Fəlsəfə doktorluğuna iddialı olan tədqiqatçıların fəaliyyətinin monitorinqi aparılır Yanvar 21, 2022 | 09:52 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəlsəfə doktorluğuna iddialı olan bir qrup tədqiqatçının dissertasiya mövzuları üzrə apardıqları tədqiqatlar və əldə etdikləri nəticələrin müzakirəsinə həsr olunmuş elmi seminarın onlayn iclası keçirildi. 

“Böyük həcmli məlumatların analizi üçün iterativ klasterləşdirmə metodları” mövzusu üzrə apardığı tədqiqatlardan doktorant  Şəlalə Mansurova bəhs etdi. Qeyd etdi ki, dissertasiya işinin məqsədi müasir kompüterlərin yaddaş və hesablama resursları çərçivəsində böyük həcmli məlumatların analizini həyata keçirməyə imkan verən metod və alqoritmlərin işlənilməsidir.

O, dissertasiya işində qarşıya qoyulmuş məsələləri diqqətə çatdırdı. Böyük həcmli məlumatların analizi üçün mövcud klasterləşdirmə metodlarının araşdırılması və onların müqayisəli analizi, böyük həcmli məlumatların bir kompüterdə analizi üçün iterativ və iterativ-paralel klasterləşdirmə metodlarının işlənməsi və onların digər metodlarla eksperimental müqayisəsi ilə bağlı tədqiqatların aparıldığını vurğuladı.

Sonra doktorant Ləman Həmidova “Etnobotanika informasiya sisteminin işlənilməsi” mövzusunda dissertasiya işi haqqında məlumat verdi.

Qeyd etdi ki, etnobotanika sahəsindəki məlumatların böyük həcmi və müxtəlif formada mövcud olması, onların toplanılması, sistemləşdirilməsi və müqayisəli şəkildə təhlil edilməsi üçün böyük yaddaş resurslarına malik mərkəzləşdirilmiş verilənlər bazasının yaradılmasını zəruri edir. Tədqiqatçının sözlərinə görə, Azərbaycanda bu istiqamətdə vahid verilənlər bazasının yaradılması və internet üzərindən müstəqil şəkildə idarə olunması, bitkilərin etnobotaniki xüsusiyyətləri, həmçinin etnoqrafik, etnofolklor, demoqrafik, tarixi, coğrafi parametrlər haqqında informasiyanın əldə olunmasını və daha perspektivli bitkilərin seçilməsini asanlaşdıracaq.  

O, işin əsas məqsədinin etnobotanika informasiya sistemlərinin elmi-nəzəri və metodoloji əsaslarının, onun optimal idarə edilməsi üsullarının işlənməsi və strukturlaşdırılmış vahid verilənlər bazasının yaradılmasından ibarət olduğunu vurğuladı.

İnstitutun doktorantı Orxan Vəlixanlı “Proqram məhsullarının təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə apardığı tədqiqatların məqsədi, aktuallığı, qarşıya qoyulmuş məsələlər, dərc olunmuş məqalələr və s. barədə məlumat verdi.

Bildirdi ki, işin əsas məqsədi proqram məhsullarında edilən dəyişiklikləri və boşluqları yüksək dəqiqliklə tanıya bilən, zərərli proqramları aşkarlaya bilən, yüksək sürətli, özü-özünü təlimləndirən, müxtəlif hücumların təsirinə qarşı dayanıqlı olan intellektual metod və alqoritmlərin işlənilməsidir.

Daha sonra tədqiqatçıların dissertasiya işi ətrafında fikir mübadiləsi aparıldı, çoxsaylı suallar cavablandırıldı, tədqiqatların davam etdirilməsinə dair təkliflər səsləndirildi.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxışı zamanı hər bir tədqiqatçıya dissertasiya işləri üzrə dərin elmi araşdırmaların aparılması ilə bağlı tövsiyələrini verdi. Tədqiqat üzrə konkret istiqamətlərin müəyyənləşdirilməsinin önəmini vurğulayan akademik hər bir mövzu üzrə beynəlxalq təcrübənin araşdırılmasının daha səmərəli nəticələrin əldə olunması baxımından vacib olduğunu nəzərə çatdırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı