İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası olub Noyabr 30, 2022 | 03:04 / Konfranslar, iclaslar

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində noyabrın 29-da İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Komissiyanın sədri İlqar Musayev dünyada və regionda ümumi gərginliklər, müharibələr fonunda informasiya təhlükəsizliyinin rolunu və əhəmiyyətini xüsusi vurğulayaraq dövlət qurumlarına olan kiberhücumların aidiyyəti qurumlarla birgə daima nəzarətdə saxlanıldığını, onların analiz edildiyini və qarşısının alınması üçün tədbirlər görüldüyünü qeyd edib.

Daha sonra Koordinasiya Komissiyasında informasiya təhlükəsizliyinə dair dövlət qurumlarından daxil olan bir sıra təkliflər; milli kriptoqrafik alqoritmin yaradılması, habelə bu sahədə milli kadrların hazırlanması mexanizmləri, ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin hazırlanması və onlardan hərbi xidmət müddətində sahə üzrə effektiv istifadə imkanları və mexanizmlərinin araşdırılması, eləcə də informasiya texnologiyaları sahəsində yeniyetmələr üçün təlim-tədris mərkəzlərin inkişaf etdirilməsi, riyazi-kripto analitika və proqram mühəndisliyi ixtisasları üzrə təhsil proqramlarının yenidən işlənilməsi, yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktiv edilməsi, bir sıra şirkətlərin telekommunikasiya həllərinin istismarının informasiya təhlükəsizliyinə təhdid kimi müxtəlif ölkələrdə məhdudiyyətlərin gətirilməsi faktlarını nəzərə alaraq Azərbaycanın kritik informasiya infrastrukturlarında belə şirkət həllərinin mövcud vəziyyəti və yaratdığı mümkün təhdidlərin qiymətləndirilməsi, dövlət qurumlarında informasiya təhlükəsizliyi biliklərinin artırılması üçün həyata keçirilən “Kibergigiyena” layihəsinin tətbiq sahəsinin genişləndirilməsi, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin “Kibercinayətkarlıq haqqında” beynəlxalq tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi, bir sıra elektron informasiya ehtiyatında “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması halları, BMT hesabatında Azərbaycanın mövqeyinin zəifləmə səbəbləri və müvafiq göstəricilərin inkişaf etdirilməsi, uşaqların zərərli informasiyadan qorunması məqsədi ilə provayderlərdə “təhlükəsiz internet” paketlərinin formalaşdırılmasının vacibliyi və təşviqi, informasiya texnologiyalarının tətbiqi ilə bağlı texniki şərtlərin hazırlanması, layihələrin, işlərin icrası, təhvil-təslimi üçün qəbul aktlarının nümunəvi formalarının hazırlanması, o cümlədən bir sıra xüsusi əhəmiyyətli informasiya təhlükəsizliyi məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Yuxarıda qeyd olunan məsələlərə həsr olunan müzakirələrdə komissiya üzvləri rəy və təkliflərlə çıxış ediblər.

Sonda Komissiyanın sədri bütün iclas iştirakçılarına müzakirələrdə aktiv iştirakına görə təşəkkür edib və müzakirə olunan məsələlərin protokollaşdırılması, zəruri tədbirlərin görülməsi, birgə layihələrin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi üçün müvafiq istiqamətlər üzrə işçi qrupların yaradılmasının vacibliyini bildirib. İnformasiya təhlükəsizliyi sahəsində qarşıda duran həllini gözləyən məsələlərin çoxluğunu nəzərə alaraq belə məhsuldar iclasların daha intensiv keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.

AZƏRTAC

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı