Rusiya Ali İqtisad Məktəbinin professoru Fuad Ələsgərov ilə görüş keçirilib Dekabr 16, 2021 | 12:38 / Görüşlər

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı alim, "Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin (Moskva) iqtisadiyyat fakültəsinin Ali riyaziyyat kafedrasının müdiri, V.A.Trapeznikov adına İdarəetmə Problemləri İnstitutunun “V. A. Ayzerman adına Qərarların seçimi və analizi nəzəriyyəsi” laboratoriyasının müdiri, Beynəlxalq Təhlil və Qərarların Seçimi Mərkəzinin rəhbəri, texnika elmləri doktoru, professor Fuad Ələsgərov AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn Elmi seminarında geniş məruzə ilə çıxış edib.

“Zoom” platforması üzərindən baş tutan tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev prof. F.Ələsgərovu institut əməkdaşları adından salamlayıb, alimi kollektivə təqdim edib. Akademik R.Əliquliyev professor F.Ələsgərovun elmi fəaliyyəti və nailiyyətləri haqqında ətraflı məlumat verib.

Baş direktor prof. F.Ələsgərovun qərarların qəbul edilməsi nəzəriyyəsi və onun tətbiqi, sosial şəbəkələrin analizi istiqaməti üzrə böyük təcrübəyə və mühüm elmi nəticələrə malik olduğunu diqqətə çatdırıb, onun əldə etdiyi nailiyyətlərin Rusiya ilə yanaşı, dünyanın aparıcı elmi mərkəzləri tərəfindən tanındığını və alimin bu mərkəzlərdə dəvətli professor kimi çalışdığını vurğulayıb. Akademik əlavə edib ki, çoxsaylı elmi cəmiyyətlərin üzvü olan alim qərarların qəbul edilməsi, oyunlar nəzəriyyəsi, çətin formalizasiya olunan proseslərdə qərarların qəbulu və s. elmi istiqamətlər üzrə dünya səviyyəsində tanınmış alimlərdən biridir. O, Azərbaycanda kibernetika və idarəetmənin formalaşmasında müstəsna xidmətlərə malik olan Mark Ayzermanın tələbəsidir.

İnstitutda beynəlxalq əlaqələrin genişləndirilməsinə, birgə tədbirlərin həyata keçirilməsinə, tədqiqatların aparılmasına və qrant layihələrin icrasına böyük əhəmiyyət verildiyini bildirən akademik R.Əliquliyev Azərbaycanda bu istiqamətdə aparılan dövlət siyasətinin əsas prioritetlərindən birini də məhz ölkəmizdən kənarda fəaliyyət göstərən alimlərimizlə əməkdaşlığın qurulması və sıx münasibətlərin yaradılmasının təşkil etdiyini vurğulayıb.

Bugünədək Rusiyada elmi fəaliyyətlə məşğul olan, eyni zamanda Azərbaycanda müxtəlif vəzifələrdə çalışan, təhsil sistemində müəyyən missiyanı həyata keçirən çox sayda alimlərimizlə əməkdaşlıq əlaqələrinin davam etdirildiyini xatırladan AMEA-nın vitse-prezidenti internetin təqdim etdiyi müasir imkanlar vasitəsilə xaricdə yaşayan həmkarlarla əlaqələrin qurulmasının daha əlçatan olduğunu bildirib.

Sonra professor Fuad Ələsgərov Elmi seminarda çıxış etmək üçün imkan yaratdığına görə akademik Rasim Əliquliyevə və institutun kollektivinə təşəkkürünü bildirib.

“Şəbəkələrdə yeni mərkəzləşmə ölçüləri və onların tətbiqləri” (New centrality measures in the networks and their applications) mövzusunda məruzəni təqdim edən F.Ələsgərov şəbəkə modellərinin yaranma tarixinə nəzər salıb, bu sahədə aparılan ilk tədqiqatlar haqqında məlumat verib.  

O, mərkəzliliyin klassik və müasir qiymətləndirilmə üsullarından danışıb. Məruzəçi müasir modellərin hesablama mürəkkəbliyini artıran üsulları diqqətə çatdırıb. F.Ələsgərov, həmçinin miqrasiya şəbəkəsi modelini və bu model üzrə 2015-ci ili əhatə edən nəticələri təqdim edib.

Alim, həmçinin ölkələrin şəbəkəyə təsirinin yeni mərkəzlilik indeksləri ilə qiymətləndirilməsi üsullarından bəhs edib.

Ümumdünya Ticarət Şəbəkəsi haqqında məlumat verən məruzəçi ticarət axınlarının növləri, verilənlərin emalı, klassik və yeni indekslər üzrə nəticələri qrafiklərlə təqdim edib. O cümlədən Qida İxrac/İdxal Şəbəkəsi ilə əlaqədar aparılan son tədqiqat işlərindən söz açıb, nəticələri diqqətə çatdırıb.

Professor F.Ələsgərovun məruzəsi seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, qonaq institut alimlərinin çoxsaylı suallarını cavablandırıb.

Sonda çıxış edən akademik Rasim Əliquliyev bugünkü görüşün birgə əməkdaşlığın başlanğıcı olduğunu, bu əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə inamını ifadə edib, əldə olunan mühüm tədqiqatların Azərbaycan elmi ictimaiyyətinə təqdim edilməsinin vacib məsələlərdən olduğunu bildirib. Akademik institut əməkdaşlarının professor Fuad Ələsgərovun apardığı elmi tədqiqatların nəticələrindən yararlandığını da diqqətə çatdırıb.

Baş direktor, həmçinin professor F.Ələsgərovun fəaliyyət göstərdiyi ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulması, birgə seminarların keçirilməsi və kadr mübadiləsinin aparılmasının əhəmiyyətindən bəhs edib.

Daha sonra F.Ələsgərov institutun elmi laboratoriyalarının, eləcə də, AzScienceNet Elm-Kompüter Şəbəkəsinin, Təhsil-İnnovasiya Mərkəzinin, Multimedia Mərkəzinin, Elektron Kitabxana Mərkəzinin fəaliyyəti, bu struktur bölmələrində yaradılan şəraitlə yaxından tanış olub.

Qonağa institutun əsas fəaliyyət istiqamətləri, əldə etdiyi nailiyyətlər, kadr potensialı, texnoloji təchizatı, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı