“EaPConnect” saytı: Fizika İnstitutu və CERN arasında əməkdaşlıq Azərbaycanda elmi tədqiqatları gücləndirir Yanvar 06, 2023 | 11:41 / Müsahibələr, çıxışlar

“EaPConnect” saytı AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Nüvə Fizikası və Yüksək Enerjilər Fizikası laboratoriyasının rəhbəri, eyni zamanda Birgə Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) Elmi Şurasının üzvü və Avropa Nüvə Tədqiqatları Təşkilatının (CERN) ATLAS Eksperimentində Azərbaycan alimləri qrupunun rəhbəri, fizika-riyaziyyat elmləri doktoru, professor Şakir Nağıyev ilə müsahibə aparıb. Müsahibədə Fizika İnstitutunun CERN ilə əməkdaşlığı, bu əməkdaşlıqda AzScienceNet şəbəkəsinin rolu, əldə olunan nailiyyətlər və digər məsələlərlə bağlı suallar cavablandırılıb.

İct.az saytı “Fizika İnstitutu və CERN arasında əməkdaşlıq Azərbaycanda elmi tədqiqatları gücləndirir” adlı müsahibəni təqdim edir.

- Fizika İnstitutunun əsas tədqiqat istiqamətləri hansılardır?

- Fizika İnstitutu Azərbaycanda fundamental fizika tədqiqatları üzrə aparıcı mərkəzdir. Bu elmi müəssisənin əsas tədqiqat sahələrinə kondensə olunmuş hal fizikası, optoelektronikanın fiziki və texniki əsasları, nüvə və yüksək enerjilər fizikası daxildir.

- İnstitutun CERN ilə əməkdaşlığı necə başladı? Hansı çətinliklərlə üzləşdiniz və onların öhdəsindən necə gəldiniz? Bu əməkdaşlıq hansı dəyişiklikləri gətirdi?

- Hesab edirik ki, beynəlxalq elmi təşkilatlarla sıx əməkdaşlıq ölkəmizdə müasir elmin problemlərinin həllinə və gələcəyə daha yaxşı hazırlaşmağa kömək edə bilər. Fizika İnstitutu elementar zərrəciklər və yüksək enejilər fizikası sahəsində dünyanın ən böyük aparıcı elmi-tədqiqat mərkəzi olan Avropa Nüvə Tədqiqatları Təşkilatı (CERN) ilə sıx əməkdaşlıq edir.  Ölkəmizin CERN ilə əməkdaşlığı 1997-ci ildə həmin dövrdə ölkəyə rəhbərlik edən Prezident Heydər Əliyevin müvafiq sərəncamı əsasında Azərbaycan Hökuməti ilə CERN arasında bağlanmış əməkdaşlıq sazişi ilə başlamışdır. Bu əməkdaşlığa ATLAS layihəsində birgə tədqiqat fəaliyyətləri və təlimlər daxil idi. Bu illər ərzində CERN Respublikamızda  fundamental və eksperimental elmlərin  inkişafında başlıca rol oynamış və oynamaqdadır. Bunun nəticəsidir ki, biz Azərbaycandan nüvə və hissəciklər fizikası sahəsində dünya şöhrətli fiziklər nəslinin yetişdiyini, ölkənin və dünyanın aparıcı elmi-tədqiqat təşkilatlarında çalışdığını görürük. Tədqiqatçılarımız CERN-in təcrübi və nəzəri fizikasında, sürətləndirici və detektor texnologiyasında, eləcə də bu sahələr üzrə bir sıra digər layihələrdə iştirak edə bilirlər. AMEA əməkdaşları həm birbaşa, həm də BNTİ vasitəsilə CERN ilə birgə tədqiqat aparmaq imkanına malikdirlər.

- “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzi CERN ilə əməkdaşlıq istiqamətində sizə necə dəstək göstərdi? AzSciecneNet bu əməkdaşlıqda hansı rolu oynadı?

- 2008-ci ildə CERN, BNTİ, Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) AzScienceNet şəbəkəsinin birgə dəstəyi ilə Fizika İnstitutunun tərkib hissəsi olan Milli GRID Məlumat və Hesablama Mərkəzi fəaliyyətə başlamışdır. Mərkəz hazırda 3 əsas elmi istiqaməti davam etdirir: şəbəkə, klaster və bulud texnologiyaları. Data mərkəzin istifadəçiləri AzScienceNet-in təqdim etdiyi imkanlar sayəsində yüksək enerji, bərk cisimlər fizikası, nanotexnologiyalar və s. sahəsində problemləri həll edə bilirlər.

Milli GRID-in infrastrukturu yüksək məhsuldar “Blade Supermicro” serverlərindən, həmçinin “IBM blade” serverindən, “Alcatel phivel” serverlərindən, AzScienceNet tərəfindən təmin edilən bulud hesablamalarından və yaddaşdan ibarətdir ki, bu da yüksək ötürmə qabiliyyətinə malik şəbəkə və saxlama resurslarını təmin edir. Bundan əlavə, AzScienceNet-in dəstəyi və bu şəbəkə ilə əməkdaşlıq bulud və hesablama resursları vasitəsilə tədqiqat zamanı xam böyük verilənlərin ötürülməsinə və əlaqələndirilməsinə imkan verir.

Milli GRID İnformasiya və Hesablama Mərkəzi beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə, dünya elminə inteqrasiyanın sürətləndirilməsinə, mürəkkəb elm tutumlu problemlərin həllinə, CERN ilə birgə layihələrdə iştiraka kömək edir. Nəzərə alsaq ki, mürəkkəb problemlərin emalı və CERN-ə göndərilməsi böyük hesablama resursları və yüksək sürətli internet tələb edir, bu zaman AzScienceNet-in dəstəyi həqiqətən vacib olur.

- AzScienceNet ilə əməkdaşlığınız daxil olmaqla, institutun gələcək planları nədən ibarətdir?

- CERN ilə əlaqələrimizin möhkəmləndirilməsi Azərbaycan Respublikasında nüvə və yüksək enerji fizikasının inkişafı üçün əsasdır. Biz şadıq ki, AzScienceNet Fizika İnstitutunu dəstəkləməyə davam edəcək, həmçinin EaPConnect layihəsi çərçivəsində təqdim olunacaq əlavə GÉANT xidmətlərindən (məsələn, eduGAIN, eduVPN və s.) maksimum yararlanmaq mümkün olacaq. AzScienceNet tərəfindən təqdim olunan yüksək sürətli internet və yaddaş bizim üçün indi və gələcəkdə çox böyük əhəmiyyət kəsb edir. Fizika İnstitutu bizim bütün tədqiqat sahələrində fikir və təcrübə mübadiləsi aparmaq üçün Avropa təşkilatları və Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı dəstəkləyir.

eapconnect.eu

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı