Abituriyentlər üçün informatikadan tədris vəsaitinin 2-ci hissəsi nəşr olunub Sentyabr 14, 2022 | 10:42 / Yeni nəşrlər

Məlum olduğu kimi, AR Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” 12 mart 2022-ci il tarixli Qərarına əsasən, 2023-2024-cü tədris ilində I ixtisas qrupu üzrə riyaziyyat-informatika altqrupuna daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər 2-ci mərhələdə fizika, riyaziyyat və informatika fənlərindən imtahan verəcəklər.

Bununla əlaqədar olaraq, Dövlət İmtahan Mərkəzi (DİM) cari ildə “İnformatika” fənnindən imtahan proqramını və imtahan tapşırıqlarının modelini elan edib. Hər iki sənədin hazırlanmasında “İnformatika” fənninin mövcud kurikulumu və V-XI siniflər üçün hazırda istifadədə olan dərsliklər əsas götürülüb. Bu da həqiqətdir ki, ümumi təhsil müəssisələri üçün “İnformatika” dərslikləri şagirdlərin imtahana hazırlaşmaları üçün tam yetərlidir. Lakin dərsliklərdəki müəyyən mövzular üzrə materialların müxtəlif siniflər üzrə paylanması, dərsliklərin strukturuna qoyulan tələblər bəzən müəyyən mövzuları arzuolunan səviyyədə təqdim etməyə imkan vermir. Vəziyyətdən yeganə çıxış yolu abituriyentlər üçün əlavə tədris vəsaitlərinin yaradılmasıdır.

DİM tərəfindən imtahan modelinin elan olunmasından qısa müddət keçməsinə baxmayaraq, BDU-nun sabiq dosenti, mərhum Ramin Mahmudzadə və İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İsmayıl Calallının müəllifi olduğu “İnformatika. Abituriyent-2023” adlı vəsaitin bu günlərdə “Bakı” nəşriyyatı tərəfindən müəllimlərin və abituriyentlərin ixtiyarına verilməsi təqdirəlayiq haldır. İki hissədən ibarət olan kitabın 1-ci hissəsi ilə oxucular artıq tanışdır. AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev 2-ci hissəyə yazdığı ön sözdə kitabı abituriyentlər, tələbələr və müəllimlər, eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsi ilə maraqlanan geniş oxucu kütləsi üçün son dərəcə faydalı tədris qaynağı kimi yüksək qiymətləndirib.

Tədris vəsaitində demək olar ki, bütün mövzular yenidən işlənib, hər mövzuya lazımi əlavələr edilib. Kitabın 1-ci hissəsi 9, 2-ci hissəsi isə 8 bölmədən ibarətdir. Ümumilikdə 2-ci hissədə 51 mövzu (1-ci hissədə 56 mövzu) əhatə olunub. Hər mövzuda verilmiş nəzəri materiallar çoxsaylı nümunələrlə müşayiət olunur. Məsələ həlli tələb edən mövzularda müvafiq həcmdə nümunə məsələlər təqdim edilib. Hər mövzunun sonunda mənimsəməni möhkəmləndirmək üçün “Müstəqil qiymətləndirmə tapşırıqları” verilib, hər bölmə isə “Ümumiləşdirici tapşırıqlar” ilə yekunlaşdırılıb.

“Müstəqil qiymətləndirmə tapşırıqları” ilə yanaşı, “Ümumiləşdirici tapşırıqlar”ın da cavablarının vəsaitdə verilməsi bu kitabın dəyərini bir qədər də artırır. Bundan başqa, 1-ci hissədəki “Ümumiləşdirici tapşırıqlar”ın da cavablarının ikinci hissənin sonunda verilməsi çox önəmlidir. Hər bölmənin sonuna 3 situasiya tipli orijinal tapşırıq (ümumilikdə 51 tapşırıq) daxil edilib. Bütövlükdə kitabda 106 mövzu üzrə 130 məsələ (həlli ilə), 633 müstəqil qiymətləndirmə tapşırığı verilib.

“İnformatika” fənn kurikulumunun əsas məzmun xətlərindən birinin alqoritmləşdirmə və proqramlaşdırma ilə bağlı olduğunu nəzərə alaraq, kitabda müvafiq bölmələrə daha geniş yer ayrılması xüsusi vurğulanmalıdır.

“İnformatika. Abituriyent-2023” vəsaiti təkcə qəbul imtahanlarına hazırlaşanlar üçün deyil, ümumtəhsil məktəblərinin V-XI siniflərində informatika fənnini tədris edən müəllimlər üçün də əvəzsiz vəsaitdir. Bundan başqa, kitabdan yuxarı sinif şagirdləri və ali təhsil müəssisələrində “İnformasiya texnologiyalarının əsasları” fənnini öyrənən tələbələr də yararlana biləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı