Azərbaycanın Milli Qurtuluş Günündən başlanan tarixi Zəfər yolu İyun 15, 2022 | 10:44 /

Tariximizə Milli Qurtuluş Günü kimi yazılan 1993-cü il 15 iyundan bizi 29 illik zaman ayırır. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu. Xalqımız artıq iki ildir bu günü qalib xalq kimi daha yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Qırx dörd günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfər və digər uğurlar öz başlanğıcını Milli Qurtuluş Günündən götürür. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli lider Heydər Əliyevin məcburi köçkünlərlə görüşlərinin birində böyük inamla söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”.

Ulu öndər Heydər Əliyevin arzuları 2020-ci ilin noyabrında reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Müasir hərb tarixinə qızıl hərflərlə yazılmış İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Qələbə sayəsində 30 ilin torpaq həsrətinə, nisgilinə son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, dünya Azərbaycan xalqının gücünə, həmrəyliyinə bir daha şahidlik etdi.

AZƏRTAC 1993-cü il iyunun 15-dən - Milli Qurtuluş Günündən başlanan tarixi Zəfər yoluna qısaca nəzər salır.

Müstəqilliyimizin xilaskarı və qarantı

Əgər 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin adı tarixə müstəqilliyimizin xilaskarı, qarantı kimi yazılıb. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində baş verənlərə nəzər salmaqla Ulu Öndərin böyüklüyünü və dahiliyini əyani surətdə görə bilərik.

XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan böyük təhlükələrlə - parçalanmaq, məhv olmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Ölkədə dərin hakimiyyət böhranı, xaos və anarxiya hökm sürürdü. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalı, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyət ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətdə belə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız öz dahi oğlunu təkidlə hakimiyyətə dəvət edirdi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi və bir neçə gündən sonra hakimiyyətin sükanı arxasına keçdi. Bu, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu.

Heydər Əliyev Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. Gələcəyə, konkret nəticələrə hesablanmış bu siyasət nəticəsində, həmçinin Ermənistan silahlı qüvvələrinin torpaqlarımıza davam edən təcavüzünün qarşısını almaq mümkün oldu.

Ümummilli Lider müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, müstəqillik tariximizin ayrı-ayrı dövrləri paralel şəkildə təhlil olunmalı, gələcək nəsillərə çatdırılmalı, onlar müstəqillik yolumuzun heç də hamar olmadığını bilməlidirlər.

Milli Qurtuluş Günü - Azərbaycanın taleyinin dəyişdiyi gün

İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır”. Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, gələcək inkişaf üçün möhkəm təməllər yaratdı. Bu istiqamətdə atılan ilk mühüm addım 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması oldu. Sonrakı dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə başlanıldı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu transmilli layihələrə Asiyanı Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi əlavə edildi.

1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu. Eyni zamanda, zəruri islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi. Təfərrüata varmadan demək olar ki, Qurtuluş Günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtularaq sabitliyə, əmin-amanlığa, inkişafa qovuşmasının əsasının qoyulduğu, ölkəmizin taleyinin dəyişdiyi gündür.

Azərbaycanın müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafını, tarixin ən çətin sınaqlarından uğurla çıxmasını təmin edən ulu öndər Heydər Əliyev sözün əsl mənasında, xilaskar, qurucu lider rolunu oynadı. Ötən dövrə nəzər saldıqda aydın görürük ki, müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. Bu əsərin təməl daşının qoyulduğu gün – 15 iyun tariximizin ən parlaq səhifələrindən biridir.

Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldən “Şuşa Bəyannaməsi”nin məhz Milli Qurtuluş Günündə imzalanması heç də təsadüfi deyil. Bu hadisə Azərbaycan xalqının Vətən müharibəsindən sonra yaranmış böyük ruh yüksəkliyini daha da alovlandırdı, dostlar üçün böyük sevinc, düşmən üçün isə gözdağı oldu.

Heydər Əliyev ideyaları Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparır

Qədirbilən xalqımız ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini daim minnətdarlıq hissi ilə xatırlayır. Ümummilli Liderin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri sonrakı dövrdə də Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis yetişdirməsidir. Ulu Öndərin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz dinamik inkişaf edir, dünya siyasi arenasında layiqli yer tutur, milli maraqlarımız bütün səviyyələrdə qətiyyətlə qorunur. Azərbaycan qüdrətli, öz prinsipial mövqeyi olan, müstəqil siyasət yeridən ölkə kimi tanınır.

Son illər Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib, ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Bugünkü Azərbaycan Ulu Öndərin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş qüdrətli ölkədir. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsi, xüsusən misilsiz Şuşa əməliyyatı dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilməkdədir.

Qarabağ Zəfəri bölgədə yeni reallıqlar yaradıb. Dünyanın bir çox dövlətləri və güc mərkəzləri bu reallıqları qəbul edir, onunla hesablaşır. Postmüharibə dövrünün gündəliyini də Azərbaycan diktə edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda, Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri həyata keçirir. Xalqımız əmindir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq. Çünki ölkəmizin İlham Əliyev kimi qətiyyətli, güclü siyasi iradəyə malik, xalqının və dövlətinin maraqlarını əzmlə, cəsarətlə müdafiə edən Prezidenti var.

Çox keçməz ki, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək və bu, tariximizə daha bir uğur səhifəsi kimi yazılacaq.

Göründüyü kimi, Heydər Əliyevin ideyaları Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır.

 
Hikmət Əhmədov
 
AZƏRTAC-ın müxbiri
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı