İnformasiya Texnologiyaları İnstitutu beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir Yanvar 16, 2023 | 09:31 / Müsahibələr, çıxışlar

Müasir dövrdə ölkənin milli maraqlarının təmin edilməsində elmin vacibliyi nəzərə alınaraq bu sahənin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilmişdir. Ölkəmizdə aparılan elmi tədqiqatların dünya elminin çağırışlarına uyğun müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, qlobal elm məkanına inteqrasiyası beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsini zəruri edir.

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu da bu sahəyə dəstək verərək beynəlxalq elmi-texniki əməkdaşlığın inkişafını hər zaman diqqətdə saxlayır, xüsusilə də Avropa ölkələrinin qabaqcıl elm mərkəzləri, tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm addımlar atır. Belə ki, institutun AzScienceNet elm-kompüter şəbəkəsi Azərbaycanın elm və təhsilinin Avropanın elm və təhsil mühitinə inteqrasiyasını təmin edən virtual körpü rolunu oynayır. AzScienceNet 2015-ci ildə GEANT Assosiasiyasında elm və təhsil şəbəkələri üzrə milli operator statusunda üzvlüyə qəbul olunmuş və bununla da ölkənin bir sıra elm və təhsil qurumları Avropa elm və təhsil ictimaiyyətinə inteqrasiya imkanı əldə etmişdir.

Eyni zamanda Azərbaycan Şərq Tərəfdaşlığı təşəbbüsünə qoşularaq Avropa ilə əməkdaşlıq sahəsində yeni mərhələyə qədəm qoymuşdur. Bu əməkdaşlıq bütün istiqamətlər üzrə, o cümlədən informasiya cəmiyyəti və elektron elm quruculuğu sahəsində böyük əhəmiyyət kəsb edir.

İnformasiya Texnologiyaları İnstitutu Şərq Tərəfdaşlığı ölkələrində elm və təhsil üçün elektron infrastrukturun yaradılması məqsədilə Avropa Birliyi tərəfindən maliyyələşdirilən EaPConnect layihəsində Azərbaycanı təmsil edir.

Bu istiqamətdə fəaliyyət 2022-ci ildə də uğurla davam etdirilmişdir. Belə ki, 28-29 sentyabr 2022-ci il tarixlərində Bakıda keçirilmiş “Şərq Tərəfdaşlığı çərçivəsində E-infrastrukturlar üzrə 5-ci beynəlxalq konfrans” (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) da uzun illər ərzində formalaşdırılan uğurlu beynəlxalq əməkdaşlığın təqdirəlayiq nəticəsidir. GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən bu mötəbər tədbir 50-yə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssisləri bir araya gətirmişdir.

Ötən il həmçinin institutun alim və mütəxəssisləri Trieste, Berlin, Praqa, Amsterdam, Tbilisi və digər şəhərlərdə GEANT və EaPConnect tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə iştirak etmişlər.

Gənc tədqiqatçılarımız Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində, NATO-nun “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı”nın dəstəyilə kibermüdafiə üzrə, eləcə də post kvantum kriptoqrafiyası üzrə qabaqcıl təlim kurslarında iştirak edərək sertifikatlara layiq görülmüşlər.

İnformasiya Texnologiyaları İnstitutu 2022-ci ildə Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu, Avstraliya Milli Universiteti, Türkiyənin Ankara Hacı Bayram Veli Universiteti kimi bir çox xarici nüfuzlu elmi qurumlarla əməkdaşlıq etmiş, birgə layihələr həyata keçirmişlər. İnstitutun əməkdaşları İzmir, Minsk və Antalyada keçirilən beynəlxalq konfranslarda iştirak etmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı