İKT sferası infrastrukturunun effektiv formalaşması və idarə olunması xüsusiyyətləri tədqiq olunur Avqust 16, 2021 | 10:18 / Konfranslar, iclaslar

İnformasiya-kommunikasiya texnologiyaları (İKT) iqtisadiyyatın mühüm tərkib hissəsidir. Beynəlxalq təcrübə göstərir ki, İKT sahəsində yaradılan hər bir yeni iş yeri iqtisadiyyatın digər sektorlarında 2-4 yeni iş yerinin yaranmasına təkan verir. İKT sektorunda innovasiyalara üç trend daxildir: məlumatların çoxluğu, onlardan istifadənin daha da asanlaşması və emal imkanlarının artması.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev rəhbərlik etdiyi şöbənin elmi seminarında çıxışı zamanı bu barədə məlumat verib.

“İKT sferası infrastrukturunun effektiv formalaşması və idarə olunması xüsusiyyətləri” adlı məruzə ilə  çıxış edən dos. Ə.Əliyev öncə mövzunun aktuallığını şərtləndirən amillər haqqında məlumat verib.

İKT sektorunun Azərbaycan iqtisadiyyatının dinamik inkişaf edən sahəsi olduğunu deyən məruzəçi ölkədə İKT-nin inkişaf etdirilməsinin bütövlükdə qeyri-neft sektorunun inkişafı üzrə ümumi daxili məhsulun 2 dəfə artırılmasına, sosial-iqtisadi fəaliyyətin yeni formalarının təşəkkül tapmasına, respublikada biliyə əsaslanan innovasiya yönümlü iqtisadiyyatın qurulmasına, biznesin irəliləməsi, yoxsulluq və işsizliyin azaldılmasına imkan verəcəyini diqqətə çatdırıb.

İKT sektorunun infrastruktur və institutsional formalaşma problemlərindən danışan şöbə müdiri, İKT əsaslı iqtisadiyyatın formalaşması və inkişafının yeni iqtisadiyyatın əsasını təşkil edəcək elektron biznes, elektron ticarət, elektron kommersiyası və rəqəm iqtisadiyyatına, cəmiyyətin siyasi əsası olan elektron seçki, elektron hökumət və elektron demokratiya texnologiyalarına əsaslandığını söyləyib.

Sonra Ə.Əliyev İKT sektorunda məhsul-xidmət buraxılışının müasir vəziyyətinin təhlilindən söz açıb: “İKT sektorunun vəziyyəti üzrə olan məlumatlara görə, İKT bazarı dünya üzrə ÜDM-nin 6,5%-ni təşkil edir. Bəzi konsaltinq şirkətlərinin proqnozlarına görə isə 2025-ci ildə onun dünya üzrə ÜDM-dəki payı 9%-ə çata bilər. Son məlumatlara görə, ABŞ-da İKT sektorunun ÜDM-dəki töhfəsi 6,4%, Yaponiyada isə 6,8% olmuşdur”.

Məruzəçi beynəlxalq təşkilatların İKT və innovasiya indeksləri barədə də məlumat verib. Qlobal rəqabətqabiliyyətlilik indeksi üzrə Azərbaycanın dünyanın 141 ölkəsi arasında 69-cu yerdə olduğunu deyib. Bildirib ki, hesabatın “Əlverişli mühit” bölməsinin “İnstitutlar” göstəricisi üzrə Azərbaycan 58-ci, İnfrastruktur göstəricisi üzrə 46-cı, İKT-nin istifadə səviyyəsi üzrə 69-cu yerdədir.

Qlobal innovasiya indeksinə görə 2020-ci ildə Azərbaycan 100 ballıq qiymətləndirmədə 27,23 qiymətlə 82-ci yerdə qərarlaşıb. 2019-cu ildə isə Azərbaycan 84-cü yerdə idi.

Sonra dos. Ə.Əliyev İKT sektoru və İKT məhsullarının ticarəti üzrə əsas göstəricilər, ev təsərrüfatları və əhalinin İKT-dən istifadə etməsi, müəssisələrdə İKT sistemləri və onlara giriş,  regionlar üzrə müəssisələrin İKT göstəricilərindən bəhs edib.

Tədqiqatın nəticələrini diqqətə çatdıran şöbə müdiri müasir dövrdə İKT sferasının IV Sənaye inqilabının çağırışlarına müvafiq olaraq dünya iqtisadiyyatının əsas sektoruna çevrildiyini qeyd edib.  Onun sözlərinə görə, Azərbaycanda qeyri-neft sektorunun inkişafında, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasının təmin edilməsində İKT sektoru xüsusi əhəmiyyətə malikdir. İKT sektorunun gəlirlərinin artımı ÜDM-nin artımına birbaşa təsir edir.

Alimin fikrincə, İKT sferasının effektiv infrastrukturunun formalaşması və idarə olunması xüsusiyyətlərinin tədqiqi,  İKT sektorunun formalaşma problemlərinin və müasir vəziyyətinin kompleks şəkildə analitik təhlili, onun perspektiv inkişaf potensialının araşdırılması, qiymətləndirilməsi, göstərici və kriteriyalarının işlənilməsi xüsusi diqqət yetirilməli olan məsələlərdir.

Seminarın sonunda İKT sferası infrastrukturunun effektiv formalaşması və idarə olunması xüsusiyyətlərinə dair müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı