Akademik Rasim Əliquliyev: “İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyəti yeni tələblər əsasında qurulmalıdır” Oktyabr 19, 2022 | 09:38 / Müsahibələr, çıxışlar

Azərbaycanda elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Prezident İlham Əliyevin 28 iyul 2022-ci il tarixli Fərmanı  elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi, çevikləşdirilməsi və zamanın tələblərinə uyğunlaşdırılması məqsədini daşıyır. AMEA-nın Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmiş digər elmi müəssisə və təşkilatları kimi İnformasiya Texnologiyaları İnstitutu da qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, öz fəaliyyətini yenidən qurmalıdır.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının onlayn iclasında müvafiq Fərmanın icrası və rəhbərlik etdiyi qurumun gələcək fəaliyyəti ilə bağlı fikirlərini bölüşərkən belə deyib.

Akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutunun artıq yeni hüquqi şəraitdə fəaliyyət göstərdiyini, bu müəssisənin qarşısına ciddi vəzifələrin qoyulduğunu söyləyib. Yeni şəraitin hər bir əməkdaşdan daha məsuliyyətli olmağı, səmərəli fəaliyyət göstərməyi, cəmiyyətin maraqlarına xidmət edən elmi tədqiqatlarla məşğul olmağı tələb etdiyini vurğulayıb.

Baş direktor elmi müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi məqsədilə Nazirliyin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirib ki, institut dünyada gedən proseslərə adekvat olaraq, elm və təhsilin idarəolunmasına yeni hüquqi baxış kontekstində öhdəsinə düşən missiyanı məsuliyyətlə yerinə yetirməli, elmi fəaliyyətin səmərəsinin daha da artırılmasına çalışmalıdır.

Ayrı-ayrı ölkələrdə elm, təhsil, innovasiya və texnologiya kimi strateji sahələrdə ciddi nailiyyətlərin əldə olunduğunu, bu və ya digər reallıqlar nəzərə alınmaqla yeni modellərin ortaya qoyulduğunu deyən alim rəhbərlik etdiyi qurumun da öz gələcək fəaliyyətini beynəlxalq təcrübəni nəzərə almaq şərtilə yeni tələblər əsasında qurmalı olduğunu deyib.

Akademikin sözlərinə görə, yeni Fərman həm də ölkədə təbiət, dəqiq və texniki elmlər sahəsində aparılan tədqiqatların idarəolunmasını, maliyyələşdirilməsini, müvafiq institut və təşkilatların maddi-texniki bazasının gücləndirilməsini, o cümlədən həmin strukturların sayının optimallaşdırılmasını nəzərdə tutur. 

AMEA-nın vitse-prezidenti hər bir elmi müəssisənin fəaliyyətinin demokratik əsaslarla və şəffaf şəkildə qurulması məsələsinə də toxunub. Alim diqqətə çatdırıb ki, işğaldan azad olunmuş ərazilərimizdə gedən quruculuq işləri, inkişaf və innovativ proseslər kontekstində beynəlxalq əməkdaşlığı gücləndirməli, qrant layihələrdə iştirak etməli, elm və təhsilin inteqrasiyasının sürətlənməsi üçün səylərimizi birləşdirməliyik. İnformasiya Texnologiyaları İnstitutunun bütün struktur bölmələri, alim və tədqiqatçılarımız bu prosesdə yaxından iştirak etməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı