Akademik Rasim Əliquliyev: “AMEA “Teknofest Azərbaycan” festivalında yüksək səviyyədə təmsil olunub” İyun 03, 2022 | 05:23 / Müsahibələr, çıxışlar

AMEA-nın vitse-prezidenti, Akademiyanın “Teknofest Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev “Teknofest Azərbaycan” festivalında Akademiyanın iştirakının nəticələrinə həsr olunmuş AMEA Rəyasət Heyətinin xüsusi iclasında hesabat xarakterli məruzə ilə çıxış edib.

Akademik bu festivalın ilk dəfə 2018-ci ildə Türkiyədə keçirildiyini, Azərbaycanın bu mötəbər tədbirə 2021-ci ildən qatıldığını qeyd edib. Festivalın Türkiyədən kənarda, ilk dəfə olaraq məhz Azərbaycanda təşkilinin önəminə toxunan R.Əliquliyev tədbirin Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmasının xüsusi məna kəsb etdiyini qeyd edib. Vitse-prezident müstəqil Azərbaycan dövlətinin son 30 il ərzində işğal altında olan torpaqlarının azad edilməsində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qazandığı nailiyyətlərdə qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstək verdiyini vurğulayıb.

R.Əliquliyevin sözlərinə görə, IV Sənaye inqilabı və qlobal texnoloji çağırışlara cavab verən festivalın əsas hədəfləri elmin və texnologiyaların populyarlaşdırılması, Azərbaycanda aerokosmik texnologiyalar, müdafiə sənayesi və innovativ sahibkarlıq kimi sahələrin geniş təşviq edilməsi, rəqəmsal bilik və bacarıqlara, innovativ düşüncəyə malik istedadlı gənclərə dəstək göstərilməsi, ölkədə kadr potensialının gücləndirilməsi və milli texnoloji həllərin inkişafı üçün zəmin yaradılması idi.

Akademik “Teknofest Azərbaycan” festivalının elm, texnologiya, iqtisadiyyat, siyasət, ideologiya, mədəniyyət və s. sahələri birləşdirən unikal bir platforma olduğuna diqqət çəkərək AMEA-nın festivalda tərəfdaş dövlət qurumu statusunda xüsusi pavilyonla iştirak etdiyini bildirib. O, AMEA prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimovun rəhbərliyi və dəstəyi ilə AMEA-nın festivalda iştirakı ilə bağlı İşçi Qrupun təşkil olunduğunu, qısa bir zaman ərzində Akademiya institutlarının festivalda iştirakının təmin olunduğunu, bu prosesə inzibati, maliyyə və digər resursların cəlb olunduğunu, eləcə də, iştirakla bağlı bütün təşkilati məsələlərin həll edildiyini diqqətə çatdırıb,

AMEA-nın festivalda yüksək səviyyədə təmsil olunduğunu bildirən məruzəçi Akademiya üçün ayrılmış pavilyonda elmi müəssisələrdə və AMEA-nın Yüksək Texnologiyalar Parkında aparılan elmi araşdırmaların nəticəsi olan innovativ texnologiyalar, məhsul və layihələrin nümayiş olunduğunu qeyd edib. Akademik AMEA pavilyonuna festivalın Təşkilat Komitəsi, ayrı-ayrı dövlət qurumları, xarici şirkətlərin təmsilçiləri tərəfindən böyük maraq göstərildiyini vurğulayaraq festival çərçivəsində əməkdaşlıq üçün yeni imkanların yarandığını da diqqətə çatdırıb.

“Qeyd olunan məsələlərlə yanaşı, "Teknofest Azərbaycan" festivalı həm də AMEA-nı gələcək fəaliyyətini daha yaxşı qurmağa istiqamətləndirdi”, - deyə bildirən R.Əliquliyev AMEA-nın innovativ potensialının artırılması, tətbiqi istiqamətdə əldə olunan nailiyyətlərlə daxili və xarici bazara çıxması, milli intellektual məhsulların hazırlanması, elmi fəaliyyətin kommersiyalaşdırılması istiqamətində vacib addımların atılmasının, AMEA-nın cəmiyyətdə nüfuzunun artırılmasının əhəmiyyətinə toxunub.

Vitse-prezident AMEA-da bir çox istiqamətlərdə aparılan gərgin intellektual əməyin nəticəsində böyük nailiyyətlərə imza atıldığını qeyd edərək Akademiyanın öz fəaliyyətini müasir dövrün çağırışlarına uyğun qurmasının zəruri məsələlərdən olduğunu bildirib.

R.Əliquliyev festivalda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın və Nobel mükafatı laureatı Əziz Səncərin çıxışlarında səsləndirlən fikirlərin əhəmiyyətindən bəhs edərək, Azərbaycanın yüksək texnoloji potensialının artırılması və texnoloji suverenliyinin təmin olunmasının ölkəmizin qarşısında duran əhəmiyyətli məsələlərdən biri olduğuna diqqət çəkib. Akademik onu da əlavə edib ki, “Teknofest Azərbaycanın”in əsas məqsədlərindən biri də ölkəmizin texnoloji suverenliyinin təmini, müasir dövrün inkişaf tempinə uyğunlaşdırılması, qlobal çağırışlara uyğun olaraq mövcud imkanların Azərbaycanda tətbiqinə dəstək verməkdən ibarətdir.

“Hazırda ölkəmizdə müvafiq dövlət qurumları tərəfindən süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı milli strategiya hazırlanır”, - deyə qeyd edən R.Əliquliyev bildirib ki, bu proseslər Azərbaycan alimləri qarşısında da mühüm vəzifələr qoyur. Akademikin sözlərinə görə, Azərbaycan elminin flaqmanı olan AMEA bu işlərdə yaxından iştirak edərək beynəlxalq çağırışlara uyğun tədqiqatlara üstünlük verməlidir. 

Son illər texnologiyaların cəmiyyətin bütün istiqamətlərinə nüfuz etdiyini qeyd edən R.Əliquliyev süni intellekt, Əşyaların İnterneti texnologiyaları əsrində, informasiya partlayışı erasında müxtəlif təhlükəsizlik tədbirlərini, hüquqi, fəlsəfi və etik məsələləri təmin etmək, texnoloji mədəniyyətin təmin olunması istiqamətində müvafiq tədqiqatların aparılması, eyni zamanda, dövlət başçısının bu istiqamətdə qarşıya qoyduğu vəzifələrə dəstək verməyin önəmindən danışıb, cəmiyyətimizə elmi töhfə vermək üçün bu istiqamətdə görülən işlərin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Akademik R.Əliquliyev çıxışının sonunda Türkiyənin Samsun şəhərində keçiriləcək növbəti “Teknofest”ə hazırlıq üçün yaxın günlərdə hazırlıq işlərinin görülməsinə başlanılmasının nəzərdə tutulduğunu, Azərbaycanın elminin gələn il keçiriləcək festivalda uğurla təmsil olunması üçün bütün imkanların səfərbər ediləcəyini diqqətə çatdırıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı