“НСКФ-2021” forumunda sosial şəbəkələrdə sosial münasibətlərin analizinə dair müzakirələr aparılıb Dekabr 13, 2021 | 10:28 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, tex.f.d. İradə Ələkbərova Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) çıxış edib.

İ.Ələkbərova “Sosial münasibətlərin analizi və böyük verilənlərlə bağlı problemlər” adlı məruzəsində bildirib ki, informasiya texnologiyalarının vətəndaşın gündəlik həyatına və davranışına intensiv və dinamik təsiri cəmiyyətdə yeni sosial münasibətlərin yaranmasına, ənənəvi münasibətlərdə müəyyən dəyişikliklərin baş verməsinə səbəb olub. O, əlavə edib ki, sosial media vasitələri insanların sosial həyatlarında yalnız adi ünsiyyət vasitəsi kimi deyil, sosial münasibətlərin katalizatoru vasitəsi kimi istifadə olunmaqdadır.

Məruzəçinin sözlərinə görə, insanlar arasında münasibətlər və onların müxtəlifliyi cəmiyyətin inkişaf prosesinə, sosial-iqtisadi və siyasi vəziyyətə, dövlətin informasiya məkanının təhlükəsizliyinə təsir edən vacib faktorlardandır. O, COVID-19 pandemiyası, iqtisadi böhranlar, müharibələrin cəmiyyətdə stress və psixoloji gərginlik yaratdığını bildirib. “Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamenti güclü sosial əlaqələrin, xüsusən də ailə və dostluq münasibətlərinin, vətəndaşların pandemiya da daxil olmaqla streslərin öhdəsindən gəlməsinə kömək etdiyini və ölkədə sabitliyin təmin edilməsində əhəmiyyətli rol oynadığını təyin edib”, - deyə İ.Ələkbərova qeyd edib. O, bu səbəbdən ölkədə sosial münasibətləri dəstəkləyən və gücləndirən proqram və layihələr yaratmaq və həyata keçirməyin vacibliyinə toxunub.

İradə Ələkbərova sosial münasibətləri tipinə (rəsmi: xidməti münasibətlər, əməkdaşlıq; qeyri rəsmi: ailə, dostluq və s.), təsir formasına görə (güclü, orta, zəif) və s. xüsusiyyətlərinə görə təsnifatlandırıb. Həmçinin tədqiqatçı tərəfindən münasibətlərin qiymətləndirilməsində münasibətin əhatə dairəsi: münasibətlərdə iştirak edən insanların sayı; münasibətlərin istiqaməti sıxlığı; gücü; təsiri və münasibətlərin müəyyən zaman kəsiyində vəziyyəti kimi əsas göstəricilər müəyyən olunub.

Məruzəçi sosial münasibətlərin analizində təklif olunan metod və alqoritmlərdən bəhs edib, sosial münasibətlərin analizində “Erdős–Rényi” modeli, "Bayesian şəbəkəsi”, “təsadüfi qraflar”, “Markov zəncirləri, “Link Analysis”, ”maşın təlimi” metodları, istifadəçilərin ranqlaşdırılması üçün əsasən “PeopleRank” alqoritmindən istifadə olunduğunu diqqətə çatdırıb. İstifadəçi şərhlərinin analizində “text-mining”, kontent-analiz, LIWC (Linguistic İnquiry and Word Count), ICA (Independent Component Analysis) və s. istifadə olunduğunu vurğulayıb.

O, sosial media resurslarının analizində istifadə olunan maşın təlimi metodları (klasterləşmə, təsnifatlandırma, reqressiya  və s.), bu metodların sosial münasibətlərin analizində əhəmiyyəti barədə danışıb, sosial şəbəkələrdə toplanan fərdi məlumatlardan və istifadəçilərin şərhindən istifadə edərək sosial münasibətlərin analizi üçün arxitektur sxemin işlənildiyini bildirib. Həmçinin sosial şəbəkələrdə münasibətlərin analizi məsələsinin kateqoriyalar üzrə həlli sxeminin işlənildiyini deyib.

İ.Ələkbərovanın bildirdiyinə görə, böyük verilənlərlə əlaqədar yaranan problemin səmərəli həlli üçün sosial münasibətlərin intellektual analizinin 3 mərhələ üzrə həlli təklif olunub: sosial münasibətlərin təsnifatlandırılması, aktorların klasterləşdirilməsi və aktorların ranqlaşdırılması.

Məruzəçi çıxışının sonunda tədqiqat zamanı sistemləşdirmə, müqayisəli analiz metodları, vektor modeli və “tf-idf” alqoritminin istifadə edildiyini və   əldə edilən nəticələrin e-dövlətin daha səmərəli idarə olunmasında istifadə oluna biləcəyini vurğulayıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı