Klasterləşdirmənin keyfiyyətinin qiymətləndirilməsi indeksləri ilə bağlı tədqiqatlar aparılır May 31, 2022 | 09:48 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin “Klasterləşdirmənin keyfiyyətinin qiymətləndirilməsi indekslərinin araşdırılması və onların müqayisəli təhlili” mövzusunda magistrlik dissertasiya işinin müzakirəsinə həsr olunmuş onlayn elmi seminarı keçirilib.

Məruzəni təqdim edən institutun magistrantı Leyla Məmmədova işin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər, elmi yeniliyi və praktiki əhəmiyyətindən danışıb. Eləcə də klaster analizində əsas anlayışlar, klasterləşdirmə alqoritmləri və onların təsnifatı, daxili və xarici qiymətləndirmə indeksləri haqqında ətraflı məlumat verib. Bildirib ki, dissertasiya işi giriş, 3 fəsil, nəticə və 38 adda ədəbiyyat siyahısından ibarətdir.

Tədqiqatçı klaster analizinin ən mühüm mərhələlərindən birinin klasterləşmənin keyfiyyətinin qiymətləndirilməsindən ibarət olduğunu diqqətə çatdırıb. Söyləyib ki, klasterləşmənin keyfiyyətinin qiymətləndirilməsi zamanı istifadə olunan bu indekslər çox vaxt bir-birinə zidd nəticələr nümayiş etdirdiyi üçün hazırda indekslərlə bağlı araşdırmalar aparılır, eləcə də yeni indekslər təklif edilir.

O, qeyd edib ki, tədqiqatın məqsədi klasterləşdirmə metodlarının, klasterləşdirmənin keyfiyyətinin qiymətləndirilməsi indekslərinin araşdırılmasından və Python mühitində verilənlər çoxluğu üzərində bəzi klasterləşdirmə alqoritmlərinin eksperimental nəticələrinin qiymətləndirmə indeksləri vasitəsi ilə müqayisəli analizindən ibarətdir.

“Klasterləşdirmə metodlarına bölünməyə, modelə, sıxlığa və şəbəkəyə əsaslanan metodlar, eləcə də iyerarxik metodlar aiddir”, - deyən L.Məmmədova əlavə edib ki, onların tətbiq sahələrinə isə marketinq, biologiya, şəhər planlaşdırılması, zəlzələ tədqiqatları və s. daxildir.

Məruzəçi dissertasiya işinin əsas nəticələrindən də bəhs edərək burada klaster analizi, klasterləşdirmə alqoritmləri və onların təsnifatı, xarici və daxili qiymətləndirmə indekslərinin araşdırıldığını diqqətə çatdırıb.

Seminarda dissertasiya işinə dair opponent və rəyçilərin təyin edilməsi məsələsi də müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. 

Sonda geniş fikir mübadiləsi aparılıb, iddiaçı dissertasiya işinə dair sualları cavablandırıb.

Dissertasiya işi üzrə elmi rəhbər, AMEA-nın müxbir üzvü, institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev çıxış edərək klasterləşdirmənin keyfiyyətinin qiymətləndirilməsi indekslərinin araşdırılması və tədqiqat işinin tamamlanması istiqamətində tövsiyələr verib, bu sahədə beynəlxalq təcrübənin dərindən öyrənilməsinin, tanınmış elmi jurnallarda nəşr olunan məqalələrin təhlil edilməsinin vacib olduğunu vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı