“E-dövlətin idarə olunması modellərinin analizi” mövzusunda magistr dissertasiyası müzakirə olundu Sentyabr 23, 2021 | 03:20 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 saylı şöbənin “E-dövlətin idarə olunması modellərinin analizi” mövzusunda magistrlik dissertasiya işinin müzakirəsinə həsr olunmuş onlayn elmi seminarı keçirildi.

Məruzəni təqdim edən institutun magistrantı Fərid Alışanov elektron dövlətin İKT-dən istifadə etməklə dövlət fəaliyyətinin informasiya aspektlərini həyata keçirmək üçün nəzərdə tutulmuş üsul olduğunu diqqətə çatdırdı. İnkişaf etməkdə olan ölkələrdə elekton idarəetmə modellərindən söz açaraq, kritik axın, müqayisəli analiz, yayım, interaktiv xidmət, səfərbərlik və lobbi modelləri barədə məlumat verdi. Qeyd etdi ki, e-idarəetmənin kritik axın modeli özəl və ictimai sahələrdə fəaliyyət göstərən rəqəmsal rəhbərlikdir. Bu model insan hüquqlarının pozulması, təhlükəsizlik təhdidləri, eləcə də dövlət və özəl sektordakı korrupsiya barədə məlumatları əldə etmiş və bu informasiyalar üzərində qurulmuşdur.

Məruzəçi bildirdi ki, hökumət qanunlarının daha asan əldə edilməsi üçün onlayn platformalarda yerləşdirilməsində, vətəndaşlar üçün həyati əhəmiyyət kəsb edən əhəmiyyətli məhkəmə bəyanatları və qərarların verilməsində, hökumətin büdcə, təhlükəsizlik şərtləri və xərcləri kimi planları barədə məlumatların onlayn olaraq əldə edilməsində daha geniş yayılma modelindən istifadə olunur.

Sonra F.Alışanov interaktiv xidmət modelindən danışdı: “İnteraktiv xidmət idarəetmə sisteminə hökumətdən vətəndaşa, vətəndaşdan hökumətə modeli də deyilir. Bu model fərqli elektron idarəetmə modellərinin birləşdirilməsidir və şəxslərin rəqəmsal idarəetmə prosesində birbaşa iştirakına imkan verir. Burada İKT bütün insanları vahid məlumat şəbəkəsinə daxil etmək üçün istifadə olunur, bununla da onların içərisindəki interaktiv rabitə mühitini təmin edir”.

Səfərbərlik və lobbi modeli barədə danışan məruzəçi bildirdi ki, bu, ən geniş yayılmış elektron idarəetmə modelidir və inkişaf etməkdə olan ölkələrdə qlobal qərar qəbuletmə prosedurlarına təsir göstərməkdə vətəndaş cəmiyyəti təşkilatlarına kömək edir. Səfərbərlik modeli hərəkətləri gücləndirmək və güclü müttəfiqlər qurmaq üçün strateji, yönəldilmiş məlumat axınına əsaslanır.

Azərbaycanda e-dövlət quruculuğundan söz açan magistrant qeyd etdi ki, ölkəmizdə elekton hökumət X-Road modeli üzərində qurulub. Bununla dövlət qurumları arasında təhlükəsiz məlumat mübadiləsini təmin edən hökumət bazası yaradılıb, məlumat mərkəzinin yaradılması isə planlaşdırılır. Hazırda 91 hökumət və kommersiya təşkilatının elektron xidmətləri X-Road Azərbaycan sisteminə qoşulmuş, fiziki və hüquqi şəxslərə e-İmza və “Asan İmza” mobil elektron imza vasitəsilə əlyetərli olan 1000-dən artıq xidmət təqdim etməkdədir.

“E-demokratiya elə demokratik siyasi sistemdir ki, burada dövlət demokratik proseslərin – informasiya və kommunikasiyanın yayılması, qərarların qəbulunda məsləhətləşmə və səsvermə yolu ilə vətəndaş maraqlarının nəzərə alınması kimi vacib funksiyaları həyata keçirərkən İKT-dən istifadə edir”, – deyə F.Alışanov bildirdi.

Məruzəçinin sözlərinə görə, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə hər bir hökumət rəqəmsal idarəetmə modelinə nail olmaq üçün çalışmalıdır. E-dövlət idarəetmə modelləri, xalqın səsinin qərar qəbul etmə orqanlarında əks olunduğunu müəyyənləşdirir. Demokratik nəzarət sivil toplumlar və vətəndaşlar tərəfindən sosial, iqtisadi və rifah siyasətləri üzərində qurulur. Bu, həssas və yaxşı idarəetməni formalaşdırmaq üçün vacibdir.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, iddiaçı çoxsaylı sualları cavablandırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı