Filds medalının 2022-ci il qaliblərinin adları açıqlanıb İyul 15, 2022 | 11:09 / Mühüm hadisələr

Bu il Filds medalı ilə ukraynalı Marina Vyazovskaya, fransız Hüqo Duminil-Kopen, britaniyalı Ceyms Meynard və amerikalı Cun Ha təltif ediliblər.

Marina Vyazovskaya ədədlər nəzəriyyəsi, Hüqo Duminil-Kopen ehtimal nəzəriyyəsi, Cun Ha cəbri həndəsə və kombinatorika, Ceyms Meynard isə analitik ədədlər nəzəriyyəsi üzrə tanınmış riyaziyyatçılardır.

Riyaziyyat üzrə Nobel mükafatı da adlandırılan Filds medalı hər 4 ildən bir yaşı 40-dan çox olmayan 2, 3 yaxud 4 riyaziyyatçıya verilir. Mükafat fondu 15000 Kanada dollarıdır. Medal ilk dəfə 1936-cı ildə fin riyaziyyatçısı Lars Alforsa və amerikalı riyaziyyatçı Cessi Duqlasa verilib və 1950-ci ildən bəri dörd ildən bir verilir. Ümumilikdə 64 nəfər Filds medalı ilə təltif edilib. Fizika üzrə iki fəlsəfə doktoru (Edvard Vitten və Martin Hayrer) istisna olmaqla, yalnız riyaziyyat üzrə fəlsəfə doktoru olan şəxslər medal qazanıblar. Fransız riyaziyyatçısı Jan-Pyer Serr Filds medalının ən gənc (28 yaşında) sahibi olub.

Filds mükafatının builki qaliblərinin adları əvvəlcə Sankt-Peterburqda keçirilməsi planlaşdırılan, lakin Ukraynadakı müharibə ilə əlaqədar olaraq onlayn rejimdə keçirilən Beynəlxalq Riyaziyyat Konqresində açıqlanıb. Filds medalının mükafatlandırma mərasimi və mükafatçıların çıxışı Finlandiyanın Helsinki şəhərində baş tutub və canlı yayımlanıb.

İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin professoru, 37 yaşlı Marina Vyazovskaya çoxəsrlik riyazi problemi həll etdiyinə görə bu mükafata layiq görülüb. Marina isbat edib ki, “E8 qəfəsi 8 ölçülü fəzada identik sferaların ən sıx qablaşdırılmasını təmin edir”. O, həm də “Furye analizində ekstremal və interpolyasiya məsələlərinə əlavə töhfələr verdiyinə görə” təltif edilib. Marina bu mükafata layiq görülən ikinci qadın (Məryəm Mirzəxanidən sonrariyaziyyatçıdır. O, həm də Ukraynada anadan olan və bu mükafata sahib olan ikinci (Vladimir Drinfelddən sonra) şəxsdir. Marina Vyazovskaya bakalavr təhsilini Taras Şevçenko adına Kiyev Milli Universitetində, magistr təhsilini isə Kayzerslautern Universitetində tamamlamışdır.

37 yaşlı Hüqo Duminil-Kopen, Fransanın riyaziyyat və nəzəri fizika üzrə ixtisaslaşmış Ali Elmi Araşdırmalar İnstitutunun və Cenevrə Universitetinin professorudur. O, “statistik fizikada faza keçidlərinin (xüsusilə üç və dörd ölçülü) ehtimal nəzəriyyəsinin uzun müddət həll olunmayan problemlərinin həllinə görə” bu mükafatla təltif edilib. Münsiflər heyətinin fikrincə, bu töhfə bir neçə yeni elmi tədqiqat istiqamətinə yol açıb. Hüqo Duminil-Kopen Paris-Cənub Universitetini bitirmişdir.

Böyük Britaniyanın Oksford Universitetinin professoru, 35 yaşlı Ceyms Meynard isə Filds mükafatına “sadə ədədlərin strukturunun anlaşılmasında və Diofant yaxınlaşmasında böyük irəliləyişlərə səbəb olan analitik ədədlər nəzəriyyəsinə verdiyi töhfələrə görə” layiq görülüb. O, bakalavr və magistr təhsilini Kembric Universitetində almışdır.

ABŞ-ın Prinston Universitetinin professoru, koreya əsilli 39 yaşlı Cun Ha isə “Hodc nəzəriyyəsini kombinatorikaya gətirdiyinə, həndəsi qəfəslər üçün Daulinq-Vilson hipotezini isbat etdiyinə, matroidlər üçün Heron-Rota-Uelş hipotezini isbat etdiyinə, Lorents çoxhədlilər nəzəriyyəsini inkişaf etdirdiyinə və güclü Meyson hipotezini isbat etdiyinə görə” mükafatlandırılıb. Cun Ha bakalavr və magistr təhsilini Seul Milli Universitetində almışdır.

mathunion.org

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı