İnformasiya Texnologiyaları İnstitutunda Anım Günü qeyd olunub Sentyabr 27, 2021 | 04:36 / Konfranslar, iclaslar

27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq AMEA İnformasiya Texnologiyaları İnstitutunda toplantı keçirilib.

Toplantıda AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək sentyabrın 27-nin Azərbaycan xalqının tarixində ən önəmli günlərdən biri olduğunu söyləyib. Bildirib ki, məhz bir il öncə səhər saatlarında Ermənistan silahlı qüvvələri cəbhəboyu Azərbaycan ərazilərinə hücum etmiş, buna cavab olaraq Ali Baş Komandanın əmri ilə bütün təmas xətti boyu əks-hücum əməliyyatlarına başlanmışdır.

Alim Azərbaycan ordusunun “Hər şey vətən üçün!” şüarı ilə vahid amal uğrunda birləşərək torpaqlarımızı işğalçılardan addım-addım təmizlədiklərini, dövlətimizin ərazi bütövlüyünü təmin etdiklərini qeyd edib. “Bütün dünya azərbaycanlıları 44 gün ərzində vətən uğrunda yumruq kimi birləşdilər, dövlət başçısının çağırışlarına cavab olaraq həmrəylik nümayiş etdirdilər”, - deyən AMEA-nın vitse-prezidenti həmin günlərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını deyib.

“44 gün ərzində hər birimiz Azərbaycan ordusunun hərbi gücünə, əsgərlərimizin qəhrəmanlığına və böyük qələbəyə şahid olduğumuza görə çox xoşbəxtik”, - deyə bildirən alim bu şərəfli tarixin gələcək nəsillər tərəfindən qürurla öyrəniləcəyinə əminliyini ifadə edib.

Akademik R.Əliquliyev həm birinci, həm də ikinci Qarabağ müharibəsində yüzlərlə qəhrəman oğulların şəhidlik zirvəsinə ucaldıqlarını söyləyib: “Anım günündə həm qələbəmizə sevinir, həm də vətən uğrunda can-qanı bahasına savaşan mərd oğullarımıza, şəhidlərimizə görə kədərlənirik. Allahdan müharibədə həyatını itirənlərə rəhmət, onların ailəsinə və yaxınlarına səbr diləyirəm. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”.

Akademik II Qarabağ müharibəsindən sonra Azərbaycan dövlətinin yeni bir inkişaf mərhələsinə qədəm qoyduğunu, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin aparıldığını söyləyib. AMEA-da Qarabağın bərpası istiqamətində məqsədyönlü işlərin həyata keçirildiyini, ən müasir texnologiyaların tətbiqi ilə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının işlənildiyini diqqətə çatdıran R.Əliquliyev Qarabağın bərpası üçün başlanmış irimiqyaslı quruculuq işlərində AMEA-nn elmi müəssisələrinin bütün resursları ilə fəal iştirak etdiklərini vurğulayıb.

“Vətən uğrunda qanını tökən bütün şəhidlərimizin qarşısında baş əyirik! Eşq olsun Ali Baş Komandana! Eşq olsun qəhrəman Azərbaycan ordusuna!”, - deyən akademik bütöv və müstəqil Azərbaycan uğrunda gedən mübarizədə xalqın haqq səsini ucaltdığına görə dövlət başçısı İlham Əliyevə ölkənin elmi ictimaiyyəti adından minnətdarlığını bildirib.

Sonra toplantıda institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova çıxış edərək, ən müasir hərbi texnologiyaların tətbiq edilməsi sayəsində 44 günlük müharibədə itkilərimizin Birinci Qarabağ müharibəsindəkindən dəfələrlə az olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bütün bunlar davamlı inkişafın, ölkə başçısı tərəfindən aparılan islahatların, uğurlu daxili və xarici siyasətin nəticəsidir. Prezident cənab İlham Əliyevin qətiyyətli çıxışları, erməni revanşistlərə və onların havadarlarına layiqli cavabları hər bir Azərbaycan vətəndaşını qürurlandırır.

Sonra çıxış edən institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov 27 sentyabrın həm Anım Günü, həm də milli qürur günü olduğunu bildirib. Azərbaycanın erməni xalqı üzərində deyil, erməni faşizmi üzərində zəfər çaldığını diqqətə çatdıraraq, ordumuzun heç bir zaman mülki əhaliyə qarşı müharibə aparmadığını qeyd edib.

Onun sözlərinə görə, rəşadətli ordumuzun müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı qələbə müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın azadlıq əzminin əyani təsdiqidir. Bu Vətən müharibəsi “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazıldı.

Artıq Qarabağın hər yerində bayrağımızın yüksəldilməsindən fərəh duyuruq. Qürur dolu bu tarixi bizə yaşadan Ali Baş Komandanımıza və Müzəffər Ordumuza sonsuz minnətdarıq. Şəhidlərimiz qarşısında ehtiramla baş əyirik!

Tədbirdə çıxış edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Ağayev bildirib ki, beynəlxalq informasiya agentliklərini, digər xarici informasiya mənbələrini izlədikdə Azərbaycanın yüksək səviyyədə balanslı siyasət apardığının şahidi olduq. 44 günlük müharibə zamanı bütün dünya susdu və ordumuzun addım-addım irəliləyərək, işğal altında olan torpaqlarımızı azad etməsini seyr etdi. Çünki Azərbaycan haqq mübarizəsi apardı və tarixi ədaləti bərpa etdi.

“Öz torpaqları uğrunda qan tökməyi bacarmayan dövlətlər ya məhv, ya da qul olmağa məhkumdurlar”, – deyə bildirən B.Ağayev Azərbaycanın dövlət, ordu və xalq birliyi sayəsində zəfər çaldığını xatırladıb.

O, Azərbaycanın bir güclü dövlət kimi işğaldan azad edilmiş torpaqları ən qısa zamanda dirçəldəcəyinə, bu ərazilərə həyatı qaytaracağına əminliyini ifadə edib. Hər kəsin şəhidləri dərin hüzn və rəğbətlə andığını bildirib.

Sonra şöbə müdiri Təhmasib Fətəliyev çıxış edərək, bu günlərin Azərbaycan tarixinə ən şanlı dönəm kimi yazıldığını deyib. Qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycan ordusu vaxtilə nağıl kimi görünən həqiqətləri bərqərar etdi, işğal olunmuş ərazilərdən didərgin düşmüş əhalinin uzun illərdir davam edən həsrətinə son qoydu.

“30 ildir düşmən tapdağı altında olan torpaqlarımıza baxdıqda erməni vandalizmini, onların əsl simasını görürük. Lakin düşməni 44 gün ərzində torpaqlarımızdan qovduğumuz kimi, tarixi torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”, – deyə T.Fətəliyev bildirib. O, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı