Vətəndaş elminin İndustry 4.0 həlləri əsasında inkişafında informasiya təhlükəsizliyi məsələləri araşdırılır Oktyabr 05, 2021 | 07:35 / Konfranslar, iclaslar

“Vətəndaş elminin İndustry 4.0 həlləri əsasında inkişafında informasiya təhlükəsizliyi məsələləri” mövzusuna həsr edilmiş onlayn elmi seminar keçirildi.

Məruzəni institutun əməkdaşı Nərgiz Verdiyeva təqdim edərək İndustry 4.0 kontekstində vətəndaş elmi,  vətəndaş elmi 4.0-da təhlükəsizlik problemləri, kibertəhlükəsizlik və vətəndaş elmi 4.0-ın kibermüdafiə imkanlarından bəhs etdi.

O, qeyd etdi ki, müasir sivilizasiyanın mövcud elmi-texniki səviyyəsi təkamül nəticəsində baş vermiş sənaye inqilabları ilə sıx əlaqəlidir. Hazırda biz dördüncü sənaye inqilabı adlanan və İndustry 5.0-a doğru inkişaf edən mərhələdə yaşayırıq. İndustry 4.0 kimi tanınan dördüncü sənaye inqilabına keçid radiotezlik identifikasiyası, simsiz sensor şəbəkələr, Əşyaların İnterneti, kiberfiziki sistemlər,  Big Data, bulud hesablamaları, süni intellekt kimi qabaqcıl texnologiyalar vasitəsilə mümkün olmuşdur.

Vətəndaş elmi 4.0-ın formalaşmasından bəhs edən məruzəçi onun İndustry 4.0-ın ənənəvi vətəndaş elminə proyeksiyası kimi başa düşüldüyünü diqqətə çatdırdı.

Sonra o, kibertəhlükəsizlik problemlərindən söz açdı. Vurğuladı ki, kibertəhlükəsizlik insanların və təşkilatların zərərli proqram təminatı, kibercinayətkarların hücumları, veb-saytlara ziyan vurulması və s. kimi təhdidlərdən mühafizə olunmasına yönəlmiş təhlükəsizlik tədbirləridir. Son zamanlar maliyyə cinayətlərinə, hökumətə və mühüm infrastrukturlara yönələn kiberhücumların mürəkkəbləşməsi və intensivləşməsi müşahidə olunur.

N.Verdiyeva vətəndaş elmi layihələrində demoqrafik təhlillər və fərdi məlumatların qorunması məsələlərinə də aydınlıq gətirdi. “Layihələr əsasında aparılan demoqrafik tədqiqatlar göstərir ki, layihələrin müvəffəqiyyəti iştirakçıların demoqrafik xarakteristikalarından asılıdır. Ona görə də iştirakçıların həssas qrupunun da olmasını nəzərə alaraq, fərdi məlumatların gizliliyinin qorunması ön plana çıxarılmalıdır”.

Kiberfiziki sistemlərin VE-də tətbiqi problemlərindən bəhs edən tədqiqatçı nəzərə çatdırdı ki, Vətəndaş elmi 4.0-da fiziki obyektlər və proseslərə kiberfiziki sistemlər (KFS) vasitəsilə nəzarət olunur və idarə edilir. Burada birləşdirilmiş və ya fərdi idarəetmə sistemləri istifadə oluna bilər. Sensorlardan alınan temperatur, təzyiq, sıxlıq və s. kimi verilənlərdən sistemdə nəzarət və idarəetmə məqsədilə istifadə olunur.

Daha sonra o, kibermüdafiə və onun imkanları haqqında danışdı: “Kibermüdafiə sistemin infrastrukturu və verilənlərinə edilən hücumları, təhdidləri aşkarlamaq, onların qarşısını almaq, eləcə də zəiflətməyə yönəlmiş kompüter mühafizəsi mexanizmidir. Vətəndaş elmi 4.0-da istifadə olunan İndustry 4.0 alətləri kibermüdafiə məqsədi ilə geniş tətbiq edilə bilər”.

Məruzəçi söylədi ki, dövrün ən qabaqcıl İndustry 4.0 həllərindən biri olan süni intellekt vasitəsilə kibercinayətlərin qarşısını almaq mümkündür. Lakin süni intellektdən istifadə etməklə kibercinayətkarlar boşluqları daha tez aşkarlaya bilər. Süni intellekt insanın müəyyən edə bilmədiyi boşluqları aşkar etməyə imkan verir.

Profaylinq texnologiyalarından da söhbət açan N.Verdiyeva müasir dövrdə gizli qanunauyğunluqları və cəmiyyət arasındakı əlaqələri axtarmaq üçün hər yerdə profaylinq texnologiyalarından istifadə olunduğunu bildirdi. Bu texnologiyalar fərdi verilənləri təkrar identifikasiya etməyə imkan verir ki, bu da anonimləşmə strategiyasının effektivliyini azaldır.

“Araşdırmalar göstərir ki, İndustry 4.0 həlləri müxtəlif sahələrdə geniş tətbiq olunur. Bu həllərin köməyilə gələcəkdə VE-nin təhlükəsizliyi baxımından daha böyük nailiyyətlər əldə etmək mümkündür”, - deyə o, əlavə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı