Elektron tibbin formalaşması istiqamətində tədqiqatlar genişləndirilir Noyabr 17, 2021 | 02:26 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin 2021-ci il üzrə hesabatı təqdim olundu.

Hesabatı təqdim edən şöbənin müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova cari ildə yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, bildirdi ki, cari ildə tədqiqatlar “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi” istiqamətində “Elektron tibbin formalaşması problemləri”, “İnsan resurslarının idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi”, “Azərbaycanda bimodal elektron universitetin intellektual idarə olunması üçün model və metodların işlənməsi”  mövzuları üzrə aparılıb.

M.Məmmədova “Elektron tibb mühitində intellektual idarəetmə və qərarların qəbul olunmasının dəstəklənməsi problemləri”, “Qaraciyər xəstəlikləri  və transplantasiyası üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi”, “Səhiyyə 4.0 şəraitində vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması prinsiplərinin işlənməsi” mövzusunda aparılmış tədqiqatların nəticələrindən bəhs etdi, bu tədqiqatların e-tibbin formalaşması problemlərinin həllində böyük əhəmiyyətə malik olduğunu bildirdi.

O, “İnsan resurslarının idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi”, “Elektron universitetin fəaliyyət konsepsiyası, model və metodlarının işlənməsi” mövzuları üzrə aparılan elmi-tədqiqat işlərinin tamamlandığını və müvafiq dissertasiya mövzularının müdafiə olunduğunu diqqətə çatdırdı. Professor bildirdi ki, bu istiqamətlər üzrə tədqiqatların İndustry 4.0 platformasında davam etdirilməsi şöbənin perspektiv fəaliyyət istiqamətləri sırasındadır. E-dövlət mühitində intellektual əmək bazarının arxitektur-texnoloji prinsiplərinin işlənilməsi üzrə tədqiqatlar Milli Əmək bazarı Observatoriyanın nümunəsində aparılıb.

Şöbə müdiri elmi-tədqiqat işləri üzrə aparılan tədqiqatların elmi-nəzəri nəticələrini əks etdirən 6 məqalənin nüfuzlu jurnallarda dərc edildiyini, 9 respublika və beynəlxalq səviyyəli konfransda müzakirə edildiyini dedi.

M.Məmmədova elmi-innovasiya fəaliyyəti çərçivəsində cari ildə həyata keçirilən çoxsaylı elmi-texniki ekspertiza işləri, müxtəlif tədbirlər haqqında danışdı.

O, şöbənin beynəlxalq əməkdaşlığı, xüsusilə “E-health” çərçivəsində CEANT-la birbaşa əməkdaşlıqda görülən işlər barədə ətraflı məlumat verdi.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatını yüksək qiymətləndirdi, il ərzində şöbədə bir elmlər doktoru və bir fəlsəfə doktoru üzrə dissertasiya işlərinin müdafiə olunduğunu, bunun həm şöbə, həm də institut üçün böyük nailiyyət olduğunu bildirdi. Akademik e-tibbin formalaşması, onun elmi-nəzəri və praktiki problemlərinin həlli istiqamətində aparılan tədqiqatların daha da gücləndirilməsinin vacibliyini vurğuladı, bu istiqamətdə tədqiqatlara gənc mütəxəssilərin, tədqiqatçıların cəlb edilməsi ilə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı