Əlövsət Əliyev “Azərbaycanda yaşıl transformasiya” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib Noyabr 03, 2022 | 04:35 / Konfranslar, iclaslar

Noyabrın 2-də Bakıda BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqları” təşəbbüsü çərçivəsində “Azərbaycanda yaşıl transformasiya” mövzusunda konfrans keçirilib.

Tədbiri Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov açaraq konfransın ölkənin “yaşıl” inkişaf ilə bağlı göstəricilərini izləmək və bu sahədə inkişafın əldə edilməsi istiqamətində təkliflərin verilməsi baxımından vacib rol oynayacağına əminliyini ifadə edib.

Ə.Əhmədov Azərbaycanın “yaşıl enerji”, “yaşıl inkişaf” ilə bağlı layihələrin həyata keçirilməsini öz üzərinə götürdüyünü diqqətə çatdırıb. O, 2030-cu ilə qədər həyata keçiriləcək həmin öhdəliklərin “yaşıl enerji” balansında mühüm əhəmiyyət daşıdığını bildirib. Azərbaycanın nisbətən gənc dövlət olmasına baxmayaraq, BMT-nin bəşəriyyətin gələcəyi ilə bağlı layihələrində yaxından iştirak etdiyini qeyd edib.  

Sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bu platformanın Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasının sürətləndirilməsinə təkan verəcəyini söyləyib. İlk dialoqun Azərbaycanda “yaşıl transformasiya”ya həsr olunduğu və bu məsələnin hazırkı zamanda vacib müzakirə mövzusu olduğu bildirib.

V.Andreeva “Azərbaycan hökumətinin Qarabağda azad olunmuş ərazilərdə “yaşıl zona”nın yaradılması istiqamətində işlərin davam etdirdiyini nəzərə çatdırıb. Vətəndaş cəmiyyətinin, akademik dairənin, hökumətin aktiv fəaliyyətinin dayanıqlı inkişaf məqsədlərinə çatmaq prosesində mühüm rol oynayacağını vurğulayıb.

Beynəlxalq konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev də çıxış edib. O, dayanıqlı iqtisadiyyatın əsas prinsiplərindən biri kimi iqlim dəyişikliyi ilə mübarizə, təbii resursların səmərəli istifadəsi və biomüxtəlifliyin qorunmasının təmin edilməsi məqsədilə Azərbaycanda təmiz texnologiyaların tətbiqi, “yaşıl enerji” mənbələrindən istifadənin təşviqi, təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələrin icra olunduğunu qeyd edib, bu layihələr barədə məlumat verib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov ölkədə sosial-iqtisadi, ətraf mühit sahələrini əhatə edən 30-dan çox dövlət proqramının, strategiya və tədbirlər planının, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təsdiq edildiyini bildirib. S.Məmmədov 2022‒2026-cı illər üzrə İnkişaf Strategiyasının tədbirlər planının DİM-lərin məqsəd və hədəflərinə uyğunlaşdırıldığını qeyd edib.

Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld, Misirin ölkəmizdəki səfiri Hişam Mohamed Nagi Abdil Hamid və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl da çıxış ediblər. Məruzəçilər “yaşıl transformasiya”nın əhəmiyyətindən, iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdən, “yaşıl mənbələr” hesabına iqtisadi artımın maliyyələşdirilməsi perspektivlərindən danışıblar.

BMT-nin ölkə üzrə rezident nümayəndəliyinin iqtisadçısı Hurşid Rustamov Azərbaycanın “yaşıl DİM-lər” üzrə inkişafının təhlilinin nəticələrinə dair təqdimatla çıxış edib.

Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl “Dünya Bankının Azərbaycanda “yaşıl inkişaf”ın qiymətləndirilməsini apardığını qeyd edib. Bu hesabatın ölkənin “yaşıl inkişafı”nın bütün əsas aspektlərini, o cümlədən “mavi iqtisadiyyat”ı əhatə etdiyini bildirib. Eyni zamanda Azərbaycanın son 30 ildə çox böyük iqtisadi uğurlar qazandığını, Dünya Bankının donoruna çevrildiyini diqqətə çatdırıb.

S.Maykl Azərbaycanın “yaşıl transformasiya” üzrə qlobal lider olmaq potensialına malik olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanın 5 strateji prioriteti çox mühüm məsələlərə, o cümlədən “yaşıl keçid”ə yönəlib ki, bu da ölkə iqtisadiyyatına çox müsbət təsir göstərəcək.

O, Dünya Bankının Azərbaycanda “yaşıl” artımın qiymətləndirilməsi üzrə hesabat dərc edildiyini bildirib. Burada biotexnologiyalar və bioiqtisadiyyat, dənizdə bərpa olunan enerji, üzən günəş fotoelektrik qurğuları və digər sahələrdə yüksək potensialın olduğunu vurğulayıb.

Daha sonra beynəlxalq konfransda “Azərbaycanda yaşıl transformasiyanı sürətləndirmək üçün yeni yolların müəyyən edilməsi” mövzusunda panel müzakirə keçirilib. Tədbirdə enerji sektorunda aparılan islahatlar və bu islahatların “yaşıl transformasiya”da rolu, “yaşıl ətraf” mühitə əsaslanan dayanıqlı inkişafın formalaşdırılması üçün atılacaq addımlar, Dünya Bankı tərəfindən hazırlanmış, Azərbaycanda “yaşıl inkişaf”la bağlı hesabatın əsas istiqamətlərinə və tövsiyələrinə diqqət yetirilib.

Tədbirdə Azərbaycanın “yaşıl inkişaf” göstəriciləri və “yaşıl DİM-lər” üzrə inkişafının təhlilinin əsas nəticələri, respublikanın “yaşıl transformasiya”sının sürətləndirilməsi və “yaşıl DİM”lərə nail olunması perspektivləri, ölkəmizdə “yaşıl transformasiya”nı sürətləndirmək üçün yeni yolların müəyyənləşdirilməsi və s. kimi mövzularda müzakirələr aparılıb.

Beynəlxalq konfransda İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev də iştirak edib. Panel müzakirələri üzrə dialoqlar çərçivəsində i.e.d. Əlövsət Əliyev Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət şöbəsinin müdiri, i.ü.f.d. Hüseyn Hüseynovla birgə İnformasiya Texnologiyaları İnstitutunda “yaşıl” transformasiyalar, “yaşıl” iqtisadiyyat, “yaşıl” İKT və s. kimi istiqamətlərdə aparılan elmi-tədqiqat işləri ilə bağlı müzakirələr aparıb, bu istiqamətdə institutun digər maraqlı təşkilatlarla əməkdaşlıq əlaqələrinin təşkilinin zəruriliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı