İnternet folkloruna həsr olunmuş elmi tədqiqat “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnalda çap olunub Dekabr 15, 2022 | 09:42 / Yeni nəşrlər

AMEA-nın vitse-prezidentinin xidmətində elmi katib, Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyevin “İnternet folkloru kontekstində parodik qəhrəmanın qavranılması: sosial etiraz və yetkinliyə mədəni keçid” adlı məqaləsi “Web of Science” və “Scopus” bazalarına daxil olan “Milli Folklor” jurnalında dərc edilib.

1989-cu ildən fəaliyyətə başlayan “Milli Folklor” jurnalı hazırda dünyanın bir sıra nüfuzlu beynəlxalq elmi bazaları, o cümlədən “Web of Science” və “Scopus”-da indekslənir (H-index 10, Q3). Folklorşünaslıq, etnologiya, antropologiya, ədəbiyyat və mədəniyyət sahələrində aparılan tədqiqatların nəşri sahəsində ixtisaslaşan jurnal 1998-ci ildən etibarən beynəlxalq bazalarda yer alıb.

Araşdırma folklorşünaslıq, mədəniyyətşünaslıq və kommunikasiya ilə bağlı müasir yanaşmalarda ortaya qoyulan elmi-nəzəri görüşlərin sintezi əsasında aparılıb. Multidissiplinar kontekstdə ərsəyən gələn tədqiqat AMEA-nın Folklor İnstitutu ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu arasında son illərdə internet folkloru üzrə aparılan birgə elmi araşdırmaların nəticələrini özündə təcəssüm etdirir.

Məqalədə H.Quliyevin son illərdə internet folkloru ilə bağlı apardığı araşdırmaların elmi nəticə və qənaətləri əks olunub. Alim ilk dəfə olaraq sosial-antropoloji yanaşma əsasında internet folkloru kontekstində azərbaycandilli virtual folklor mühitində meydana gələn yaradıcılıq faktlarını təhlil edib, ənənəvi obraz, motiv və süjetlərin virtual sosial mühitdə qazandığı yeni spesifikanı öyrənib. Hazırki dövrdə sosial-mədəni proseslərin, o cümlədən folklorun internet mühitində, sosial mediada icra olunduğunu nəzərə alan müəllif bu gerçəkliyin həm forma, həm məzmun, həm də üslubi cəhətdən yeni mənaların yaranmasına səbəb olduğunu vurğulayıb. Qeyd olunub ki, internet folkloru ənənəvi mədəni yaddaş və düşüncə mexanizmlərindən qaynaqlanmaqla yanaşı, cari sosial gerçəklik kontekstində aktuallaşdığı üçün azərbaycandilli virtual folklor mühiti eyni zamanda sosial proseslərin analizi, aktual trend və tendensiyaların müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.   

Tədqiqat azərbaycandilli virtual folklor mühitində meydana çıxan parodik qəhrəman anlayışının psixogenezisinin şərhinə həsr olunub. Müəllif virtual folklor performansı kontekstində yaranan sosial protest davranışının sosio-mədəni və sosio-psixoloji qaynağını, eləcə də fəlsəfi-ideoloji mahiyyətini araşdırıb. Araşdırma nəticəsində müəyyən olunub ki, sosial protest davranışının təbiətində “ərgənliyə mədəni keçid” motivi dayanır. Eyni zamanda məqalədə belə bir qənaət irəli sürülür ki, internet folklorunda meydana gələn komik, satirik və ironik üslublu folklorik faktlar, əslində, sosial protest davranışının mədəni yaradıcılıqda özünü göstərən üslubi çalarlarıdır. Təhlil zamanı ənənəvi folklorda Koroğlu obrazı ilə bağlı mövcud olan qəhrəmanlıq, eyni zamanda triksterik motivlər, dastan, rəvayət, deyim və inanc mətnləri diqqət mərkəzinə gətirilib, burada özünü göstərən ciddi və komik motivlər parodik interpretasiya rakursundan analiz olunub. Müəyyən edilib ki, Dədə Qorqud, Koroğlu və Molla Nəsrəddin obrazları ilə bağlı ənənəvi sosial mühitdə müşahidə olunan parodik əlamətlər internetdə, virtual diskursda da bir qədər fərqli formada özünü göstərir.

Məqalədə vurğulanır ki, virtual sosial mədəni mühitin əsasən gənclərdən təşkil olunması, internetin istifadəçilər üçün anonimlik imkanı yaratması, eyni zamanda informasiya cəmiyyəti ideologiyasının təsiri ilə internet folklorunda ənənəyə, stereotiplərə münasibətdə yeni reallıq ortaya çıxıb. İnternetin açıq informasiya mühiti kimi müxtəlif dünyagörüş və baxışların, adət və ənənələrin çulğalaşmasına, virtual sosial şəbəkələrdə kollektiv düşüncənin fərdi rəy və mövqe üzərindən ifadəsinə rəvac verməsi ənənəvi mədəni yaddaşda dərin izlər buraxan bir sıra mövzu, obraz, motiv və süjetlərin virtual sosial mühitdə yenidən aktuallaşmasına, ənənəvi stereotiplərin bəzən dəstəklənməsi, bəzən isə inkar olunmasına gətirib çıxarıb. Beləcə sosio-texnoloji platformada sosio-mədəni şərtlər zəminində formalaşan virtual sosial mühit ənənənin inkarı, ənənəyə alternativlər yaratma və ənənədən qaçmağı ehtiva edən sosial protest funksiyasının prioritet bir axına çevrilməsinə yol açıb. Aparılan analizlər nəticəsində ənənəvi qəhrəman konseptinin Koroğlu obrazı örnəyində virtual sosio-mədəni mühitdə məzmun baxımından dəyişikliyə uğradığı, əsasən gənclər və yeniyetmələrdən təşkil olunan sosial qruplarda komik biçimdə parodikləşdiyi aşkar olunub.

science.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı