Təhsil nazirinin müavini: “Lütfi Zadə ideyaları hələ uzun müddət gələcək elmin və texnologiyanın inkişafı üçün baza rolunu oynayacaq” Fevral 04, 2022 | 10:22 / Müsahibələr, çıxışlar

XX əsrdə Azərbaycan xalqının bəşər tarixinə elm və təhsil sahəsində bəxş etdiyi görkəmli şəxsiyyət Lütfi Zadə, elmdə min illərlə hakim olan paradiqmanı dəyişən dünyanın ən böyük ixtiraçı  alimlərindən biridir. Lütfi Zadə həm də bu günümüzün inqilabi texnologiyalarının yaranmasında müstəsna rolu olan alimdir.

Bu fikirləri Azərbaycan Respublikasının təhsil nazirinin müavini Firudin Qurbanov dahi azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə və elmi irsinə həsr olunmuş 8-ci Ümumdünya Soft Computing Konfransının (8th World Conference On Soft Computing) onlayn formatda keçirilən açılış mərasimində çıxışı zamanı səsləndirib.

F.Qurbanovun fikrincə, görkəmli elm xadimi, qeyri-səlis məntiq nəzəriyyəsi sahəsində elmi məktəb yaratmış Lütfi Zadənin anadan olmasının 100 illik yubileyinin doğma Vətənimizdə ölkə Prezidenti, cənab İlham Əliyevin xüsusi sərəncamı ilə dövlət səviyyəsində qeyd olunması elm və təhsil xadimlərinin zəngin irsinə diqqət və qayğının təzahürü kimi yüksək dəyərləndirilməlidir.

O, bildirib ki, Lütfi Zadə öz tarixi şəxsiyyətində yüksək insani keyfiyyətləri cəmləşdirə bilməklə təkcə elm dahisi kimi deyil, həm də müstəsna insani xüsusiyyətlərə və yaradıcı ruha malik insan kimi yaddaşlarda qalıb.

Sonra F.Qurbanov dahi alimin zəngin elmi fəaliyyətinin əsas məqamlarına toxunub:

“1964-cü ildə dünya elmində yeni olan qeyri-səlis çoxluqlar nəzəriyyəsi yaranır. 1965-ci ildə azərbaycanlı alim Lütfi Zadə tərəfindən tamamilə yeni, çox qiymətli qeyri-səlis məntiq nəzəriyyəsi yaradıldı. Lütfi Zadənin dünya idarəetmə elminə verdiyi ən böyük töhfələrdən biri elmi ədəbiyyatda Z-çevirmə üsulu kimi tanınan diskret və rəqəmli idarəetmə, informasiya və  kommunikasiya sistemlərinin əsasını qoyan elmi nəzəriyyədir. Göründüyü kimi qeyri-dəqiqliyi riyazi dəqiqliyə çevirmiş alim elmdə nəhəng inqilab etməyə nail olub”.

Məruzəçi Lütfi Zadə ideyalarının hələ uzun müddət gələcək elmin və texnologiyanın inkişafı üçün baza rolunu oynamağa və töhfə verməyə davam edəcəyinə inandığını diqqətə çatdırıb. Həmyerlimizin irsinin ölkəmizdə də layiqli davamçılarının olduğunu deyib.

Təhsil nazirinin müavini məktəblilər arasında Lütfi Zadənin daha yaxından tanıdılması məqsədi ilə keçirilən məntiq olimpiadası haqqında da məlumat verib. Qeyd edib ki, bu kimi bilik yarışlarında istedadlı şagirdləri aşkar etmək, onlarda fənlərin dərindən öyrənilməsinə marağı artırmaq əsas hədəflərdəndir. Ölkənin bütün rayon və şəhərlərindən arzu edən, öz bilik və bacarığına güvənən istedadlı gənclər bu olimpiadada iştirak edirlər.

O, dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin ideyalarının əcnəbi ölkə məktəbliləri arasında təbliği məqsədilə Azərbaycanın ev sahibliyi etməsi ilə riyaziyyat və informatika fənni üzrə 2021-ci ilin dekabr ayında onlayn şəkildə beynəlxalq olimpiadanın keçirildiyini diqqətə çatdırıb.

“Dünya şöhrətli, çağdaş elm tarixinə imzasını atmış, professor L.Zadənin əziz xatirəsini böyük milli qürür və minnətdarlıq duyğuları ilə yad edərək, konfransın işinə uğurlar arzulayıram”, - deyə nazir müavini nitqini tamamlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı