İnformasiya Texnologiyaları İnstitutunun elmi potensialının gücləndirilməsinə dair müzakirələr aparılıb May 06, 2022 | 05:25 / Konfranslar, iclaslar

Məlumdur ki, bir neçə ay öncə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclaslarında bu qurumun struktur bölmələrinin 2022-ci il üzrə fəaliyyət planları geniş şəkildə müzakirə olunmuş, hər bir şöbə əməkdaşının tədqiqat işinə dair monitorinq aparılmış, onların qarşısına konkret vəzifələr qoyulmuşdur.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında struktur bölmələrin 2022-ci il üzrə fəaliyyət planlarının təsdiqi və son 4 ay ərzində qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti haqqında müzakirələr aparılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bir neçə ay öncə institutda elmlər doktoru dissertasiyasını müdafiə etmiş Zərifə Cəbrayılova və Yadigar İmamverdiyevin Ali Attestasiya Komissiyası tərəfindən rəsmi olaraq texnika elmləri doktoru adını aldıqlarını bildirib. Akademik uzun illər ərzində aparılan tədqiqatların, çoxillik zəhmət və gərgin əməyin nəticəsi olan bu uğur münasibətilə hər iki əməkdaşı və onların elmi rəhbərlərini kollektiv adından təbrik edib, alimlərə can sağlığı, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

“Bu, hər iki iddiaçı üçün yüksək elmi nailiyyət olmaqla yanaşı, institutumuzun kollektivi üçün də böyük uğurdur”, - deyən akademik rəhbərlik etdiyi qurumda fəlsəfə və elmlər doktoru elmi dərəcəsini almaq iddiasında olan digər tədqiqatçıların da tez bir zamanda bu ada layiq görüləcəklərinə inamını ifadə edib.

Akademik, həmçinin Günay İskəndərli və Hüseyn Qasımovun fəlsəfə doktorluğu üzrə dissertasiya işlərini uğurla müdafiə etdiklərini, onlara da Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru diplomlarının təqdim olunduğunu diqqətə çatdırıb.

“Sıralarımızın intellektual, zəngin elmi biliklərin daşıyıcısı olan alim və tədqiqatçılarla genişlənməsi hər birimizi sevindirir. İnstitut olaraq bir tərəfdən dünya elminin tələblərinə cavab verən, yüksəkixtisaslı kadrlar yetişdirir, digər tərəfdən gənc tədqiqatçılara yol göstərir və onlara elm yolunda dəstək oluruq”, – deyən baş direktor onu da əlavə edib ki, dövlət başçısının çağırışlarına adekvat reaksiya vermək, cəmiyyətin maarifləndirilməsi işində fəal iştirak etmək və öz biliklərini bölüşdürərək yeni kadrlar yetişdirmək hər bir alimin qarşısında duran əsas vəzifələrdəndir.

R.Əliquliyev hər bir əməkdaşı Azərbaycan elminin inkişafı və rəhbərlik etdiyi qurumun elmi potensialının daha da gücləndirilməsi istiqamətində öz səylərini birləşdirməyə, qarşıya qoyulan vəzifələrə məsuliyyətlə yanaşmağa, çevik və məqsədyönlü fəaliyyət göstərməyə çağırıb.

Akademikin fikrincə, elmi ad alan mütəxəssislər institutun elmi və ictimai həyatında, eləcə də innovasiya proseslərində daha fəal iştirak etməli, institutda prioritet istiqamətlərdə aparılan tədqiqatların keyfiyyətinin yüksəldilməsinə çalışmalıdırlar.

Baş direktor nitqinin sonunda qarşıdan gələn 9 May – faşizm üzərində Qələbə Günü münasibətilə institut kollektivini təbrik edib, hər kəsə can sağlığı arzulayıb.

Mayın 10-da ölkəmizdə ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün qeyd olunacağını xatırladan akademik R.Əliquliyev ulu öndərin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafında müstəsna xidmətlərindən bəhs edib, onun siyasi kursunun dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Sonra iclasda institutun bəzi struktur bölmələrinin 2022-ci il üzrə fəaliyyət planlarının təsdiqi ilə bağlı müzakirələr aparılıb. Hər bir şöbə rəhbəri 2022-ci il üzrə fəaliyyət planı çərçivəsində yerinə yetirilmiş işlərin icra vəziyyəti haqqında ətraflı məlumat verib.

Çıxışlar ətrafında müzakirələr aparılıb, sual və təkliflər səsləndirilib.

Sonda təklif və tövsiyələr nəzərə alınmaqla institutun müvafiq struktur bölmələrinin 2022-ci il üçün fəaliyyət planı təsdiq olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı