NFT texnologiyasının inkişaf perspektivləri tədqiq edilir İyun 23, 2022 | 03:49 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 3 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. İnstitutun icraçı direktoru, şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov tədbirdə “Non-Fungible Token: perspektivləri və tətbiq sahələri” mövzusu ilə bağlı müzakirələrin aparılacağını diqqətə çatdırıb.

İnstitutun baş mütəxəssisi Oqtay Ələkbərov mövzuya dair çıxış edərək, “Non-Fungible Token” (NFT) texnologiyası barədə ətraflı məlumat verib. Qeyd edib ki, “Dəyişməz pul” deyə tərcümə edilən NFT dəyəri olan və toplana bilən rəqəmsal aktivdir. İstənilən sənət əsəri, video, tvit, veb-sayt, fotoşəkil, sosial mediada yaradılmış hekayə və s. NFT kimi hesablana bilən aktiv ola bilər. Bunun üçün həmin rəqəmsal aktivlər müəyyən olunmuş tələblərə cavab verməlidir.

“NFT texnologiyası ilk dəfə 2017-ci ildə “Ethereum” blokçeyni əsasında yaradılmışdır. “Injective Protocol” blokçeyn şirkəti rəssam Benksin “Morons” adlı əsərini satın almışdır. Daha sonra həmin əsəri yandırmış və onun rəqəmsal nüsxəsini yaratmışdır. Beləliklə, ilk NFT nümunəsi meydana çıxmışdır. Maraqlısı odur ki, sözügedən rəsm əsərində insanların auksionlarda rəsm əsərlərinə külli miqdarda vəsait ödəməsindən bəhs edilirdi”, – deyə tədqiqatçı söyləyib.

Unikallıq, fərdiləşmə, mülkiyyətçilik, nadirlik, şəffaflıq və qarşılıqlı işləmə qabiliyyətinin NFT-lərin əsas xüsusiyyətləri olduğunu bildirən O.Ələkbərov bu texnologiyanın üstünlüklərindən də söz açıb. Qeyd edib ki, NFT-lər istənilən rəssama və ya hər hansı bir sənətçiyə plagiatlıqla mübarizə aparmaqda kömək edə bilər. Çünki NFT vasitəsilə nüsxələnə bilməyən yaradıcılıq nümunələrini rəqəmsallaşdırmaq mümkündür. Bahalı məhsulların NFT edilməsi və mülkiyyət hüququnun yalnız alıcıya verilməsi təsdiqlənə bilər. Müxtəlif qurumlar şəxsin təhsil keçmişini təsdiqləmək üçün NFT əsaslı sertifikat və lisenziyalar təklif edə bilərlər. Artıq NFT-lər sayəsində saxta biletlərin satışının dayandırılması və yayım hüquqlarının pozulması hallarının aradan qaldırılması da reallıqdır.

Məruzəçinin sözlərinə görə, NFT anlayışını rəqəmsal dünyada normal şəraitdə kolleksiya dəyərinə malik ola bilən aktivin əks olunması kimi də müəyyən etmək olar. Onu rəqəmsal valyutalardan fərqləndirən, unikal və dəyişməz edən əsas xüsusiyyət bütün NFT-lərin fərqli dizayn edilməsidir. NFT-lərin təhlükəsizlik səviyyəsi istənilən rəqəmsal aktivi unikallaşdırır, həmçinin kriptovalyutalarda tətbiq olunan təhlükəsizlik kodlarından istifadə edir. Bütün NFT-lərin saxlanıldığı blokçeyn platformalarının yaddaşı dəyişməzdir ki, bu da mülkiyyət hüququnun silinməsini və ya dəyişdirilməsini qeyri-mümkün edir. Blokçeyn xüsusi təhlükəsizlik protokolları təklif edərək, kiberhücumların əhatə dairəsini kiçildir.

O.Ələkbərov NFT-lərin əldə edilməsi üsulları (“Play to Earn”, “Move to Earn”, “Buy to Earn”, “Create to Earn”), NFT standartları və NFT-lərin satışa çıxarıldığı “NFT Store”lar (“OpenSea”, “Rarible”, “SuperRare”, “Nifty Gateway”, “Mintable”) haqqında geniş məlumatı seminar iştirakçılarının diqqətinə çatdırıb. Onun inkişaf perspektivlərindən bəhs edərək, NFT texnologiyasının 2017-ci ildə yaranmasına baxmayaraq, 2020-ci ildən etibarən populyarlaşmağa başladığını söyləyib. Qeyd edib ki, hazırda NFT bazarında pul dövriyyəsi milyard dollarla ölçülür. Ekspertlərin proqnozlarına əsasən, 2026-ci ildə bu rəqəmin trilyona çatacağı gözlənilir. Məruzəçi, həmçinin dünyanın 10 ən bahalı NFT nümunəsi barədə danışıb.

Məruzə ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb. Şöbə rəhbəri Rəşid Ələkbərov çıxış edərək, bu kimi yeni texnologiyaların inkişaf perspektivlərinin araşdırılmasının önəmini vurğulayıb, müvafiq istiqamətdə aparılan tədqiqatların intensivləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı