GEANT-ın baş direktoru: “Azərbaycanın gənc tədqiqatçılarının Avropada təcrübə keçməsi üçün lazımi dəstəyi göstərməyə hazırıq” Sentyabr 27, 2022 | 12:36 / Görüşlər

Xəbər verdiyimiz kimi, 28-29 sentyabr 2022-ci il tarixlərində Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) keçiriləcək. Avropa ölkələrinin alim və mütəxəssislərini bir araya gətirəcək tədbir GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılacaq. Konfransın keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

Bununla əlaqədar olaraq, İnformasiya Texnologiyaları İnstitutunda GEANT Assosiasiyasının baş direktoru Erik Huizer ilə görüş keçirildi.

Görüşdə “EaPEC 2022” konfransının təşkilat komitəsinin üzvləri, “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzinin heyəti və institutun gənc tədqiqatçıları iştirak edirdilər.

Öncə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Avropa üzrə bütün elm və təhsil qurumlarına xidmət göstərən nəhəng elektron infrastruktur olan GEANT-ın baş direktoru Erik Huizeri institut əməkdaşları adından salamlayaraq, onu kollektivə təqdim etdi.

Hayzerin Avropada internet texnologiyasının təşkilatçılarından biri olduğunu qeyd edən akademik R.Əliquliyev bildirdi ki, 2014-cü ildə onun adı internetin inkişafına verdiyi mühüm töhfələrə görə İnternetin Şöhrət Zalına (ISOC beynəlxalq təşkilatı tərəfindən təsis edilən illik mükafat) daxil edilib.

AMEA-nın vitse-prezidenti GEANT-ın qlobal miqyasda, Afrika, Asiya və Latın Amerikası da daxil olmaqla, dünyanın bütün ölkələrində tədqiqat və təhsil şəbəkələrinin yaradılması və inkişafını təmin etmək üçün regional tərəfdaşlarla işlədiyini diqqətə çatdırdı. Şərq Tərəfdaşlığı ölkələrini (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və s.) əhatə edən elektron elm infrastrukturunun yaradılması və bu ölkələrdə fəaliyyət göstərən tədqiqat və təhsil müəssisələrində milyonlarla alim, müəllim heyəti və tələbənin yüksəksürətli, genişzolaqlı internet şəbəkəsinə asanlıqla çıxışının təmin edilməsini nəzərdə tutan “EaPConnect” layihəsinin əhəmiyyətindən bəhs etdi.

E.Hayzerin “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nda iştirak üçün Bakıya səfər etdiyini söyləyən akademik bu mötəbər tədbirin Azərbaycan elminin Avropanın intellektual cəmiyyətinə effektiv şəkildə inteqrasiyasının təmin olunması baxımından mühüm platforma rolunu oynayacağını vurğuladı.

Akademik R.Əliquliyev E.Hayzerin tədbir iştirakçılarını GEANT-ın təqdim etdiyi imkanlar haqqında məlumatlandırması, gənc tədqiqatçıların Avropanın aparıcı universitetlərinin təhsil proqramlarına cəlb edilməsi, onların elmi fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində dəyərli tövsiyələrini bildirməsi üçün qonağa söz verdi.

Sonra GEANT Assosiasiyasının baş direktoru Erik Huizer çıxış edərək, Azərbaycana ilk dəfə səfər etdiyini və ölkəmizdə olmaqdan məmnunluğunu ifadə etdi.

GEANT-ın əsas fəaliyyət istiqamətləri haqqında məlumat verən E.Huizer qurumun tədqiqat və təhsil üçün elektron infrastruktur və xidmətlər üzrə Avropanın aparıcı əməkdaşlıq təşkilatı olduğunu bildirdi. Baş direktor qurumun 40-dan çox ölkəyə internet xidmətləri təklif etdiyini, Azərbaycanın bu qurumda AzScienceNet elm-kompüter şəbəkəsi vasitəsilə təmsil olunduğunu diqqətə çatdırdı. Natiq Azərbaycanın Avropanın müvafiq qurumları ilə mövcud əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi və Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsi üçün geniş şəraitin yaradıldığını vurğuladı. O, bütün Avropa üzrə 10 min institut, 50 milyon akademik istifadəçini əhatə edən bu şəbəkəyə daxil olan hər bir ölkənin milli tədqiqat və təhsil şəbəkəsinə malik olduğunu qeyd etdi.

GEANT-ın baş direktoru əlavə etdi ki, bu şəbəkə fizika, yer və ətraf mühit elmləri, enerji, sağlamlıq və qida, sosial elmlər, e-infrastrukturlar sahəsində fəaliyyət göstərən alim, mütəxəssis və tədqiqatçılara yerli internet vasitəsilə aparılması mümkün olmayan tədqiqatları reallaşdırmağa imkan verir.

Azərbaycanın GEANT-ın təqdim etdiyi bir sıra xidmətlərdən istifadə etmədiyini də qeyd edən E.Huizer həmin xidmətlərin imkanlarından bəhs etdi, ölkənin bu xidmətlərə əlçatanlığının təmin olunmasının əhəmiyyətini vurğuladı.

O, həmçinin GEANT-ın təqdim etdiyi eduMEET, eduGAIN, eduTEAMS, High Performance Computing xidmətlərinin üstünlükləri haqqında tədbir iştirakçılarını məlumatlandırdı.

E.Huizer GEANT şəbəkəsinin Şimali və Cənubi Amerika, Afrika, Avstraliya ölkələri, eləcə də Çin və Yaponiya ilə də əlaqələrinin yaradıldığını bildirərək şəbəkənin xidmətlərindən istifadə edən hər bir tədqiqatçının bu imkanlardan yararlanmasının mümkün olduğunu önə çəkdi.

GEANT-ın baş direktoru şəbəkənin “Amazon”, “Microsoft”, “Google” kimi nəhəng şirkətlərlə əməkdaşlıq əlaqələrinin müzakirə olunduğunu da diqqətə çatdırdı.

E.Huizer çıxışının sonunda kadr hazırlığı istiqamətində işlərin görülməsinin vacib məsələlərdən olduğuna diqqət çəkərək Azərbaycanın gənc tədqiqatçılarının, alim və mütəxəssislərinin Avropanın müxtəlif elm və təhsil müəssisələrinə təcrübə keçmək məqsədilə göndərilməsi üçün lazımi köməkliyi göstərməyə hazır olduğunu bildirdi.

Daha sonra E.Hayzer institutun əməkdaşları tərəfindən ona ünvanlanan sualları cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı