“Teknofest Azərbaycan” festivalı AMEA üçün böyük innovativ imkanlar açır Aprel 09, 2022 | 05:10 / Konfranslar, iclaslar

Aprelin 8-də “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA-nın elmi müəssisələrinin iştirakı məsələsinə həsr olunmuş növbəti onlayn müşavirə keçirilib.

“Zoom” platforması üzərindən baş tutan müşavirədə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, AMEA-nın “Teknofest Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev, AMEA-nın İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov, “Teknofest Azərbaycan” festivalı ilə bağlı yaradılmış mərkəzin texniki meneceri Nasir Məhəmmədivənd, “Expo Solutions Group”un rəhbəri Ceyhun Manafov və eləcə də sərgidə iştirak üçün təkliflər təqdim etmiş elmi müəssisələrin baş direktorları, icraçı direktorları, elmi katibləri, texnoloji-innovativ məhsulların müəllifləri, həmçinin Rəyasət Heyəti aparatının İşlər idarəsi və İnformasiya şöbəsinin müvafiq nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov müşavirənin “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində baş tutacaq sərgiyə AMEA tərəfindən təqdim olunmuş təkliflərin ilkin layihələrinin monitorinqinə və icra vəziyyətinin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb. O, “Teknofest Azərbaycan” çərçivəsində keçiriləcək sərgidə iştirakı nəzərdə tutulan AMEA-nın elmi müəssisələrinin təqdim edəcəkləri layihələrin əhəmiyyətli texnoloji yeniliklər olduğunu bildirib, Akademiyada aparılmış uzunmüddətli tədqiqatların nəticəsi olan, rəqabətədözümlü, intellektual texnoloji məhsulların nümayişinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Akademik Arif Həşimov təqdim olunacaq bu layihələrin sərgi iştirakçıları arasında böyük maraq doğuracağına əmin olduğunu qeyd edib, sərgidə iştirak edəcək institut və təşkilatlara uğurlar arzulayıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, AMEA-nın “Teknofest Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev çıxış edərək sərgidə Akademiyanın elmi müəssisələrinin yüksək səviyyədə təmsil olunması üçün həyata keçirilən tədbirlərdən bəhs edib, bu məqsədlə müvafiq dövlət qurumları, məsul şəxslər, ayrı-ayrı təşkilatlarla əlaqələrin qurulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu mötəbər tədbirdə AMEA-ya göstərilmiş böyük etimadın nəticəsi olaraq ayrılmış pavilyonda Akademiya AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 5 institutu və AMEA-nın Yüksək Texnologiyalar Parkının 5 rezidentinin təklif etdiyi layihələrlə təmsil olunacaq.

Akademik Rasim Əliquliyev AMEA-da İşçi qrup tərəfindən mütəmadi olaraq, sərgidə iştirakla bağlı görülən işlərə dair müzakirələrin keçirildiyini, monitorinqlərin aparıldığını vurğulayıb. O, sərgidə yer alacaq AMEA pavilyonunun strukturunun və konsepsiyasının müəyyənləşdirilməsi, qoyulmuş tələblərə uyğunlaşdırılması, texniki parametrləri və s. ilə bağlı məsələlərin vacibliyindən danışıb, bu istiqamətdə işlərin sürətləndirilməsinin önəmini qeyd edib. Alimin sözlərinə görə, Akademiyada təqdim olunmuş məhsul və layihələrin sərgidə dörd gün ərzində nümayişi nəzərdə tutulur.

“AMEA-nın bu istiqamətdə həyata keçirilən PR siyasəti ölkədə gedən proseslərə adekvat olmalıdır”, - deyən vitse-prezident sərgidə AMEA-nın iştirakı ilə bağlı məsələlərin yüksək səviyyədə təşkilinin də əhəmiyyətli məsələlərdən olduğuna diqqət çəkib. Akademik Rasim Əliquliyev AMEA-da həyata keçirilən innovativ fəaliyyətin, böyük intellektual potensialın geniş şəkildə işıqlandırılması üçün press-relizlərin, reportaj və müsahibələrin hazırlanması və onların müxtəlif xarici dillərə tərcümə olunmasının vacib məsələlərdən olduğunu qeyd edib.

Sonra sərgidə iştirak üçün təkliflər təqdim etmiş elmi müəssisələrin nümayəndələri çıxış ediblər. 

İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Riyaziyyat və Mexanika İnstitutunun Maye və qaz mexanikası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Qeylani Pənahov, Radiasiya Problemləri İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, İnformasiya Texnologiyaları İnstitutundan – şöbə müdiri, AMEA-nın müxbir üzvü Məsumə Məmmədova, institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat, Biofizika İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru Kərim Qasımov, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, AMEA-nın Yüksək Texnologiyalar Parkının baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov, eləcə də texnoparkın rezidentləri – “Elm və Texnologiya Parkı” MMC-nin baş direktoru Zahir Nəsibov, “BEYT” MMC-nin icraçı direktoru Emil Əhmədov, “Proline Chemicals” MMC-nin təsisçisi və rəhbəri Vüqar Həsənov, Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov çıxış edərək AMEA üçün ayrılmış pavilyonda təqdim olunacaq layihələrin texniki tələbləri haqqında məlumat veriblər.

Daha sonra AMEA-nın vitse-prezidenti xidmətinin elmi katibi, dosent Hikmət Quliyev çıxış edərək martın 11-də AMEA-nın Rəyasət Heyəti tərəfindən “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində keçiriləcək sərgidə AMEA-nın iştirakı ilə bağlı qəbul olunmuş qərar layihəsinə əsasən Tədbirlər planının hazırlandığını xatırladıb. O, sərgiyə hazırlıq işlərinin 3 istiqamətdə – sərgiyə qədər, sərgi dövründə və sərginin keçirilməsindən sonrakı mərhələlər üzrə aparıldığını qeyd edib. Elmi katib Festivalın məsul qurumları və şəxsləri ilə fəal şəkildə çalışdıqlarını bildirib, AMEA-nın pavilyonunun elektrik təchizatı sxemi və ümumi konsepsiyasının hazırlanması istiqamətində işlərin yekunlaşdırıldığını diqqətə çatdırıb. Hikmət Quliyev sərgidə AMEA tərəfindən həm fiziki məhsulların, həm də monitorlar vasitəsilə virtual olaraq layihələrin nümayiş olunacağını bildirib. Əlavə edib ki, AMEA üçün ayrılmış pavilyonda Akademiyadan məsul şəxslərdən ibarət heyət iştirak edəcək və onların “Teknofest Azərbaycan” tərəfindən yaradılmış xüsusi sistemdə qeydiyyatı aparılacaq.

O, kompüter və monitor təminatı ilə bağlı həyata keçiriləcək işlərin ümumi konsepsiyada öz əksini tapdığını söyləyib. Həmçinin AMEA-nın bu mötəbər sərgidə iştirakı ilə bağlı PR işlərinin yüksək səviyyədə təşkil olunacağını, foto və video materiallardan ibarət hesabatların hazırlanacağını diqqətə çatdırıb.

AMEA-nın İşlər idarəsinin müdiri, texnika elmləri doktoru, professor Elton Məmmədov Akademiyanın sərgidə iştirakı ilə bağlı rəhbərlik etdiyi idarənin qarşısında da müəyyən vəzifələrin qoyulduğunu, qərar layihəsindən irəli gələn məsələlərin icrası istiqamətində İşçi qrupunun nəzdində xüsusi qrup formalaşdırıldığını, Tədbirlər planının hazırlanaraq məsul şəxslərin müəyyənləşdirildiyini bildirib. Elton Məmmədov pavilyonun quruluşu və texniki tələbləri ilə bağlı məsələlərlə əlaqədar bütün istiqamətlər üzrə idarə tərəfindən müvafiq işlərin görüldüyünü, məsləhətləşmələrin aparıldığını deyib. Qeyd edib ki, İşlər idarəsi üzərinə düşən bütün vəzifələri operativ olaraq və yüksək səviyyədə icra etməyə dəstək verəcək.

Sonra AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov çıxış edərək AMEA-nın “Teknofest Azərbaycan”da iştirakı ilə bağlı foto və video çəkiliş qruplarının, müxbirlərin müəyyənləşdirildiyini, layihə rəhbərləri ilə görüşlərin təşkil olunduğunu vurğulayıb. O, sərgidən öncə və sərgi zamanı hazırlanmış press-relizlərin mətbuata yayımlanmasının təşkil olunacağını diqqətə çatdırıb.

Sonda akademik Rasim Əliquliyev müşavirədə əhəmiyyətli məsələlərə toxunulduğunu, layihələrin icra vəziyyəti ilə bağlı dəqiq mənzərənin əldə olunduğunu, eyni zamanda AMEA-nın sərgidə iştirakı ilə bağlı maddi-texniki və digər tələblərin  müəyyənləşdirildiyini diqqətə çatdırıb.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı