Elektron ticarət sistemlərinin müasir proqram təminatının modernləşdirilməsinin əsas istiqamətləri araşdırılıb Dekabr 07, 2021 | 09:16 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və magistrantı Ülkər Haqverdiyevanın həmmüəllifi olduqları “Elektron ticarət sistemlərinin müasir proqram təminatının modernləşdirilməsinin əsas istiqamətləri” mövzusunda elmi-tədqiqat işi Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) təqdim olunub.

Mövzuya dair çıxış edən Ü.Haqverdiyeva bildirib ki, informasiya texnologiyalarının sürətli inkişafı və XXI əsrdə baş verən 4-cü Sənaye inqilabı insan fəaliyyətinin bütün sahələrinə təsir etdiyi kimi, iqtisadi münasibətlərə də öz təsirini göstərmiş və elektron ticarət sahəsində bir sıra yeni istiqamətlərin meydana gəlməsinə səbəb olmuşdur. Hazırda dünyada sürətlə inkişaf edən Əşyaların İnterneti, 5G, robotlaşma, kibertəhlükəsizlik, superkompüter texnologiyalarının və süni intellektin tətbiqi elektron ticarət sistemlərinin müasir proqram təminatının modernləşdirilməsində əsas yollardan hesab olunur.

Onun sözlərinə görə, müasir dövrdə dünya əhalisinin böyük əksəriyyətinin aktiv internet istifadəçisi olması və nəinki fərdi kompüterlər, o cümlədən, insan həyatının ayrılmaz bir parçasına çevrilən “ağıllı” telefonlar vasitəsilə internetə çıxışın mümkün olması firmaların öz məhsullarını tanıtmaq və onların satışını həyata keçirmək üçün internet şəbəkələrindən istifadə etməsini zərurət halına gətirmişdir. Belə ki, təklif edilən hər bir məhsul üçün tələbin yaradılması, satış prosesinin bütün mərhələlərində müştəri dəstəyinin təmin edilməsi, ticarət qurumları və müştərilər arasındakı ticari və logistik əlaqələrin kompüter şəbəkələri vasitəsilə təmin edilməsi üçün müəssisələr elektron ticarət sistemlərindən istifadə edirlər.

“Elektron ticarət sistemlərinin tətbiqi müəssisəyə həm öz məhsullarını daha çox alıcıya daha sərfəli yolla nümayiş etdirməyə, həm müəssisə daxilində mallar, sifarişlər və ödənişlərlə bağlı əməliyyatları avtomatik şəkildə idarə etməyə, həm də bu sayədə bazar iqtisadiyyatı şəraitində rəqabətə davam gətirməyə kömək edir. Göstərilən amilləri nəzərə alaraq, təqdim olunan tədqiqat işində elektron ticarət sistemlərinin yaranması və yayılmasına təkan verən amillər, bu sistemlərin tətbiqinin ölkə üçün faydaları araşdırılmışdır. Bununla yanaşı, elektron ticarət sistemlərinin təsnifatı və ənənəvi elektron ticarət modellərinə, elektron ticarət sistemlərinin proqram təminatının ümumi arxitekturasına baxılmış, sistemi təşkil edən altsistemlər və onların funksiyaları nəzərdən keçirilmişdir”, – deyə məruzəçi bildirib.

Ü.Haqverdiyeva tədqiqat çərçivəsində Dördüncü Sənaye İnqilabının elektron ticarət sistemlərinin inkişafına təsiri, yaranan yeni texnologiyalar əsasında elektron ticarət sistemlərinin proqram təminatının modernləşdirilməsi istiqamətlərinin təhlil edildiyini söyləyib. Müasir elektron ticarət sistemlərinin fəaliyyətinin təşkilində superkompüterlərin və yeni texnologiyaların tətbiqi məsələsinə nəzər yetirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda elektron ticarətin təşkili məsələsi, mövcud olan elektron ticarət platformalarının fəaliyyəti təhlil edilmiş, onların inkişaf etdirilməsi və ümumiyyətlə rəqəmsallaşma, innovasiya və yüksək texnologiyaların təkmilləşdirilməsi üzrə görülən işlər barədə məlumat verilmişdir. Ölkədə mövcud olan elektron ticarət sistemlərinin beynəlxalq sistemlərə inteqrasiyası üzrə tövsiyələr verilmişdir.

Tədqiqat işində, həmçinin göstərilir ki, iqtisadiyyatın rəqəmsallaşması nəticə etibarilə milyonlarla istehlakçının, istehsalçının əmtəə-pul dövriyyəsini izləmək, yüz minlərlə vergi ödəyicisinin məlumat bazasını tənzimləmək, gömrük bəyannamələrini izləmək, ölkə miqyasında pul-kredit, maliyyə resurslarının tənzimlənməsi üçün müvafiq texniki, texnoloji instrumentariyanı yaratmaqdır. Bütün bu kimi işlərin həlli isə superkompüter texnologiyalarının tətbiqi ilə reallaşa bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı