AMEA-nın Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub Aprel 13, 2022 | 11:00 / Konfranslar, iclaslar

Aprelin 12-də AMEA-nın Yüksək Texnologiyalar Parkının Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib.

“Zoom” platforması üzərindən keçirilən iclasda Ekspertlər Şurasının sədri, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Şuranın üzvləri, YT Parkın baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov, bir sıra məsul şəxslər, eləcə də rezidentlik üçün müraciət etmiş müəssisənin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şuranın sədri, akademik Rasim Əliquliyev iclasın gündəliyində duran məsələni diqqətə çatdırıb. O, tədbirin “AK PACK” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi “Yüksək texnologiyanın tətbiqi ilə polipropilen tərkibli kompozit məhsulların istehsalı və çapı” layihəsinin müzakirəsinə həsr olunduğunu bildirib.

Daha sonra “AK PACK” MMC-nin nümayəndəsi İsmayıl Kərimov çıxış edərək müəssisənin texnoparka rezidentlik üçün təqdim etdiyi layihə və “AK PACK” MMC-nin əsas fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə qida sənayesində istifadə olunacaq polipropilen tərkibli kompozit məhsulların istehsal sahəsinin təşkil olunmasını və inkişaf etdirilməsini nəzərdə tutur. Onun sözlərinə görə, layihənin məqsədi ekoloji cəhətdən təmiz, qida məhsulları istehsalında (süd məhsulları, dondurma, çərəz və s.) istifadə edilən polipropilen tərkibli keyfiyyətli kompozit məhsulların istehsalını qurmaqdan və satışını həyata keçirməkdən ibarətdir.

“Valyuta ehtiyatlarının təmin edilməsi baxımından yeni texnologiyalarla təchiz edilmiş, respublikada anoloqu olmayan sənaye sahələrinin inkişaf etdirilməsi zəruridir”, - deyən İsmayıl Kərimov YT Parkda icrası nəzərdə tutulan layihənin polipropilen tərkibli kompozit məhsulların istehsalı sahəsinin innovativ texnologiyalar əsasında inkişaf etdirilməsində, eyni zamanda ixracyönümlü məhsul istehsalı və respublikadan valyuta axınının qarşısının qismən alınmasında yardımçı olacağını diqqətə çatdırıb. O, həmçinin istehsal zamanı tətbiq olunan müasir tələblərə cavab verən avadanlıqlar, çap makinaları barədə də ətraflı məlumat verib.

Məruzəçi bildirib ki, bu layihənin gerçəkləşdirilməsi üçün yerli mütəxəssislərlə yanaşı, bu sahədə Avropa ölkələrində, xüsusən də Türkiyədə ixtisaslaşmış şirkətlərin təcrübəsi əsasında iş fəaliyyətinin qurulması nəzərdə tutulur. Məhsulun xarici bazarlarda da satışa çıxarılmasının planlaşdırıldığını deyən müəssisənin nümayəndəsi gələcəkdə istifadə olunacaq xammalın təkrar emalı xüsusiyyəti sayəsində itkiyə yol verilməyəcəyini vurğulayıb. İsmayıl Kərimov bu istiqamətdə AMEA-nın müvafiq institutları ilə əməkdaşlıq əlaqələrinin qurulacağını da diqqətə çatdırıb.

İclasda Ekspertlər Şurasının sədri, akademik Rasim Əliquliyev, Şuranın katibi – Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev, Şuranın üzvləri – Fizika İnstitutunun laboratoriya müdiri, akademik Cavad Abdinov, Polimer Materialları İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov və İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məsələ ətrafında rəy və təkliflərlə çıxış ediblər. Müzakirələrdə kompozit materialların alınması üsulu, qablaşdırılma avadanlıqlarının seçilməsi, qida məhsullarında polipropilen məhsullardan istifadənin üstünlükləri, bu sahədə yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi, istehsal zamanı rəqabətədözümlü texnologiyaların tətbiqi, Azərbaycan alimlərinin bu işlərə cəlb olunması perspektivlərinin müəyyən edilməsi və AMEA-nın müvafiq elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıqların qurulması, eləcə də keyfiyyətli texnoloji yeniliklərin ortaya çıxarılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Tədbirdə çıxış edən Yüksək Texnologiyalar Parkının baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov texnoparkın bu kimi layihələrin ölkəmizdə inkişaf etdirilməsinə, cəmiyyətdə innovativ təşəbbüslərin artırılmasına, eləcə də elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına daim dəstək verdiyini vurğulayıb. O, texnoparka yeni rezidentlərin seçilməsi zamanı AMEA-nın müvafiq institutları ilə birgə icra olunma potensialı olan layihələrə üstünlük verildiyini qeyd edib. Baş direktor “AK PACK” MMC-nin təqdim etdiyi layihənin AMEA-nın Polimer Materialları, Aşqarlar Kimyası və Neft-Kimya Prosesləri institutları ilə birgə icra olunma imkanlarına malik olduğunu diqqətə çatdırıb.

Daha sonra “AK PACK” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

Sonda Şura sədri, akademik Rasim Əliquliyev müəssisənin AMEA-nın elmi-intellektual potensialından səmərəli istifadə edəcəyinə, YT Parkda təqdim olunan güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanacağına və ölkə iqtisadiyyatının inkişafına töhfələr verəcəyinə inamını ifadə edib.

science.gov.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı