiz təşkil edib.

Akademik əlavə edib ki, 2022-ci ildə “WoS” bazasında Fizika İnstitutu 127, İdarəetmə Sistemləri İnstitutu 85, Riyaziyyat və Mexanika İnstitutu 78, İnformasiya Texnologiyaları İnstitutu 30, Radiasiya Problemləri İnstitutu 19, Şamaxı Astrofizika Rəsədxanası 4, Biofizika İnstitutu 3 məqalə ilə təmsil olunub. Alim hesabat ilinin nəticələrinə görə, bölmə üzrə fəaliyyət göstərən elmi müəssisə və təşkilatların əməkdaşlarının əsərlərinə ümumilikdə 15547 istinadın qeydə alındığını diqqətə çatdırıb.

Akademik R.Əliquliyev bölməyə daxil olan elmi müəssisələrin istinadlar üzrə orta məhsuldarlıq göstəricilərini də təqdim edib, Azərbaycan alimlərinin əldə etdikləri nəticələrə xarici həmkarlarının mütəmadi olaraq istinad etdiyini söyləyib. Bildirib ki, orta məhsuldarlıq göstəricisi üzrə ilk üç pillədə Radiasiya Problemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu və Biofizika İnstitutu qərarlaşıb.

Elmi şura sədri həmçinin 2022-ci ildə FRTEB üzrə elmi müəssisələrin “WoS” və “Scopus” bazasında h-indeks göstəricilərini təqdim edərək bu göstərici üzrə ilk üç sırada Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri institutlarının yer aldığını vurğulayıb.

FRTEB-in 2022-ci il üzrə illik hesabatının tam mətni ilə bu LİNKƏ daxil olaraq tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı