Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metodlar işlənilir İyun 10, 2022 | 02:50 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, şöbənin rəhbəri, akademik Rasim Əliquliyev elmi seminarın institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyevin texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin və institutun dissertantı Elşən Bağırovun “Təsvirlər əsasında zərərli proqramların aşkarlanması metodlarının icmalı” adlı məruzəsinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Öncə iddiaçı Ramiz Şıxəliyev çıxış edərək “Kompüter şəbəkələrinin intellektual monitorinqi üçün metod və modellərin işlənilməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verib. O, elmi-tədqiqat işinin məqsədinin kompüter şəbəkələrinin idarə edilməsi üzrə qərar qəbul edən şəxsə düzgün və əsaslandırılmış qərarların qəbuluna intellektual informasiya dəstəyinin verilməsi üçün intellektual texnologiyalara əsaslanan monitorinq metod və modellərinin işlənilməsi olduğunu bildirib.

Mövzunun aktuallığından bəhs edən məruzəçinin sözlərinə görə, kompüter şəbəkələri müasir cəmiyyətin çox vacib aktivinə çevrilmiş və cəmiyyətin həyatı onların etibarlı, fasiləsiz və təhlükəsiz fəaliyyətindən asılı vəziyyətə düşmüşdür. Kompüter şəbəkələri Sənaye 4.0 konsepsiyasının əsas baza dəstəkləyici infrastrukturunu təşkil edir. Onların fəaliyyətinin dayanması, təhlükəsizliyinin təmin olunmaması milli təhlükəsizliyə, iqdisadiyyata, sosial-ictimai həyata, e-dövlətin fəaliyyətinə və s. sahələrə mənfi təsir göstərir. Düzgün və əsaslandırılmış qərarların qəbul edilməsi üçün kompüter şəbəkələrinin həm keyfiyyət, həm də kəmiyyət göstəriciləri dəqiq müəyyən olunmalı və analiz edilməlidir. Kompüter şəbəkələrinin monitorinqi qərarlarının qəbulunun intellektuallaşdırılması, kompüter şəbəkələrinin təhlükəsizliyinin intellektual monitorinqi və s. kimi problemlərin həlli üçün intellektual monitorinq metod və modellərinin işlənilməsi aktual məsələlərdəndir.

R.Şıxəliyev dissertasiyanın giriş, 5 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu söyləyib. Elmi-tədqiqat işi çərçivəsində 21 məqalə və 14 konfrans materialının nəşr olunduğunu söyləyib.

Şöbənin rəhbəri, akademik Rasim Əliquliyev dissertasiya işinin aktual problemlərə həsr olunduğunu bildirib, müvafiq istiqamətdə aparılan tədqiqatların intensivləşdirilməsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda yeni məqalələrin dərc olunmasının zəruriliyini qeyd edib.

Sonra institutun dissertantı Elşən Bağırov “Təsvirlər əsasında zərərli proqramların aşkarlanması metodlarının icmalı” mövzusuna dair məruzəsini təqdim edib. O, zərərli proqramların aşkarlanması metodları, bu üsulların üstünlükləri və çatışmazlıqlarından söz açıb. Həmçinin təsvirlər əsasında zərərli proqramların aşkarlanması mərhələləri, təsvirlər əsasında aşkarlama metodu üzrə analiz edilmiş elmi-tədqiqat işləri haqqında ətraflı məlumatı seminar iştirakçılarının nəzərinə çatdırıb.

“Statik analiz zərərli proqram faylı icra edilmədən, mənbə kodunun analiz edilməsi ilə faylın növünün müəyyən edilməsi üsuludur. Aşkarlama üçün istifadə edilən obyektlərə mətn tipli siqnaturalar, n-qramlar, opkodlar kimi əlamətlər daxildir. Statik analizdə zərərli proqram faylı mütləq assembler dilinə çevrilməli və paketləmə və ya şifrləmədən azad edilməlidir. Dinamik analiz isə zərərli proqram faylının dinamik mühitdə (virtual maşın, simulyator, “sandbox” və s.) icra edilərək onun təbiətinin müəyyən olunması üsuludur. Aşkarlama üçün istifadə edilən obyektlərə opkodlar, funksiya müraciətləri, API müraciətləri və s. daxildir”, – deyə məruzəçi bildirib. Statik və dinamik analiz metodlarının mövcud çatışmazlıqları nəzərə alınmaqla, təsvirlər əsasında aşkarlama metodlarının tətbiqinin vacibliyini vurğulayıb. Zərərli proqramların müxtəlif ölçü və struktura malik olmasının müvafiq metodun effektivliyinin azalmasına səbəb olduğunu qeyd edib.

Daha sonra təqdim olunan mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və digər əməkdaşlar müzakirələrdə iştirak edərək, tədqiqat mövzularının aktuallığını önə çəkiblər, hər iki tədqiqatçıya müvafiq elmi istiqamət üzrə dərin elmi araşdırmaların aparılması ilə bağlı təklif və tövsiyələr veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı