İnstitutda “Heydər Əliyev İli” çərçivəsində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır Oktyabr 19, 2022 | 09:45 / Konfranslar, iclaslar

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurumun Elmi şurasının növbəti onlayn iclasında “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” AR Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr barədə çıxış edib.

Akademik 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olduğunu nəzərə çatdırıb. Cənab Prezidentin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi və bununla əlaqədar olaraq Sərəncam imzalamasının xüsusi anlam daşıdığını, milli-mənəvi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Alim qeyd edib ki, bütövlükdə türk dünyasının böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının tarixində, dövlətçiliyimizin formalaşması və möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq səviyyədə tanınması istiqamətində müstəsna xidmətləri olmuşdur. Azərbaycanın son onilliklərdə keçdiyi inkişaf yolu, regionda və beynəlxalq müstəvidə nüfuzlu dövlət kimi tanınması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Ümumilli Lider Heydər Əliyevin İKT sahəsində apardığı siyasət hazırda Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İnstitutun baş direktoru cari ilin 22 iyul tarixində IEEE Kompüter Cəmiyyətinin (IEEE Computer Society, USA) beynəlxalq institutunun vebinarında Azərbaycanda informatikanın meydana gəlməsi və formalaşması mərhələləri, Sovet İttifaqı dövründə və müstəqillik illərində informatika, kompüter elmləri və informasiya-kommunikasiya texnologiyaları sahəsinin təkamülü, ölkədə informatika elminin inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu ilə bağlı geniş məruzə ilə çıxış etdiyini xatırladıb. Bu tədbirin dünya elmi ictimaiyyətinə zəruri məlumatların çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

“Bütün bu məqamlar nəzərə alınmaqla, ölkə başçısının 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi və bununla əlaqədar olaraq Sərəncam imzalaması müxtəlif dövlət orqanları və peşə sahibləri, o cümlədən Azərbaycan elmi qarşısında mühüm vəzifələr qoydu. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə hörmət əlaməti olaraq fəaliyyətimizi daha da gücləndirməli, cəmiyyətimizin yüksək intellektual potensiala malik olan bir ölkə kimi formalaşdırılması və ölkəmizin iqtisadi dayaqlarının qabaqcıl biliklər üzərində qurulması ilə Azərbaycanın inkişafına nail olunması üçün bütün imkanlarımızı səfərbər etməliyik”, – deyə akademik bildirib.

Alim Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Ümummilli Liderin Azərbaycanda kosmik sənayenin əsasının qoyulması, informasiya cəmiyyətinin meydana gəlməsi və inkişaf etdirilməsi, informatika və onunla əlaqəli olan kompüter elmlərinin, internet texnologiyalarının, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və s. istiqamətlərdə yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılığı ilə bağlı yeni fikirlərin müzakirə olunacağı bir sıra tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

Akademik R.Əliquliyev institutun 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərinin hazırlanaraq AMEA Rəyasət Heyətinə təqdim edildiyini diqqətə çatdırıb. İnstitutun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində mötəbər konfransın keçirilməsinin planlaşdırıldığını qeyd edib, müxtəlif elmi istiqamətlərdə əsaslı tədqiqatların aparılması, bir sıra aktual problemlərin araşdırılması və onların həllinə Azərbaycan alimlərinin töhfə verməsinin vacibliyini vurğulayıb. Alim institut əməkdaşlarını müvafiq istiqamətdə dövlətin elm qarşısında müəyyənləşdirdiyi vəzifə və tapşırıqların icrasında aktiv fəaliyyətə çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı