Kiber-fiziki sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi metod və alqoritmləri işlənilir Aprel 14, 2022 | 10:16 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev elmi seminarın institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə təqdim etdiyi dissertasiya işinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

Sonra L.Suxostat “Kiber-fiziki sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi metod və alqoritmlərinin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək bildirib ki, informasiya təhlükəsizliyinin təmin edilməsi müasir informasiya cəmiyyətində ən aktual və mürəkkəb vəzifədir. Kiber-fiziki sistemlər Sənaye 4.0 konsepsiyasının həyata keçirilməsində baza texnologiyadır və insan fəaliyyətinin müxtəlif sahələrində geniş istifadə olunan intellektual obyektlərin əsas komponentidir.

İddiaçının sözlərinə görə, kiber-fiziki sistemlərin böyük verilənlərinin toplanması, birləşdirilməsi, saxlanması və analizinin texnoloji xüsusiyyətlərinin, informasiya texnologiyaları və əməliyyat texnologiyalarının kibertəhlükəsizliyinin təmin edilməsi problemlərinin araşdırılmasına, kiber-fiziki sistemlərin böyük verilənlərinin intellektual analizi üçün yeni metod və alqoritmlərin, eləcə də kiber-fiziki sistemlərə kiberhücumların aşkarlanması metodlarının işlənib hazırlanmasına ehtiyac vardır.

O, AR Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” fərmandan irəli gələn vəzifələrin icrası istiqamətində zəruri addımların atılmasının vacibliyi, kiber-fiziki sistemlərə kiberhücumların insan sağlamlığı və təhlükəsizliyi üçün əhəmiyyətli risk yaratması, ətraf mühitə ciddi ziyan vurması, kiber-fiziki sistemlərin kibertəhlükəsizliyinin təmin edilməsi üçün sistemləşdirilmiş mərhələlər və fəaliyyətləri təsvir edən dəqiq müəyyən edilmiş metodların mövcud olmaması və s. kimi amillərin mövzunun aktuallığını şərtləndirdiyini bildirib. Qeyd edib ki, dissertasiya işinin məqsədi kiber-fiziki sistemlərin böyük verilənlərinin analizi və tədqiqi, kiber-fiziki sistemlərin informasiya və əməliyyat texnologiyalarının intellektual analizi, kiber-fiziki sistemlərə kiberhücumların aşkarlanması və onların dayanıqlılığının qiymətləndirilməsidir.

L.Suxostat giriş, 5 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan dissertasiya işi çərçivəsində 15 məqalə və 15 konfrans materialının nəşr olunduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən dissertasiya işi üzrə elmi rəhbər – akademik Rasim Əliquliyev bildirib ki, kiber-fiziki sistemlərin kibertəhlükəsizliyi ilə bağlı müvafiq terminologiyanın dərindən öyrənilməsi, bu sahə üzrə beynəlxalq təcrübənin araşdırılması son dərəcə vacibdir.

Akademik R.Əliquliyev aparılan elmi-tədqiqat işi üzrə araşdırmaların daha da intensivləşdirilməsini tövsiyə edib. Mövzunun şöbə seminarlarında müzakirə olunmasının, institutun alim və mütəxəssislərinin irad, rəy və təkliflərinin dissertasiya işində nəzərə alınmasının önəmini qeyd edib.

Daha sonra dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev və texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva müzakirələrdə iştirak edərək, tədqiqat mövzusunun aktuallığını önə çəkiblər, tədqiqatçıya dissertasiya işi üzrə dərin elmi araşdırmaların aparılması ilə bağlı təklif və tövsiyələr veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı