Bulud texnologiyalarının kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədqiqatlar davam etdirilir Mart 11, 2022 | 10:27 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2 saylı şöbənin növbəti onlayn elmi seminarı keçirildi.

Öncə institutun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva 3338.01 ixtisası üzrə “Bulud texnologiyalarının kibertəhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verdi. O, işin giriş, 7 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olduğunu diqqətə çatdırdı.

Mövzunun aktuallığından bəhs edən iddiaçı qeyd etdi ki, bulud texnologiyalarının sürətli inkişafı cəmiyyətin onun akademiya, dövlət qurumları, sənaye kimi sahələrinə geniş tətbiq olunmasına gətirib çıxarması, bulud texnologiyası platformalarının Əşyaların İnternetinin heterogen resurslarını vahid interfeyslə təmin etməsinin onun istifadəçilərinin sayının artırmasına səbəb olması, hökumət buludunun elektron hökumətin yeni inkişaf mərhələsi kimi qiymətləndirilməsi aktuallığı təmin edən məsələlərdir.

F.Abdullayeva dissertasiya işinin məqsədinin bulud texnologiyalarının kibertəhlükəsizliyinin təmin edilməsi sisteminin yaradılmasının elmi-nəzəri və metodoloji əsaslarının, onun optimal idarə edilməsi üsullarının işlənməsi olduğunu bildirdi.

Tədqiqatçı dissertasiya işində qarşıya qoyulmuş məsələlərə nəzər saldı. Söylədi ki, Bulud texnologiyalarının təhlükəsizlik problemlərinin müasir vəziyyətinin analizi, Bulud texnologiyalarında inam modellərinin qurulması üsullarının, işlənməsi, anomaliyaların aşkarlanması üsullarının işlənməsi bunlara daxildir.

Daha sonra “Zərərli proqramların opkodlar əsasında aşkarlanması üsulunun tədqiqi” mövzusunda məruzə dinlənildi. Mövzuya dair çıxış edən institutun dissertantı Elşən Bağırov “Opkod” anlayışı haqqında məlumat verdi. Bildirdi ki, Opkod (Operational code) yerinə yetiriləcək əməliyyatı təyin edən maşın dili əmrlərinin hissəsidir. Bu əməliyyatlar cəbri (add,sub, inc, dec), məntiqi (and, or, xor, not), verilənlərin dəyişdirilməsi, proqramın idarə edilməsi kimi əməliyyatlar ola bilər.

Məruzəçi əlamətlərin çıxarılmasının nəticələrindən və gələcək tədqiqatlar haqqında da məlumat verdi. Modelin nəticəsinə hansı növ bazanın seçilməsinin təsiri böyükdür. Yəni təlim üçün seçilmiş zərərli proqram nümunəsində mov opkodunun tezliyi zərərsiz proqramdakından kifayət qədər çox olarsa model həmin faylı zərərli olaraq proqnoz edəcək. Əlavə etdi ki, Opkod bazası üzrə qərəzli halları aradan qaldırmaq, icra olunabilən fayllardan digər əlamətləri çıxarmaq, hibrid analiz metodunun tətbiq edilməsi ilə aşkarlamaq və s. üsullar tədqiq ediləcək.

Hər bir iddiaçının dissertasiya işinə dair ətraflı fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, bir sıra təkliflər irəli sürüldü.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, tədqiqatçıların təqdim etdikləri hər bir dissertasiya işinin aktual problemlərə həsr olunduğunu, müvafiq istiqamətlərdə araşdırmaların intensivləşdirilməsi və nüfuzlu elmi bazalarda indeksləşən jurnallarda məqalələrin dərc olunmasının zəruriliyini qeyd etdi, müvafiq təklif və tövsiyələrini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı