Dosent Əlövsət Əliyev rəqəmsal iqtisadiyyat üzrə beynəlxalq konfransda məruzə ilə çıxış edib May 05, 2022 | 02:33 / Konfranslar, iclaslar

28-29 aprel 2022-ci il tarixlərində  “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” II beynəlxalq elmi konfransı keçirilib. İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və digər aparıcı qurumların birgə təşkilatçılığı ilə baş tutan tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, i.f.d., dosent Əlövsət Əliyev də iştirak edib.

Dosent Əlövsət Əliyev beynəlxalq elmi konfransın “Rəqəmsal iqtisadiyyat: innovasiya, artım və sosial rifah” bölməsində əvvəlcə “Sosial-iqtisadi  inkişaf  üzrə Milli Prioritetlərin təminində rəqəmsal texnologiyalar və innovasiya infrastrukturu problemlərinə konseptual yanaşma” mövzusunda çıxış edib.

O, akademik Rasim Əliquliyevin rəhbərliyi ilə institutda hazırkı dövr üçün aktual hesab olunan informasiya və rəqəmsal iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsi problemlərinin tədqiqi və onun həlli metodlarının işlənilməsi istiqamətində aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib.

Dosent Ə.Əliyev konfransda Azərbaycanın II Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri üzərində parlaq qələbəsindən və işğal altında olan ərazilərin azad edilməsindən sonrakı onillik dövrün sosial-iqtisadi inkişafının Milli Prioritetlərinin təhlilinə və onların icrasına həsr olunduğunu bildirib. O, sosial-iqtisadi  inkişafın 5 Milli Prioritetinin ayrı-ayrılıqda tərkib elementləri və nəticə göstəricilərinin verildiyini qeyd edib. Milli Prioritetlərin icrası üçün zəruri olan rəqəmsal texnologiyaların və innovasiya infrastrukturunun konseptual strukturunun təklif olunduğunu xüsusi olaraq konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Məruzəçi rəqəmsal iqtisadiyyatın Əşyaların Sənaye İnterneti, Böyük verilənlər (Big Data), 3D printerlər, Blokçeyn, Süni  intellekt və s. kimi əsas texnologiyalarının iqtisadi xüsusiyyətlərinin tədqiq olunduğunu qeyd edib. O, rəqəmsal və texnoloji innovasiya iqtisadiyyatının əsas sektorundan biri olan 5G texnologiyaları haqqında zəruri məlumatları da nəzərə çatdırıb. Bəzi sənaye sahələrində rəqəmsal texnologiyalardan istifadə edən təşkilatların xüsusi çəkisinin strukturunu sxematik formada təqdim edib.

Ə.Əliyev “Bəzi rəqəmsal iqtisadiyyat sektorlarının formalaşması və onların ölçülməsi məsələləri” mövzusunda 2-ci məruzəsini də təqdim edib. O, rəqəmsal iqtisadiyyatın yeni Big Data, Cloud, Süni intellekt və Robototexnika sektorlarının  iqtisadi göstəricilərinin təklif olunduğunu bildirib.

Rəqəmsal iqtisadiyyatın texnoloji əsaslarının əsas istiqamətlərinin tədqiq olunduğunu deyən məruzəçi onun inkişaf səviyyəsinin ölçülməsini xarak­te­ri­zə edən İqtisadiyyat İndeksi, Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksi, Qlobal Kreativlik İndeksi, Şəbəkə Hazırlığı və İKT-nin İnkişafı İndeksi, Bilik İqtisadiyyatı, Elektron İştirak İndeksi, Qlobal Əlaqə İndeksi, İnklüziv İnternet İndeksi, B2C Elektron Ticarət İndeksi, Qlobal Kibertəhlükəsizlik İndeksi və s. kimi indeksləri ətraflı şəkildə izah edib.

Məruzəçi rəqəmsal iqtisadiyyatın ölçülməsi üçün istifadə olunan əsas kompozit indikatorlar sistemi, Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinin subindeksləri haqqında da geniş məlumat verib. Rəqəmsal İqtisadiyyat və Cəmiyyət İndeksinə təsir edən əsas inteqrativ göstəriciləri xüsusilə qeyd edib.  Eləcə də iqtisadiyyatın rəqəmsallaşdırılması və innovasiyalaşmasının qarşılıqlı asılılığı və təsirlərinin əhəmiyyətini  vurğulayıb.

Alim  rəqəmsal iqtisadiyyatın kompozit indeksinin və 10 xarakterik indeksinin işlənildiyini bildirərək rəqəmsal iqtisadiyyatın qiymətləndirilməsi metodikasının təklif olunduğunu vurğulayıb. Məruzəçi ölkədə və onun regionlarında 4.0 Sənaye platformasında rəqəmsal və texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşmasının dünya trendlərinə uyğun olaraq formalaşdırılması üzrə təklif və tövsiyələrin işlənildiyini də konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Ə.Əliyev çıxışı zamanı, həmçinin institutlararası əlaqələrin möhkəmləndirilməsi istiqamətində işlərin yerinə yetirilməsi, təmsil etdiyi elmi müəssisənin innovativ elmi potensialından istifadə etməklə informasiya və rəqəmsal iqtisadiyyatın dayanıqlılığının yüksəldilməsi problemlərinin tədqiqi, müasir iqtisadiyyatda beynəlxalq çağırışların tələblərinin nəzərə alınması, iqtisadiyyatın rəqəmsal transformasiyası, elmtutumlu, innovativ məhsul istehsalı mühiti, iqtisadiyyatın yaşıllaşdırılması, davamlı inkişafı problemlərinin tədqiqi və bu istiqamətdə tədqiqatların aparılmasına elmi dəstəyin verilməsi imkanları haqqında fikirlərini bölüşüb. Xatırladaq ki, konfrans rəhbərliyinin məlumatına görə beynəlxalq tədbirin materiallarının kitab şəklində çap olunması, eləcə də konfransa təqdim edilən məqalələrin “Web of Science”, “Elsevier” bazalarında indeksləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq elmi konfrans öz işini 8 bölmədə davam etdirib. Bölmə iclaslarında qlobal iqtisadi artımın qarşısında duran əsas problemlər, yüksək texnologiyalar yönümlü istehsal ekosistemi, iqtisadiyyatın rəqəmsal transformasiyası, yaşıl iqtisadiyyat və davamlı inkişaf, postpandemiya dövrünün iqtisadi çağırışları, pandemiya sonrası biznes transformasiyası və Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış, Qarabağ iqtisadiyyatının bərpası və inkişafı prosesində rəqəmsal texnologiyalardan istifadə imkanları və prioritetləri kimi mövzularda müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı