Akademik Rasim Əliquliyev: “Yüksək Texnologiyalar Parkı qarşısına qoyulan strateji vəzifələrin həyata keçirilməsi istiqamətində inamla çalışır” Noyabr 09, 2021 | 02:40 / Müsahibələr, çıxışlar

Bu il Azərbaycanda elm, texnologiya və innovasiya sahəsində uğurla fəaliyyət göstərən AMEA Yüksək Texnologiyalar Parkının (YT Parkı) yaranmasından 5 il ötür.

AMEA-nın vitse-prezidenti, YT Parkının Ekspertlər Şurasının sədri, akademik Rasim Əliquliyev bu qurumun fəaliyyətinin prioritet istiqamətləri, perspektivdə görüləcək işlər, eləcə də Ekspertlər Şurasının qarşısında duran vəzifələrə dair suallarımızı cavablandırıb.

Rasim müəllim, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin inkişafını hədəfləyən YT Parkının 5 il ərzindəki fəaliyyətini necə qiymətləndirirsiniz?

– Sualınıza keçməzdən əvvəl Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda qazanılan tarixi qələbənin ildönümü, 8 Noyabr – Zəfər Günü, eyni zamanda 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə xalqımızı təbrik edir, dövlətimizin və bayrağımızın hər zaman yüksəklərdə olmasını arzu edirəm.

Müasir dövrdə bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da elmin maliyyələşdirilməsi və kommersiyalaşdırılması, innovativ biliklərin artırılması, eləcə də idxal və ixrac potensialını yüksəltməklə dünya bazarına çıxışın təmin edilməsi son dərəcə aktual məsələlərdir.

2016-cı il noyabrın 8-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış YT Parkı fəaliyyətə başladığı ilk gündən etibarən qarşısına elmtutumlu, rəqabətqabiliyyətli və innovativ məhsulların istehsalını həyata keçirməyi, elmi nəticələri kommersiyalaşdırmağı, intellektual biznesin formalaşdırılması istiqamətində özəl sektor və akademik qurumlarla əməkdaşlıq etməyi məqsəd qoymuşdur.

5 ildir ki, Yüksək Texnologiyalar Parkı elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və sahibkarlar üçün əlverişli innovativ biznes mühitinin yaradılması yolu ilə strateji hədəflərə doğru irəliləyir, həmçinin AMEA-nın elmi-texnoloji əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır.

Son zamanlar YT Parkda AMEA rəhbərliyinin birbaşa dəstəyi ilə geniş islahatlar həyata keçirilir, innovativ layihələr icra olunur, şəffaf mühit formalaşır. Texnoparka yeni rezidentlərin qəbul olunması, erkən inkişaf mərhələsində olan startapların dəstəklənməsi və ümidverici layihələrin həyata keçirilməsi bu qurumun fəaliyyətinin daha səmərəli təşklinə imkan verir. Bu müəssisə qarşısına qoyulan strateji vəzifələrin həyata keçirilməsi istiqamətində inamla çalışır.

YT Parkın fəaliyyətinin səmərəli təşklində Ekspertlər Şurası da mühüm rola malikdir. İstərdik bu barədə məlumat verəsiniz.

– AMEA YT Parkın nəzdində fəaliyyət göstərən Ekspertlər Şurasının əsas vəzifəsi texnologiyalar parkında rezident kimi qeydiyyata alınma ilə əlaqədar müraciət etmiş ərizəçilər tərəfindən təqdim olunan layihələrin qiymətləndirilməsi, mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin təşkili, layihələrin həyata keçirilməsi üçün elmi dəstəyin verilməsindən ibarətdir. Ekspertlər şurası həm də innovasiya məhsullarının hazırlanması sahəsində nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi, onların tətbiqinə dair təkliflərin hazırlanmasını reallaşdırır. Şura üzvləri, eyni zamanda texnoparkda hazırlanmış texnologiyaların, elmi-texnoloji tutumlu məhsulların tətbiqi və istehsalı ilə əlaqədar texniki-iqtisadi əsaslandırmalara rəylər verir.

Şura, həmçinin YT Parkının rezidentləri ilə AMEA-nın elmi müəssisə və təşkilatları arasında münasibətlərin qurulmasında və əməkdaşlığın inkişafında da mühüm rol oynayır. Əldə olumuş elmi nailiyyətlərin tətbiqi, innovativ təklif və elmi ideyaların YT Parkının texnoloji platforması əsasında reallaşdırılması və kommersiyalaşdırılmasına intellektual dəstək verir.

Bütövlükdə, Ekspertlər şurası yeni rezidentlərin seçilməsi ilə yanaşı, Parka elmi dəstək vermək, elm, təhsil və istehsalat arasında intellektual qovşaq, körpü yaratmaq vəzifəsini yerinə yetirir.

Rasim müəllim, Yüksək Texnologiyalar Parkının qarşısında duran əsas vəzifələr və bu müəssisənin prioritetləri haqqında danışmağınızı istərdik.

– Bilirsiniz ki, Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə fəal mövqe tutması üçün yüksək texnologiya və innovasiya siyasətinə diqqət yetirilməsi vacib məsələdir. Dövlət başçısının bu sahədə apardığı siyasətə, qəbul etdiyi qərar və sərəncamlara əsasən, İKT infrastrukturunun inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlərin göstərilməsi, yüksək texnologiyalar sahəsində elmi-texniki potensialın gücləndirilməsi, elmi tədqiqatların genişləndirilməsi, eləcə də qeyri-neft sektorunun inkişafı və biliklər iqtisadiyyatının formalaşdırılması bu gün müasir Azərbaycan elminin qarşısında duran əsas vəzifələrdəndir. Yüksək Texnologiyalar Parkında da bu vəzifələrdən irəli gələn məsələlərin həlli, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması ilə əlaqədar bütün ideya və layihə müəlliflərinin cəlb edilməsi üçün geniş imkanlar yaradılmışdır.

Xaricdən alınan xammalların tədricən yerli xammallarla əvəzlənməsi ilə yüksək keyfiyyətli Azərbaycan brendinin yaradılması da müəssisənin əsas hədəflərindəndir.

YT Parkı öz fəaliyyətində intellektual resurslar, gənc tədqiqatçılar və tələbələrin bu müəssisəyə cəlb olunması, startap layihələrin həyata keçirilməsi, eləcə də kadr potensialının gücləndirilməsi işlərinə də önəm verir.

Biz ümid edir və inanırıq ki, YT Parkda elmin maliyyələşdirilməsi, qeyri-neft sektorunun inkişafı və biliklər iqtisadiyyatının formalaşdırılması istiqamətində həyata keçiriləcək kompleks və ardıcıl tədbirlər ölkəmizdə kiçik və orta elmi sahibkarlığın inkişaf etdirilməsinə və milli iqtisadiyyatda onun payının artırılmasına gətirib çıxaracaqdır.

Hazırda YT Parkının tərkibində 13 rezident fəaliyyət göstərir. Onların yerli, rəqabətədavamlı məhsulların istehsalı, xarici bazarlara çıxarılması və bu istiqamətdə perspektivləri barədə nə deyə bilərsiniz?

– YT Parkı ölkəmizdə elmin kommersiyalaşdırılması və texnologiyaların transferi, dövlətin elmi məhsullara olan tələbatının ödənilməsi, müxtəlif qurumlarla elmi müəssisələr arasında əlaqə yaradılması istiqamətində böyük potensiala malikdir. Bu qurumda rəqabətədözümlü texnoloji məhsulların hazırlanması, ölkənin intellektual potensialının cəlb olunması, xarici ölkələrdən investisiya axının həyata keçirilməsi, o cümlədən startaplara dəstək verilməsi üçün geniş imkanlar yaradılmış və bu sahədə bir sıra mühüm işlər icra olunmaqdadır. Rezidentlər elmlə istehsalat arasında birbaşa əlaqələrin yaradılmasında fəal rol oynayırlar.

Bundan əlavə, YT Parkın baş planı təsdiq olunmuşdur ki, burada ölkəmizə investisiya cəlb olunmasına xidmət edən, milli maraqlara söykənən, rəqabətədavamlı məhsulların istehsalının təşkili istiqamətində mühüm işlərin görülməsi nəzərdə tutulur.

YT Parkda sahibkarlara infrastruktur obyektlərinin istismarı üçün zəruri olan qaz, istilik, rabitə, elektrik və su təminatı ilə bağlı güzəştlər, müvafiq imtiyazlar tətbiq olunur ki, bu da onların daha səmərəli fəaliyyət göstərmələrinə, müəyyən kommunal ödəmələrdən azad olmalarına imkan yaradır.

Hazırda ölkəmizdə milli intellektual potensiala böyük təlabat yaranıb. Nəzərə alsaq ki, texnoparkların inkişafı onların rezidentlərinin sayı və inkişafı ilə müəyyən olunur, bu baxımdan YT Parkın da rezidentlərinin sayının artırılması vacib məsələlərdəndir.

Hesab edirəm ki, sahibkarlar AMEA-nın elmi-intellektual potensialından daha da səmərəli istifadə etməli, YT Parkda təqdim olunan güzəşt və imtiyazlardan məqsədyönlü şəkildə faydalanmalıdır.

Son zamanlar YT Parkın sahibkarlarla birgə səmərəli fəaliyyətinin nəticəsidir ki, daxili bazarda Azərbaycan brendinin yaradılması üçün geniş imkanlar açılıb. Bu da, ümumilikdə yaxın gələcəkdə ölkənin həm idxal, həm də ixrac potensialının yüksəldilməsinə təkan verəcəkdir. Həmçinin gələcəkdə müxtəlif yerli məhsulların ixracat qabiliyyətinin artırılmasına, yeni iş yerlərinin açılmasına, Azərbaycan bazarının xarici idxaldan asılılığının azaldılmasına gətirib çıxaracaqdır.

Onu da qeyd edim ki, YT Parkın fəaliyyətinin daha səmərəli təşkili məqsədilə elmi müəssisələr və rezidentlərlə səmərəli, çevik əlaqələrin qurulması son dərəcə zəruridir. Elm tutumlu layihələrin istehsalata tətbiqi, onların kommersiyalaşdırılması məqsədilə istehsalçılar, sahibkarlar, maliyyə donorları və alimlərin birgə fəaliyyəti önəmlidir. Əslində, Ekspertlər şurasının iclaslarında rezidentlik üçün təqdim olunan layihələrin müzakirəsi zamanı AMEA-nın elmi müəssisə və təşkilatlarının elmi potensialı diqqət mərkəzinə gətirilir, əməkdaşlıq üçün perspektivlərə xüsusi diqqət yetirilir. Çünki YT Parkı ilk növbədə yüksək texnologiyalara əsaslanan innovativ ideyaların reallaşdırılması və intellektual məhsulların istehsalı üçün yaradılmış platformadır və onun rəqabətə davamlılığı məhz intellektual potensialın bu prosesdə nə dərəcədə iştirakı ilə birbaşa bağlıdır.

Hörmətli Rasim müəllim, hazırda IV Sənaye inqilabının çağırışları, süni intellekt texnologiyalarının tətbiqi ilə dünya bazarında intellektual məhsulların çəkisi çox sürətlə artmaqdadır. Bu baxımdan ölkəmizdə elmin kommersiyalaşdırılması, yüksək texnologiyaların tətbiqi sahəsində YT Parkın perspektivlərini necə qiymətləndirirsiniz?

– Hər şeydən əvvəl onu deyim ki, dünyada və ölkəmizdə baş verən rəqəmsal transformasiyalar, virtuallaşma prosesləri kontekstində Azərbaycan elminin strateji vəzifələri müəyyənləşdirilərkən IV Sənaye inqilabının, süni intellekt texnologiyalarının təsiri ilə meydana gələn kompleks problemlər istisnasız olaraq bütün elm sahələrinin tədqiqat predmetinə çevrilməlidir.

Hər kəsə məlumdur ki, qlobal informasiya cəmiyyətinin hazırkı inkişaf səviyyəsində İKT cəmiyyətin bütün sferalarına təsir edir. Rəqəmsal transformasiya dövründə əhəmiyyətli inkişafa nail olmaq, IV Sənaye inqilabı proseslərindən geri qalmamaq üçün ölkəmizdə tətbiqi elm və biznes arasında inteqrasiyanı gücləndirməli, süni intellekt sahəsində multidissiplinar tədqiqatlar aparmalı, yüksəkixtisaslı kadrlar yetişdirməliyik.

Bütün bunları nəzərə alaraq, IV Sənaye inqilabının gətirdiyi yeniliklər, süni intellekt, Big Data texnologiyaları və Əşyaların internetinin tətbiqi şəraitində YT Parkı da öz fəaliyyətini dünya standartlarına uyğunlaşdırmalıdır.

Digər tərəfdən, Azərbaycanın iqtisadi prioritetləri və strateji maraqları nəzərə alınaraq tətbiqi tədqiqatların aparılması baxımından YT Parkı əhəmiyyətli rola malikdir. Bu qurum öz fəaliyyətində biliklər iqtisadiyyatının tələbləri, milli innovativ mühitin formalaşmasının əsas prinsiplərini rəhbər tutaraq nüvə, nano, bio və informasiya texnologiyalarının istifadəsinə diqqət ayırmalıdır.

Düşünürəm ki, bu gün Azərbaycanda prioritet istiqamətlərdə aparılan elmi tədqiqatların istehsalatda tətbiqi, rəqabətqabiliyyətli məhsulların istehsalı xaricə kapital axınının qarşısını alacaq, milli məhsulların dünya bazarına çıxarılmasına şərait yaradaraq ölkə iqtisadiyyatının inkişafına töhfələr verəcəkdir.

Bundan əlavə, hazırda torpaqlarımızın erməni işğalından azad edilməsi, dağıdılmış ərazilərdə irimiqyaslı quruculuq işlərinə başlanılması, ölkəmizdə aparılan innovativ islahatlar, biliklər iqtisadiyyatının formalaşması, smart texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrası, IV Sənaye inqilabının Azərbaycanda Regional Mərkəzinin yaradılması, dünyanın qlobal çağırışları və digər məsələlərlə bağlı Azərbaycan elminin qarşısında ciddi və taleyüklü vəzifələr dayanır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, o cümlədən, “yaşıl cəmiyyət”in formalaşdırılması, innovativ ekosistemin yaradılması, azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ölkəmizin bir sıra problemlərinin həlli məsələlərinə də sistemli yanaşma tələb edir və alimlərimizin qarşısında prioritet vəzifələr qoyur.

Heç şübhəsiz ki, qabaqcıl texnologiyalara söykənən, innovativ və elmtutumlu layihələri həyata keçirməyi nəzərdə tutan bir müəssisə kimi YT Parkın da Qarabağda aparılan yenidənqurma və bərpa işləri prosesində iştirakı vacib məsələlərdəndir.

Hər bir müəssisənin fəaliyyətinin müasir tələblər əsasında qurulması üçün onun xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin təşkili, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması vacib məsələlərdəndir. YT Parkda beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər barədə danışmağınızı xahiş edirik.

– Bu gün Azərbaycanda prioritet istiqamətlərdə aparılan tədqiqatların və innovativ layihələrin istehsalatda tətbiqi, elmin maliyyələşdirilməsi və dünya bazarına çıxış son dərəcə aktual məsələlərdir. Bu məqsədlə yüksək texnologiyalardan istifadə edilməsi, dövlət sifarişlərinin qəbulu, eləcə də xarici təcrübənin öyrənilməsi beynəlxalq əlaqələrin genişləndirilməsini zəruri edir.

Dünyanın nüfuzlu elm və texnologiya mərkəzləri ilə müvafiq istiqamətlərdə təcrübə mübadiləsinin aparılması, birgə layihə və inkişaf proqramlarının həyata keçirilməsi, o cümlədən seminar və konfransların təşkili YT Parkın qarşısında duran əsas vəzifələrdəndir.

Bu müəssisə elmi nailiyyətlərin istehsalata və ölkə iqtisadiyyatına tətbiqini sürətləndirmək üçün mütəmadi olaraq xarici həmkarları ilə görüşlər keçirir, birgə elmi-texniki proqramlar, innovativ layihələr həyata keçirir. Başqa sözlə, YT Park ölkəmizə investisiya qoymaq təşəbbüsündə olan xarici şirkətlərin innovativ layihə və texnologiyalarının tətbiqi üçün qarşılıqlı maraq əsasında transfer mərkəzi funksiyasını daşıya bilər.

Hörmətli Rasim müəllim, YT Parkın Azərbaycanın “Silikon Vadisinə” çevrilməsi, ölkəmizdə elm-təhsil-istehsalat qızıl üçbucağının formalaşmasında rolunun yüksəldilməsi üçün hansı tədbirlər görülməlidir?

– Qeyd etdiyimiz kimi, ölkə başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Elmlər Akademiyasında YT Parkın yaradılmasından artıq 5 il keçir. Ötən dövr ərzində elmi nəticələrin kommersiyalaşdırılması, elmtutumlu məhsulların istehsalı, elm-təhsil və istehsalat arasında əlaqələrin gücləndirilməsi istiqamətdə bir sıra mühüm addımlar atılmışdır. Xüsusilə də son dövrlərdə, Elmlər Akademiyasında fundamental elmlərlə yanaşı, tətbiqi tədqiqatlara, innovasiya yolu ilə yüksək elmitutumlu məhsulların istehsal edilməsi, bütövlükdə elmin iqtisadi funksiyasının gücləndirilməsi, elmi nailiyyətlərin kommersiyalaşdırılması və milli intellektual məhsulların çəkisinin artırılması kimi məsələlərə xüsusi önəm verilir.

Akademiyada həyata keçirilən kompleks islahatlara müvafiq olaraq, son illər ərzində Parkın qarşısına qoyulan vəzifələr yenidən kompleks qiymətləndirilmiş, bu sahədə beynəlxalq təcrübə nəzərə alınmaqla, Parkın fəaliyyəti dərindən təhlil olunmuş, onun fəaliyyətinə mane olan bir sıra problemlər aradan qaldırılmış, innovativ ideya və layihələrin cəlb edilməsi üçün münbit şərait yaradılmışdır. Şübhəsiz ki, bu sahədə yüksək nailiyyətlərin əldə olunması müəyyən qədər zaman tələb edir. Əlbəttə ki, məqsədimiz AMEA YT Parkı “elm-təhsil-istehsalat” münasibətləri qovşağının uğurlu bir nümunəsinə, intellektual məhsulların istehsalı, vençur kapitalın cəlb edilməsi, gənclərin startap layihələrinin həyata keçirilməsi, alimlərin, ali təhsil müəssisələrinin müəllim və tələbələrinin innovativ ideyalarının tətbiqi üzrə, sözün əsl mənasında, ölkəmizin “Silikon vadisinə” çevirməkdən ibarətdir. Park, həmçinin nəinki ölkə daxili, eyni zamanda, xarici investisiyanın cəlb edilməsi, ölkə iqtisadiyyatında intellektual məhsulların çəkisinin artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından mühüm strateji hədəflərə nail olmağı qarşısına məqsəd qoymuşdur.

Bilirsiniz ki, hər bir layihənin reallaşdırılması zamanı innovativ texnologiyalara üstünlük verilməsi və elmi tədqiqatların sənayedə tətbiqi müasir dövrün başlıca tələbidir. Böyük investisiya layihələrinin həyata keçirilməsi ilə yeni iş yerlərinin açılması, milli məhsulların dünya bazarına çıxarılması, yüksək texnologiyalar sahəsində peşəkar mütəxəssislərin yetişdirilməsi YT Parkın Azərbaycanda biliklər iqtisadiyyatının formalaşmasında aparıcı mövqe tutan lokomotivlərindən birinə çevrilməsinə gətirib çıxara bilər.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri, dissertant

science.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı