28 Yanvar bütün dünyada Fərdi Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur Yanvar 28, 2022 | 10:21 / Maraqlı məlumatlar

Fərdi məlumatlardan dövlət idarəçiliyində, tibb və təhsil sahələrində, alış-veriş və səyahət zamanı, İnternet və mobil telefon xidmətlərindən istifadə edərkən davamlı olaraq istifadə olunur. Lakin insanların çoxu fərdi məlumatların emalı ilə bağlı risklərdən və şəxsi məlumatların qorunması hüquqlarından xəbərsizdirlər. Çox vaxt onlar hüquqlarının pozulması halında nə edəcəklərini bilmirlər və fərdi məlumatların mühafizəsi üzrə milli strukturların rolundan xəbərsizdirlər.

Dünyada bu məsələyə diqqəti artırmaq məqsədilə Avropa Şurasının təşəbbüsü ilə 2007-ci ildən etibarən 28 yanvar tarixi beynəlxalq miqyasda Məlumatların Mühafizəsi Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd İnternet istifadəçilərinin virtual və real həyatlarının təhlükəsizliyini təmin edən davranış qaydalarına riayət etmələrini təmin etmək, insanları fərdi məlumatların mühafizəsi ilə bağlı risklər, fərdi məlumatlar üzrə hüquqlar və onları həyata keçirmək yolları ilə bağlı maarifləndirməkdir.

Məhz bu gün - 28 yanvar 1981-ci ildə Avropa Şurası “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” Konvensiya imzalayıb. Konvensiya şəxsi məlumatların qorunması sahəsində insan hüquqlarının müdafiəsi mexanizmlərini müəyyənləşdirən və “fərdi məlumatlar” anlayışının tərifini verən ilk beynəlxalq sənəddir.

Azərbaycan “Fərdi məlumatların avtomatlaşdırılmış qaydada işlənməsi ilə əlaqədar şəxslərin qorunması haqqında” konvensiyanı 2009-cu ildə müvafiq bəyanatlarla ratifikasiya edib. 2010-cu ildə isə milli səviyyədə fərdi məlumatların tənzimlənməsi haqqında ayrıca hüquqi sənəd – “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa, eləcə də fərdi məlumatların mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarına uyğun olaraq, fərdi məlumatlar toplanıldığı andan mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Subyekt onun barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə bu qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

Fərdi məlumatların toplanılması və işlənilməsinin hüquqi bazasının yaradılması, onun daim təkmilləşdirilməsi istiqamətində dünyanın müxtəlif ölkələrində tədbirlər görülməkdədir. 25 may 2018-ci il tarixində Avropa İttifaqının Ümumi Məlumatın Mühafizəsi Qaydaları (GDPR) qüvvəyə minib. Ölkəmizdə də beynəlxalq təcrübəni nəzərə almaqla fərdi məlumatların qorunması istiqamətində artıq hüquqi islahatlar aparılır. 

AMEA İnformasiya Texnologiyaları İnstitutunda da artıq uzun illərdir ki, informasiya təhlükəsizliyinin təmin olunması problemləri çərçivəsində fərdi məlumatların mühafizəsi məsələlərinə dair tədqiqatlar aparılır.

2019-cu ildə institutda keçirilən “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi və qorunması problemlərinə həsr olunmuşdur. Konfransda fərdi məlumatların təhlükəsizliyinin multidissiplinar problemləri, cəmiyyətdə informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, fərdi məlumatların təhlükəsizliyinin etibarlı idarə edilməsi kimi məsələlər müzakirə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı