Milli Radiasiya Təhlükəsizliyi Monitorinqi Sisteminin yaradılması istiqamətində tədqiqatlar aparılır Fevral 11, 2022 | 01:20 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında gənc tədqiqatçıların dissertasiya işlərinə dair müzakirələr aparıldı.

Öncə iclasda “Azərbaycanda intellektual kitabxanaların yaradılması problemləri və həlli yolları”  mövzusunda dissertasiya işi təqdim olundu. Mövzuya dair çıxış edən institutun əməkdaşı Dilbər Əlizadə işin qısa xarakteristikasını seminar iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, Azərbaycanda e-kitabxana quruculuğu sahəsindəki problemlər, bulud əsaslı e-kitabxanaların yaradılması problemləri, elektron kitabxana servislərinin intellektuallaşdırılması problemləri və mobil kitabxanaçılıq işin aktuallığını şərtləndirən amillərdir.

O, qeyd etdi ki, dissertasiya işinin məqsədi  ölkəmizdə e-kitabxana servislərinin intellektuallaşdırılması problemlərinin araşdırılması və həlli yollarının işlənilməsindən ibarətdir.

Məruzəçinin sözlərinə görə, Azərbaycanda e-kitabxana sahəsində mövcud vəziyyətin araşdırılması, tövsiyə, motivasiya və qiymətləndirmə sistemlərinin e-kitabxanaya inteqrasiya prinsiplərinin işlənilməsi, bulud əsaslı e-kitabxanaların yaradılması prinsiplərinin tədqiqi, e-kitabxana servislərinin intellektuallaşdırılması mexanizmlərinin işlənilməsi, eləcə də mobil kitabxanaçılıq anlayışının meydana gəlməsi zərurətinin araşdırılması tədqiqat işində qoyulmuş məsələlərə daxildir.

Sonra institutun böyük elmi işçisi Səbinə Məmmədzadə “Virtual məkanda transliterasiya problemi” adlı dissertasiya işi haqqında ümumi məlumat verdi. Bildirdi ki, tədqiqatın əsas məqsədi Azərbaycan dili üçün istifadə edilən latın qrafikasının ingilis dili üçün istifadə edilən latın qrafikası ilə transliterasiyanın təmin edilməsi və transliterasiya problemlərinin həlli üçün mexanizmlərin işlənməsidir.

Tədqiqat işində qoyulmuş məsələləri diqqətə çatdıran məruzəçi söylədi ki, buraya transliterasiya sahəsinin mahiyyətinin, məqsəd və vəzifələrinin, tətbiq sahələrinin izah edilməsi, transliterasiya sahəsində xarici təcrübənin araşdırılması, bu sahədə qəbul olunmuş beynəlxalq standartların araşdırılması, virtual məkanda transliterasiya problemlərinin aşkarlanması, mövcud yanaşma, model və metodların təhlil edilməsi və s. daxildir.

Daha sonra AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbər müavini Tural Mustafayevin “Industry 4.0 platformasıda Milli Radiasiya Təhlükəsizliyi Monitorinqi Sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda tədqiqat işi haqqında məruzə dinlənildi.

Tədqiqatçı işin aktuallığını zəruri edən amillərdən söhbət açaraq bildirdi ki, bunlar ölkədə müxtəlif mənbələrdə meydana gələn radiasiyanın dəqiq və vaxtında qeydiyyatının aparılmaması, meydana gələn radiasiyanın analiz olunması və radiasiya üzrə ölkədəki real vəziyyətin tam, dəqiq və obyektiv ortaya çıxarılmaması, baş verən hər hansı bir radioaktiv prosesə operativ nəzarət edilməsinin vacibliyi, ölkə səviyyəsində radiasiya təhlükəsizliyini həyata keçirən bir infrastrukturun yaradılmasına ehtiyacın olması və s. ilə əlaqəlidir.

“Dissertasiya işinin məqsədi ölkənin radiasiya təhlükəsizliyinin təmin olunması işləri çərçivəsində Industry 4.0 platformasıda Milli Radiasiya Təhlükəsizliyi Sisteminin yaradılması üçün metod və alqoritmlərin işlənməsindən ibarətdir”, - deyə o, əlavə etdi.

Daha sonra T.Mustafayev tədqiqat işində qoyulmuş məsələləri diqqətə çatdırdı. Söylədi ki, bunlara Industry 4.0 platformasıda Milli Radiasiya Təhlükəsizliyi Monitorinqi Sisteminin yaradılmasının elmi nəzəri problemləri, beynəlxalq təcrübədə istifadə olunan elmi yanaşmalar, metodlar və monitorinq sistemlərinin araşdırılması, Radiasiya Təhlükəsizliyi Monitorinqi Sistemlərində standartların, normativ sənədlərin analiz olunması, Azərbaycan təcrübəsində bu sahədə aparılan elmi-tədqiqat işlərinin öyrənilməsi, məkan üzrə eletron rəqəmsal radiasiya xəritələrinin yaradılması və s. daxildir.

Sonda məruzələrə dair fikir mübadiləsi aparıldı, iddiaçılar onlara ünvanlanan sualları cavablandırdılar.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev  çıxış edərək iddiaçıların dissertasiya işinin aktual mövzulara həsr olunduğunu qeyd etdi, elmi tədqiqatların dərinləşdirilməsi və yeni məqalələrin hazırlanmasına dair tövsiyələr verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı